14 Noyabr 2024 11:07
131
DÜNYA

Sələflərin yolu: Tramp Putinlə yeni görüşə hazırlaşırsa...- TƏHLİL

Türkiyəli analitik Engin Özərin “RİA Novosti”yə müsahibəsi hər kəsdə təəccüb hissi yaradıb. Analitik bildirib ki, ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp yaxın gələcəkdə Moskvaya səfər edə bilər: "Tramp tərəfləri atəşkəsə inandırmaq məqsədilə Rusiya və Ukraynaya səfər edə bilər. Onun planı sülh sazişini nəzərdə tutmur.Trampın planının gerçəkləşməsi üçün onun vəzifəyə başlaması lazım deyil, sadəcə tərəfləri razı salması lazımdır. Tramp atəşkəsin texniki detallarını müzakirə etmək üçün yaxın vaxtlarda Kiyev və Moskvaya səfər edə bilər. Onsuz da sülh müqaviləsi imzalanmayacağına görə hər hansı mərasimlə atəşkəs imzalamağa ehtiyac qalmaya bilər”, - o bildirib.

Əslində belə bir kritik dönəmdə TrampABŞ və Rusiya arasındakı gərginliyi yumşalda bilər-deyə politoloqlar düşünür. Çünki, müəyyən dövrlərdə ABŞ prezidentləri müxtəlif səbəblərdən Moskvada olub.

Məsələn , 1972-ci il mayın 29-da Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin (Sov.İKP MK) Baş katibi Leonid Brejnev və ABŞ Prezidenti Riçard Nikson Moskvada “SSRİ ilə ABŞ arasında münasibətlərin əsasları” adlı sənəd imzalayıblar. Sənəddə fövqəldövlətlərin liderləri rəsmən bəyan ediblər ki, nüvə əsrində dinc yanaşı yaşamaq prinsiplərinə alternativi yoxdur və hər iki ölkənin təhlükəsizlik maraqları bərabərlik prinsiplərinə əsaslanır. Sovet rəhbərliyi bu müqavilənin yaranmasına sevindi, ABŞ Prezident Administrasiyası isə buna o qədər də əhəmiyyət vermədi. Amma eyni zamanda, Üçüncü Dünya müharibəsi və nüvə zərbələri riskini azaldan strateji silahların azaldılmasına dair mühüm sazişlər imzalandı.

Daha sonra Riçard Niksonu SSRİ-nin Birinci Katibi Leonid İliç Brejnev qəbul edir. ABŞ-ın 38-ci prezidenti Cerald Ford 1974-cü ildə SSRİ-yə səfərində onu da Brejnev qarşılamışdı.
ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan isə 1988-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Sergeyeviç Qorbaçovla Moskvada görüşür. Elə ABŞ-ın 41-ci prezidenti Corc Volker Buşu da 1991-ci ildə yenə Qorbaçov qəbul edir və bu dünyanın ən böyük liderlərin Moskvada sonuncu görüşü olur. Yeri gəlmişkən, iki bir -birinə zidd olan ölkələrin başçılarının görüşləri hər zaman beynəlxalq aləmdə yüksək qiymətləndirilib. Əgər, analitik Engin Özərin proqnozu gerçək çıxsa, Trampın Moskva səfəri növbəti dəfə dünyanın başı üzərindəki "qara buludların" çəkiləcəyinə işarədir.
Qeyd edək ki, Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş ilk dəfə 2018-ci ilin iyulunda baş tutub. Görüş 2 saat 10 dəqiqə davam edib.

 Əntiqə Rəşid