adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2026 12:37
72
ƏDƏBİYYAT
A- A+

Sevginin başlanğıcı - Qardaşxan Fərzi HEKAYƏ

Zəminə xanım adət etdiyi vaxtda oyandı. Gözlərini açmağa cəhd göstərsə də, bunu bacarmadı. Elə bil hər kirpiyindən bir batmanlıq daş asılmışdı. Digər tərəfdən isə gördüyü yarımçıq yuxunun təəssüratlarından ayrılmaq istəmirdi. Ağır da olsa, təəssüf içində səhərin tez açılmasını qınadı. Ərinin ölümündən sonra ilk dəfə idi ki, sifətinə təbəssüm qonmuşdu. Sanki gördükləri yuxu deyil, həqiqət idi. Haçandan-haçana göz qapaqlarını qaldıra bildi, sağ böyrü üstə çevrildi. Divardan asılmış kəfkirli saata gözucu nəzər yetirdi. Əqrəblər saatın altıya beş dəqiqə qaldığını göstərirdi. Başını buladı. Çarpayıdan cəld qalxıb stulun üzərindəki ipək xalatı əyninə keçirdi. Tələsik oğlunun yataq otağının qapısını bir neçə dəfə taqqıldatdı.

- Qalxıram, ana, - otaqdan Muradın kal səsi eşidildi.

            Zəminə xanım yeyin addımlarla mətbəxə keçdi. Su dolu çaydanı qaz pilitəsinin üstünə qoydu. Əl-üzünü yuyub soyuducunun qapısını açdı. Ötən axşam marketdən aldığı pendir, kolbasa və kərə yağından dilimləyib stolun üzərinə düzdü. Bu vaxt Murad içəri daxil oldu.

            - Sabahınız xeyir, ana! - deyə iki-üç addım atıb, həmişəki kimi Zəminə xanımın üzündən öpdü.

            - Sabahınız xeyir, oğlum! - ana qeyri-ixtiyari  gülmsədi.

            Zəminə xanımın gülümsəməsi Muradın gözlərindən yayınmadı. Çörək diliminə bir parça yağ yaya-yaya özü də gülümsədi. Astaca dedi:

            - Ana?

            - Can ana!

            - Çox sevindim, lap dünyalar qədər.

            Zəminə xanım təəccüblə:

            - Nəyə oğlum? - soruşdu.

            - Atamın ölümündən sonra ilk dəfə olaraq ürəkdən gülümsəməyinə görə, - Murad stuldan astaca qalxıb bu dəfə anasının vaxtsız ağarmış ipək saçlarından öpdü, - elə bil dünyanı mənə bağışladın.

            Zəminə xanım kövrəldiyindən ürəyi yerindən oynadı. Göz yaşlarını gizlədə bilmədi. Handan-hana yaylığının ucu ilə yanaqlarını sildi. Dodaqları əsə-əsə:

            - Yuxunun təsirindəndir, oğlum, - dedi. - İnşallah  gördüklərim gerçəkləşsə, üzüm həmişəlik güləcək.

            Murad bir anlıq maraq dolu nəzərlərini anasının sifətində gəzdirdi. Ona elə gəldi ki, hər şey yaxşılığa doğru gedir. Anası bir gecədə xeyli dəyişib, cavanlaşıb. Tələsik soruşdu:

            - Yuxuda nə görmüsən ki?

            - Sənin elçiliyinə getmişdim, bala. Elə mehriban adamlar idilər ki, elə qapıda gülərüz qarşılandım. Hətta, hə cavabını da aldım. Heyif, çox heyif tez oyandım.

            Bu yerdə Murad özünü saxlaya bilmədi. Elə şaqqanaq çəkdi ki, az qala mətbəxin tavanı qopub başlarına töküləcəkdi. Gözləri yaşaracan güldü. Sağ qolunu anasının boynuna doladı.

            - Oynun olsun, ana, - dedi. - Sən demə, qız evində toy imiş, oğlanın bundan xəbəri yox.

            Muradın gözlənilməz qəhqəhəsini Zəminə xanım istehza kimi qəbul etdi. Bir anın içində çöhrəsindəki sevinc qığılcımları söndü. Nazik qaşları çatıldı, sanki alnındakı qırışların sayı da çoxaldı. Güclə eşidiləcək tərzdə dedi:

- Məni məsxərəyə tutmusan?

            Murad çaşıb qaldı. Bilmədi nə cavab versin. Dalğın-dalğın başını yellədi. Dərindən köks ötürüb dedi:

            - Əstəğfürullah, bu nə deməkdir, ana? Zarafat eləyirəm. Yuxudur görmüsən də, bütün anaların arzuladığı yuxudan.

            Zəminə xanım əlinin arxasını çənəsində düyünlənən göz yaşlarında gəzdirdi. Rəngi avazmış halda:

            - Yox, məni digərləri ilə eyniləşdirmək səhvdir, oğlum, - Dedi. -  Yaşın otuzu haqlayıb. Axı mən də başqaları kimi oğul toyu görmək, gəlin-nəvə sahibi olmaq istəyirəm. Bütün bunlardan sonra mənə heç yazığın gəlmir? Nəyin əskikdir ki? İkimərtəbəli evin hazır, beş-altı aydan sonra qırmızı diplomun da əlində olacaq. Sağ olsun dövlətimiz, işə də düzələcəksən.

