26 Fevral 2024 13:00
1838
ƏDƏBİYYAT

Seyran Səxavət Maarif Soltana niyə zəng etmişdi?

Telefonu götürdüm Səxavət idi. Həmişəki kimi girişsiz-filansız birbaşa mətləbə keçdi: — Bütün paylaşdığın yumorlu, ironiyalı statuslarını ləzzətlə oxuyuram, —dedi. — Niyə onları toplayıb bir kitab buraxdırmırsan? Mən də kitaba qəşəng bir ön sözü yazaram.

Sonra bir neçə yumorlu deyimlərimi xatırladıb bir az da üstünə qoydu: — Səndə Mirzə Cəlil, Üzeyir bəy, Haqverdiyev sarkazmı var, hayıfdır, yığ bir yerə çap elə, itib-batmasın...

Dedim, Seyran müəllim, dediklərinizi eləmək fikrim vardı, madam ki, siz də bəyənirsiniz, hələ üstəlik, ön söz yazmaq fikriniz də var, gərək tezləşdirəm.
Bir neçə dəfə demişəm, yenə təkrar etmək istəyirəm: mən Seyran Səxavət kimi obrazlı bədii sözə sevinən ikinci bir adam tanımıram ədəbi mühitdə. Onun sevinməyi bir başqa sevinməkdir. Uşaq təzə paltarına necə sevinirsə, o sayaq sevinir. 

Mən Seyran Səxavətlə haçan tanış olub isnişdiyimizi heç xatırlamıram. Gərək ki, təqribən, 1974-75-ci illər idi, Seyran müəllimin şərqşünas kimi İranda işləyib qayıdaraq "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyi, necə deyərlər, "pijon", mənimsə əsgərlikdən yenicə gəlib metro tikintisində qazmaçı işlədiyim sütül vaxtlarımız idi.

Rəhmətlik Nüsrət Kəsəmənli "Bakı" axşam qəzetində artıq iki şeirimi çap eləmişdi və mən ürəklənib "Ədəbiyyat və incəsənət" qəzetinə də ayaq açdım. Ədəbiyyat qəzeti o zaman şəhərin mərkəzində Zevin küçəsində (Azərbaycan kinoteatrının arxasında ) yerləşirdi. Şeirlərimi çap eləməsələr də, redaksiyada artıq məni özününkü kimi qəbul etmişdilər. Bir gün Seyran müəllim məni dəhlizdə qırağa çəkib soruşdu: — Camal Yusifzadəni tanıyırsan?

—Əlbəttə, — dedim. —“Ay qonşu, bu evin yiyəsi hanı " şeirinin müəllifidir. Burda incəsənət şöbəsinin müdiridir.

— Hə, bax, həmin Camalın toyudur, nişanlısı Əntiqə xanım da bizdə makinaçı işləyir, —dedi. Filan vaxt toylarıdır Səadət sarayında, bəri başdan pul yığırıq bəzi xərclər üçün. Istəyirsən...

Sözünü ağzında kəsib: —Məmnuniyyətlə, —dedim. Və çıxarıb 50 manat verdim.

Bu, mənim Seyran Səxavətin sayəsində sərbəst şəkildə ilk toya getməyim oldu.

Seyran müəllim o vaxtlar təzə evlənmişdi. 

Vaqif Bəhmənli ilə ədəbiyyat dərnəyində tanış olub dostlaşandan sonra Seyran Səxavətin tez-tez dəyişdiyi kirayə qaldığı evlərə də getməyə başladıq. Nə gizlədim, Seyrandan daha çox yoldaşı Almaz Hacizade sevinirdi gəlişimizə.

O çağlardan biz bir yerdəyik. Son vaxtlar gediş-gəlişimiz seyrəlsə də, ürəklərimiz bir yerdədir.

Təlbə vaxtlarımda Fikrət Qoca ilə Seyran Səxavət hər Moskvaya gələndə hökmən mənə dəyər, çox vaxt bahalı mehmanxalarda yerlərini boş qoyub yanımda tələbə yataqxanasında qalardılar.

Seyran Səxavətin yoldaşını da götürüb iki körpə uşaqla Girdimanın aşıb-daşan vaxtlarında ucqar kəndimizə toyuma gəlməkləri daha geniş bir söhbətin mövzusudur. İnşallah, ona da qayıdarıq.

Bunları unutmaq olarmı?

Aşağıdakı foto İsmayıllıda 60 illik yubileyiimin bədii hissəsində çəkilib. Onda da hər zaman olduğu kimi Seyran müəllim yanımda olub.
Əlini çiynimə qoyan böyük dostumuz, böyük iqtisadçı alim, əməkdar elm xadimi, əsl ziyalı, İsmayıllının icra başçısı Mirdaməd müəllimdir. Ruhu şad, yeri behişt olsun. Hər zaman yeri görünür Mirdaməd müəllimin də...