08 Iyun 2023 09:37
1065
ƏDƏBİYYAT

Sonuncudan əvvəlki... - Pərvanə Bayramqızı yazır
 

– Kitabın çapı nə yaman ləngidi, İntiqam müəllim...

– Gecikməsi yaxşı oldu, Pərvanə, bir neçə mövzunu çıxarıb yeni mətnlər əlavə etdim.

Çapını gözlədiyi kitabı görməyə nə qədər tələssə də, vaxtın getdikcə uzanmasına pozitiv yanaşırdı. Bəlkə də, hövsələsinə təpinib dözümə döndərirdi. Səbrin özünə qalsa, üsyan edərdi: – gözləməyə vaxtmı var, səksənə doğru gedirik.

Beləcə hər dəfə telefonla danışanda, kitabxanaya gələndə körpə uşağı soruşurmuş kimi “Kitabdan nə xəbər?” deyib gözlədiyimiz günün çatdığını söyləyəcəyini umaraq diqqət kəsilirdim. Hər dəfə “Çıxacaq, çıxacaq” deyirdi. Elə bil o mənim kitabımı nəşr etdirir, gecikdirdiyindən utanıb ümid verirdi. Özünə nəsə deyib xətrinə dəymək istəmirdim, ürəyimdə qınayırdım: niyə tələsmirsiniz axı...”

Bəs mən niyə belə qəddar idim?

 İntiqam müəllim, xahiş edirəm evdən tək çıxmayın, yanınızda adam olmasa uzaq yerə getməyin.

– Yox, yox, Pərvanə narahat olma, indi yaxşıyam, oturub qəfil qalxanda bir balaca başım hərlənir, o da tez keçir, özünü qorxutma.

Yenə elə bil ağrıyan mən, maraqlanan o idi.

Narahat olmamağa söz vermədim. Allah kəssin həssas olmağı. Ürəyimə dammışdı. Bilirdim... bilirdim ki, həm yaş, həm də baş... ikisinin də çətin vaxtlarıdır. Yaşın ərköyünlüyü harda tutsa orda irəliyə bircə addım da atmaz. Baş da ki.. qış fəslində yıxılmışdı, səhhətində problem vardı. Həmin problemi yazadək gətirmişdi. Yaxşı şey hiss etmirdim. Yanılmadığımı iyulun səkkizində avtobusda Şərif Ağayarın paylaşımında “Jurnalist İntiqam Mehdizadə dünyasını dəyişib” xəbərini oxuyanda bildim. Həmin ankı vəziyyətimi ölüncə danışmayacam. Nə vaxtsa övladlarım hardasa söz düşərsə deyəcəklər: həmin gün anam evə özü də ölü vəziyyətində gəldi”. Uşaqlıqdan İntiqam babanı çox istəyən övladlarım babalarının ölümündən sonra ikinci dəfə kədərləndilər.

İntiqam müəllim dünyasını dəyişib...

İntiqam müəllim mənim dünyamı da dəyişdi... Ailəmizdəki kişi xeylaqlarından sonra doğma kimi sevdiyim ilk insan idi. Onun ölümü bir də heç kəsi çox istəməyəcəyimə söz verəcəyim qədər dəyişdi məni. İtirdiklərimin yoxluğu ilə boşluğa düşürəm. İntiqam müəllim qədər sevdiklərim hələ var. Özümü inandırmağa çalışdım ki, daha onları çox istəmirəm. Əzrayıla kələk gəlməyə çalışdım. Sevdiklərimin olduğunu bilməsin. Yoxsa əlimdən almağa gələcək. Ağlım özümə qayıdanda təzədən peşmanlıq, xəcalət hissi bürüdü məni. Bu xəbəri Şərif Ağayardanmı öyrənməli idim? On gün olardı danışa bilməmişdim. Niyə elə srağagün, dünən zəng vurmurdum görüm necədir. Yadıma düşdü... Ciddi problemlərim vardı, üç-dörd gündən bir hal-əhval tutduğum əziz insana zəng vura bilmirdim. Həssas idi. Nəsə hiss edəcəyini istəmədim. O da mənə yıxıldığını tam sağalıb ayağa durandan sonra demişdi. İndi də mən yıxılmışdım. Yıxılmaq təkcə fiziki cəhətdən olmur ki.

On günün oduna düşdüm. Onca gün zəng əlaqəsində fasilə yarananda ölüm xəbərini özgədən eşitməli oldum.

