Şəhvət səltənətin süqutu
Ruhunu cavanlıq naminə şeytana satmış canlı "Dorian
Qrey” adlandırılan "Playboy” jurnalının yaradıcısı Hyu Hefnerin erotik səltənəti
artıq diqqət çəkmədiyindən reytinq qurbanına çevrilib. 50-ci illərdən bu yana
fasiləsiz olaraq dünyanın səhnə gözəllərini yataq otağından çıxarıb üz qabığına daşıyan jurnal əvvəlki kimi geniş oxucu kütləsinin marağında deyil. Səltənəti
çökən Hefner də qocalıqda yorğalığına istirahət verərək daha qadınları tamamilə
çılpaq deyil, yarımçılpaq çəkməyə qərar verib. Jurnalın tirajını da əhəmiyyətli dərəcədə azaldıb.
Hefner etiraf edir ki, müasir texnologiyanın ən böyük
zərəri ona dəyib: "İndi azyaşlı uşaq da cürbəcür pornosaytlara girib, ürəyi istədiyi
fantaziyanı qura bilər. O ki qaldı yetkin kişi ola! Bu qədər əl altındakı vasitələrin
olduğu bir vaxtda kimdir jurnalda çılpaq qadın şəkli axtaran?.. Odur ki, məşhur
qadınlara da dünyanın pulunu sərf eləməyə ehtiyac qalmır. "Playboy”
dövranını başa vurub”.
"Dorian Qrey” erotik səltənətinə 1953-cü ildən başlayıb.
Daha doğrusu, rəsmən dərc olunub. Buna qədər Hefner hərbi xidmətdəykən zəif,
qorxaq, buyruqqulu olduğu üçün kazarmaları silib-süpürəndə əsgərlərin öz yastıqlarının
altında saxladıqları, başları üzərində divara vurduqları çılpaq qadın şəkillərini görüb belə bir
fikrə gəlir: çılpaq gözəllərin şəkilləri aylarla, hətta illərlə qadın üzünə həsrət
qalan kişilər üçün yeməkdən də vacibdir. Elə kazarmadaca şəkil ticarətinə
başlayır. Mülki dostlarından xahiş edir ki, ona davamlı olaraq çılpaq qadın şəkilləri
göndərsinlər. İnternetin olmadığı, yalnız bir kanalın mövcud olduğu, pornoqrafiyanın
yasaq dönəmində belə şəkilləri ya natura çəkən rəssamlardan, ya da gizli
fotostudiyaların özəl kolleksiyalarından əldə etmək mümkün idi. Hefnerin müxbir
dostları bu işi asanlıqla görürlər. Hər halda işin nəticəsində yaxşı pul
qazanırdılar. Ailələrindən qəpik-quruş qoparda bilən əsgərlər onlara hava-su
kimi lazım olan "kağız sevgili”lərə heyfislənmədən pul xərcləyirdilər. Beləcə, hərbi
xidmətdə həm pul, həm də ideya qazanmış Hyu tezliklə öz jurnalını yaradır.
Jurnalın ilk sayına hətta nömrə də qoymur, qorxur ki, belə dərgiyə görə onu
daşa basar, tezliklə yayımı dayandırarlar. Amma düşüncəsi qurşaqdanaşağı olanların, yasaqlara susamış zəngin oxucuların sayəsində "Playboy” dövrünün ən çox satılan, izlənilən
dərgisinə çevrilir. Jurnalın ilk üz qabığını Monro öz çılpaq şəkilləri ilə
bəzəyib. İstedadından çox gözəlliyi ilə şöhrət qazanmış Merlin Monronun şirnikləndirici
şəkilləri sayəsində jurnal 7 min tirajla satılır. Sobadan çıxmış isti kökə kimi bir anda
satılılan jurnal hər ikisinin şöhrət dünyasına bileti olur. Merilin Monro
tanınmış aktrisa olsa da həmin dövrdə zirvə uğrunda mübarizə apardığı bir neçə
gözəl aktrisalarla çarpışmalı olurdu. (Sonralar Monro bu hərəkətinə görə özünü
çox qınadı. Hefnerə lənətlər yağdırdi ki, bu şəkillər və ondan sonra gələn "çılpaq
şöhrət”i onu bədbəxt edib. Heç bir kişi – hətta ərləri də ona ciddi yanaşmayıb)
. "Playboy”dakı şəkilləri ilə Monro ABŞ-ın ən seksual gözəli adını möhürləmiş
oldu. Hefner isə ölkənin ilk leqal seks-biznesinin başına keçdi. Dünyanın ən
tanınmış gözəlləri – Elizabet Teylor, Tina Törner, Madonna, Sindi Krauford, Şeron
Stoun, Naomi Kempbell, Monika Belluçi, Pamela Anderson, Nikol Kidman, Karmen
Elektra, Demi Mur, Culiya Roberts, Uma Turman, Vaynona Rayder, Şarliz Teron,
Anjelina Coli, Skarlet Yoxanson, bir sözlə
qərbin gəlmiş-getmiş gözəlləri jurnalın üz qabığından boylanaraq anadangəlmə "geyim”ləri
ilə uzun illər nə ürək infarktlarına səbəb olublar... Yeri gəlmişkən, vaxtilə sovet gözəlləri də bu
jurnallarda boy veriblər (balerinalar Stalina Azamatova, Yelena Ryabkina,
Kseniya Ryabkina, Yelena Matveyeva, aktrisa Eva Murnietse). Amma sovet höküməti
bu faktı gizli saxlayıb. Jurnalların böyük hissəsini alaraq sadə vətəndaşlara
ötürülməsinin qarşısını alıb.