            Murad dinmədi. Susdu. İçindəki anlaşılmaz hiss sanki birdən-birə çat verdi, bütün vücudu sızladı. Saata baxdı. Dərslərin başlanılmasına az vaxt qalırdı. Tələsik geyinib evdən çıxdı. Yolboyu Zəminə xanımın tənələri onu rahat buraxmırdı: "Yazıq arvad doğru deyir də. Haçana kimi dərd daşıyacaq. Mən isə... Orta məktəbi bitirən ili orduya çağırıldım. Sinif yoldaşlarımın çoxu ali məktəblərdə təhsil ala-ala  sevgi mesajları yazanda mən əlimdə  silah torpaqlarımızı qorudum. Qayıtdım, imtahanlara hazırlaşdım, bəxtim gətirmədi. Ömrümün dörd ilini universitetin pilləkənlərində əritdim. Amma inadımdan dönmədim. Axır ki, istəyimə nail ola bildim. Hə, bütün bunlar çox yaxşı. Bəs bu illərdə bir qızın belə gözlərinə baxmadığıma, sevib-sevilmədiyimə nə ad vermək olar?" - deyə özünü qınadı.

            ...Murad universitetin həyətində qrup yoldaşlarından kimisə gözləyirdi. Bu vaxt tələbə qızlardan biri pilləkənləri  tələsik düşərkən ayağı sürüşdü. Müvazinətini itirib büdrədi. Az qala yerə yıxılacaqdı. Nə yaxşı yıxılmadı. Murad dərhal irəli atılıb bir anın içində onun qolundan yapışdı.        

- Deyəsən ayağın burxuldu, yaxşısınız? - soruşdu.

            Qız asta-asta başını qaldırdı. İlk anda baxışlar toqquşdu. Zaman sanki bir neçə saniyəlik dayandı. Murad qarşısında heç vaxt görmədiyi bir cüt göz gördü. Və bu gözlərdə qəribə işıq vardı. Ömrünün iyirmi doqquz ilində duymadığı və anlamadığı bir işıq. Qız özünü itirmiş kimi oldu. Üzünə dağılan tellərini sağ əliylə tələsik arxaya atdı, astaca dedi:

            - Təşəkkür edirəm, hər şey qaydasındadr.

            Oğlan ətrafa qısa bir nəzər salıb gülümsədi:

            - Pilləkənlərdən belə sürətlə enmək hər qızın işi deyil. Məncə, bu sizin çox cəsarətli olmağınızdan xəbər verir

            Muradın səmimi və zarafatyana yanaşması qızın xoşuna gəldi. Çöhrəsindəki gərginlik bir andaca yox oldu,özünü xeyli rahat və sərbəst hiss etdi. Yola düzələrkən:

            - Səmimiyyətinizə görə bir daha sağ olun, - dedi. - Hə, lap unutmuşdum, adınız nə oldu?

            - Murad. Bəs sizin?

            Qız gülümsəyərək:

             - Nərmin, - dedi.

            İlk tanışlıqdan Muradın ürəyi elə döyündü ki... Titrək səslə:

            - Yola düşməyiniz tez deyilmi? - soruşdu.

            Nərmin cavab vermədi. Sakitcə universitetin həyətindən çıxdılar. Hərə bir səmtə gedəcəkdi. Ayrılmadılar, park boyunca birgə addımladılar. Hava soyuq idi. Quşbaşı qar yağırdı. Hər tərəf ağ örpəyə bürünmüşdü. Birdən Murad ayaq saxladı. Maraqlı tərzdə soruşdu:

            - Nərmin xanım, bilmək olarmı gələcəkdə kim olacaqsınız?

            Qız gözlərini ondan çəkmədən suala sualla cavab verdi:

            - Olarmı əvvəlcə siz deyəsiz?

            Murad gözlənilməz cavab qarşısında xəfifcə gülümsədi. Ona elə gəldi ki, bu,   sadəcə gənc bir qızın hazırcavablığı deyil, ömür boyu unudulmayacaq bir sevginin pıçıltısıdır.

            - Əlbəttə olar, gələcəyin hüquqşünası, - deyə Murad qızın çiynindəki qarı təmizlədi.

            - Çox gözəl. Amma...

            - Nə amma? - Murad təəccübləndi.

            Nərmin yarı ciddi, yarı zarafatla cavab verdi:

            - Ammanın birincisi məktəbin həyətindən çıxandan sonra yollarımız ayrı idi, ayrılmadıq. İkincisi, ixtisaslarımızda yaxınlıq az deyil. Məncə, soruşmadan kim  olacağımı bilməliydin.

            - Üzürlü sayın, psixoloq xanım, - Murad ucadan güldü.

            Bu yerdə Nərminin qaşları düyünləndi. Durdu. Qəribə tərzdə:

            - Cənab müstəntiq, - dedi. - Hüquqşünas insan psixologiyasını yaxşı anlayaraq cinayətin motivini tam dərk etdiyi kimi, yaxşı psixoloq da onunla üz-üzə durduğu bir oğlanın sevgi sükutunu tam dərk etməkdə heç də aciz deyil.

            - Onda razısınızmı ürəyimdən keçənlərlə? - deyə Muradın ürəyi çırpındı, sualın cavabını gözləmədən qızın əlindən tutdu.

            Nərmin bir qədər duruxdu. Ona elə gəldi ki, ruhu Muradın ruhuyla çoxdandır qovuşub. Yanaqları qızardı. Elə sevindi ki... Amma cavab verməyə tələsmədi. Gözlərini oğlanın gözlərindən ayırmadan:

             - Hava qaralır, sabah görüşənədək, - dedi. Və əlləri bir xeyli sevginin başlanğıcından od tutub yanan Muradın ovcunda qaldı...