Bir ildir, şəkilləri, haqqında yazdıqlarım ilə ovunuram. Ovunurammı? Xeyr, sadəcə, başımı qatıram. Ovunanda unutmaq olur. Bir il tez ötdü? Xeyr. Hər günü bir ilə bərabər iztirablı günlər keçdi... 2003-cü ildən tanıdığım İntiqam Mehdizadə, vatsapda səsini dinləyəndə həmişə dövlət radiosunda verilişini dinlədiyimi zənn etdiyim İntiqam Mehdizadə, yazıda qüsurlarımı ilk dəfə göstərib istiqamət verən İntiqam Mehdizadə. “Adı titul olan İntiqam Mehdizadə”. Necə həvəsi vardı Azərbaycan Yazıçılar Birliyinə üzv olmağıma. Oranı elə sevirdi ki. “Bulaq” verilişi üçün mətn yazmağımı istədi, “Cürət edə bilmirəm, İntiqam müəllim, birdən sizi yarıtmaram” dedim. Əminliklə: “Yarıdacaqsan – dedi – üslubunda xalq yaradıcılığına doğmalıq hiss etmişəm”. Yazdım. Bəyəndi, hətta sevindi, dönə-dönə: – Sağ ol – dedi, –bulağın ruhunu duymusan. “Xocalını yurdun şair oğlu ağladı” ifadəsi pis təsir etmişdi ona. Dedi, Səidə Quliyeva deyir, bu qızla əlaqəni kəsməyək, yaxşı yazır.

2022-ci ilin iyun ayının 8-dən bir il ötür. Əlyazmalarına, kitablarına işlədiyi otağa baxmağa getdim. Ruhunu şad etmək istədim. Əvvəlki yazılarımdan birində yazmışdım ki, onun həyatı da səliqəlidir. Əşyaları, yazıları səliqə ilə yığılıb. Şəkilləri, özü bir tarix, aldığı müsahibələri hərəsi jurnalistika üçün bir məktəb. Bu barədə çox yazmışam. İlahi, nələri özülə apardı. Kaş hamısını dinləyib yazmaq imkanım olaydı.

Balaca Züleyxa babasının kitabını oxuyur, dinləyirəm. Qardaşına şəkli göstərib soruşuram: – bu kimdir? – İntiqam babadır – deyir. Yadıma nəvələrinin gəlişini gözlədiyi günlər düşür. “Uşağı qucağıma götürəndə ayaqlarım titrədi. Müşfiq ata oldu” demişdi.

Müşfiq bəylə atasınınn şəkillərini töküb baxırıq. Bir-bir tanış edir, uşaq vaxtı Azərbaycan radiosunun binasında hamısını gördüyünü deyir. Gəlini heyrətlə söyləyir:

– Hər gün kitab oxuyurdu, idman edirdi. Kitabı çox tez oxuyub bitirirdi.

– Çapı gecikdirilən kitabından nə xəbər?

Bu dəfə oğlundan soruşdum.

– Hələ heç nə.

Tövsiyə etdim ki, əlyazmasını götürsün, özümüz çap edək. Bu qədər gözləmək olmaz.

Sağollaşıb gəldim. Evə çatanda Gülşən xanıma çatdığımı xəbər edəndə yazdı ki, sizə şad xəbərim var.

– Kitab çap olunub?

– Hə – dedi – Müşfiq zəng etmişdi, dedilər gəlib götürə bilərsiniz.

İntiqam müəllim “Karvanın sarvanı” kitabının cildində “sonuncudan əvvəlkidir” yazıb. Ölümündən sonra çap olunan kitabı da son deyil, məncə. Yenə sonuncudan əvvəlki sayaq. Haqqında yazılanları yığsaq, fəaliyyətini araşdıran olsa, daha bir kitab da yazılacaq. Gözləyək. Çalışa-çalışa gözləyək. İntiqam Mehdizadən dəfələrlə yazmışam. Bu da sonuncu deyil. Nə vaxtsa yazacaqlarımın əvvəlincisidir.

İntiqam müəllim özü də ömrü boyu gözləməyə adət etmişdi. Toyu olası vaxtda atasının yolunu gözləyib, özü ata olanda da bəxti qürbət elə aparan qızının yolunu gözlədi, layiq olduğu fəxri adı və kitabının çapını gözlədi. Uzun illər ev növbəsi gözlədi. İndi də biz onun efir dalğalarından verilişinin vaxtını gözləyirik. Heyhat...

Rahat uyuyun, xətri, xatirəsi əziz, İntiqam Mehdizadə. Ana-bacı, qızınız kimi hörmətlə yanaşdığınız qadınlar sizinçün qardaş, ata kimi darıxırlar. Buna layiq olmağı bacarmısınız. Yeriniz görünür.