Amerikansayağı hərəmxana
"Mən heç vaxt "Playboy”u seks jurnalı hesab eləməmişəm.
Sadəcə, bu jurnal seksin ayrılmaz bir hissəni təşkil etdiyi həyat obrazıdır” –
deyən Hefnerin bu boğazdanyuxarı fikirləri müsahibə üçün desə də, seks onun və
havadarları üçün təkcə həyatın bir hissəsi deyil, bütöv bir tamına çevrildi.
Tezliklə hər kəsə bəlli oldu ki, "Playboy” gözəlləri fotoçəkilişlərdən sonra
Hefnerin məşhur villasında dünyanın ən zəngin kişilərinin müvəqqəti əyləncəsinə
çevrilir. Özünəməxsus uniformada – yarımçılpaq dovşan kimi geyinmiş qızların
çoxu hərəmxanada daimi yaşamağa başladılar. Hefner özü bu gözəllərdən 7-si ilə
yaşayırdı. Digərlərini də dişinə vursa da ,7 "həyat yoldaşı” ilə kifayətlənməli
oldu. Çünki digər gözəllərin öz sahibləri vardı. Hərəmxanada əylənən təkcə iş
adamları deyildi, onların arasında tanınmış siyasətçilər, zəngin yazıçı və rejissorlar
da olurdu. Kütləvi azğınlıqlar haqqında qəsrin divarlarından kənarda çox əfsanələr
dolaşmağa başladı. Deyilənə görə, dəfilədən, fotostudiyadan, hətta Hollivud çəkilişlərindən
çıxan gözəllər bu qəsrdə hər cür seksual təhqirlərə məruz qalırdılar. Təbii ki
könüllü şəkildə - gördükləri xidmətin müqabilində isə aldıqları maaşın 3-4
qatını qazanırdılar. Dünyanın hər millətindən olan bu gözəllərin "istifadə müddəti”
10 ildən artıq olmurdu. Yaşı 35-i keçən qızların yerini təzə fidanlar tuturdu.

Qocalmayan şeytan
Qoca görkəmində olsa da, özünü cavanlardan daha şux
aparması ilə tanınan Hefner haqqında da rəvayətlər dolaşmağa başlayır. İngilis
yazıçısı Oskar Uayldın məşhur "Dorian Qreyin portreti” əsərinin real qəhrəmanı olduğunu
deyənlər günü gündən artır. Həqiqətən də, onun favorit gözəllərinin
sonralar dediyinə görə, hər kəsdən qoruduğu iş kabinetinin divarında Dorian
Qreyin portreti və öz rəsmi asılıb. Bu portretlər arasında isə həddən artıq bənzərlik
vardı. Hefner Dorian kimi ruhunu şeytanamı satmışdı. Ya doğrudanmı əsər onun
haqqında yazılmışdı?! Onu belə cavan saxlayan nə idi?! Cavab əslində qabaqcadan
hazırdı: dünyanın həsrət çəkdiyi gözəllər, bu gözəllərə sahiblənmə kimi kişi təkəbbürü
(fikir vermisinizzsə, ən sərt, ağırtəbiət kişilər belə yanlarında gözəl qadın gəzdirəndə
burunları avtomatik olaraq yuxarı qalxır), qayğısız, zəngin həyat, nüfuzlu havadarlar... Təsadüfi deyildi ki, bu
açıq-saçıq jurnala dünyanın ən nüfuzlu adamları müsahibə verirdi. Məsələn,
Yasir Ərəfat. Adam Asiyada oturub dini şəriətdən dərs keçir, Amerikada isə lüt
qızların arasından boylanır. Güman ki ərəb ənənələrini qərbdə davam etdirən həmfikirinə
sayğılarından müsahibəyə razılıq veribmiş... Martin Lüter Kinq, Fidel Kastro,
Daniel Orteqa və digər nüfuzlu şəxslər "Playboy”dan keçən saqqallı "boy”lar
olub.
Amma, bütün səltənətlərin süqutu da qaçılmazdır. Dorian Qreyin portretinin də korlanıb yırtıldığı an gəlib çatmalı idi, çatdı da. Artıq Hyu Hefner dırmaşdığı çılpaq dağların zirvəsindən üzüaşağı yumallanaraq uçuruma deyil, birbaşa torpağın altına gedir. Maraqlıdır, onun daşıdığı (deyilənə görə gizli lentə aldığı) sirlər də torpaq altına gedəcəkmi?
Şəfiqə ŞƏFA
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

