Söz haqqı olan adam - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
849 | 2024-11-05 10:08

Hardasa iki aya yaxındır ki, telefon əlaqəmiz yoxdur. Yəni baş elə qarışıb ki, bir-birimizdən xəbər tuta bilməmişik. Təbii ki, burda da ən böyük günah mənim boynuma düşür. Çünki o, yaşda məndən bir neçə bayram böyük ağsaqqaldı, həm də mətbuat dünyamızda da xüsusi sanbalı, çəkisi var. Yazıları kimi özü də ağır taxtalı, diqqət çəkəndi…

İki-üç gündür ki, köhnə kişilər demiş, qəlbim dolanır, rahatlığım, dincliyim elə bil qeybə çəkilib. Hətta yuxuya da həsrət qalmışam. Səbəbini tapa bilmədiyim (əslinə qalsa isə deyə bilmədiyim – Ə.M.) bu rahatsızlığın girovluğundan qurtarmaq üçün yerimdən qalxıb yaxınlaşdım kitab dolabına. Elə gözüyumulu əlimi uzatdım və götürdüm bu kitabı. Müəllifin adını görər-görməz dərhal kitabla birlikdə qayıtdım yazı masama. Yenə gözüyumulu açdım kitabı. Gördüyüm şəkil uzaq bir xatirəni çəkib gətirdi yaxına. Qoydu gözümün önünə. Baxdım şəklə…Baxdım şəkildəkilərə…nələr fikirləşdim, nələr üçün təəssüfləndim… deyə bilməsəm də, amma içimdəki sızıltını heç cür gizlədə bilmədim. Hətta bu şəkildə görüb dünyadan köçdükləri ilə barışa bilmədiyim yaxın adamların da adını təkrar etməyə dilim gəlmədi. Neyləmək olar, bizdən asılı olmayaraq, yazılan və yaşanan bir həyatdır. Belə gəlir, belə gedir və gedəcəkdir də…

Onunla ilk qarşılaşmamız mətbuatdan olub. Bir-birimizi yazılarımızla tanımışıq. Sonra «Ədalət» qəzetində birlikdə çiyin-çiyinə işləmək və bir-birimizin ailəsinə, oğul-uşağına bələd olmaq fürsətini verib Allah bizə. Pünhan və insanın yalnız ən içdən olan doğmasına, dostuna deyəcəyi nəsnələri onunla bölüşmüşəm, onun məsləhəti, onun xeyir-duası və bəzən də iradları, hətta kəskin mövqeyi mənim həyatımda mühüm rol oynayıb və oynayır. Onda da, indi də bu mövqe mənə özümə kənardan baxmaq imkanı verib. Bax, elə indi həmin şəklə baxdığım anda necə oldusa, onunla son telefon danışığımızdakı ərk və giley dolu səsi, sözü qulağımda səsləndi:

- Belədi də, adam yaşlaşdı, xəstəlik yaxasını tanıdı…qapanıb qalır özünə, otağına və beləcə yavaş-yavaş unudulma prosesi də öz işini görür. Telefona da zənglər az gəlir, sən də az zəng vurursan. Amma gərək belə olmaya axı. Ən azından ziyalılar, dostlar arasında mən belə halları qəbul edə bilmirəm. 10 il, 15 il, 20 il, 30 il və daha nə bilim, neçə illər bir yerdə çalışan, bir-birinin kimliyini yaxşı bilən adamların unudulması bağışlanası hal deyil...
Bəli, çox doğru irad və çox acı bir həqiqət. Mən öz payıma verirəm bu qərarı. Öz adımdan bəyan edirəm bunları. Yaxşı bilirəm ki, indi barəsində fikirlərimi bilgisayara diktə etdiyim bu qocaman, həm də peşəkar mətbuat işçisi öz iradlarında tamamilə haqlıdır. Çünki o, kollektivlə, mətbuatla nəfəs alan adamdır. Kollektivin xeyrindən, şərindən heç vaxt kənara çəkilməyən və çalışdığı mətbu orqanı sevdirən, şərəfləndirən jurnalistdir və ən vacibi o, JURNALİST olaraq həmişə öz nüfuzunu, öz imzasını, öz şəxsiyyətini hər şeydən yuxarıda tutub, üstün tutub. Ona görə də Azərbaycanın istənilən bölgəsində, mətbuatdan, jurnalistdən söz düşəndə onun adını böyük hörmət və ehtiramla çəkirlər.

Hə, qayıdıram yenə masamın üstündəki kitaba. Bu kitabın müəllifi Məzahir Əhmədoğludur. Yəqin ki, bu imzanı Azərbaycanda mətbuatla təmasda olan hər kəs tanıyır. Məzahir publisist kimi, arxa planda şair kimi heç vaxt kiməsə iddia nümayiş etdirməyib. Kiminsə qəlbinə dəymək yolunu tutmayıb, əksinə cavanlara həmişə məsləhət vermək, qayğı göstərmək onun içindən gələn ən xoş niyyət olub. Bax, bu kitabında da maraqlı bir yazı var. Mən həmin yazını ona görə xüsusi vurğulayıram ki, o yazıda söhbət həm də məndən gedir. Yazının adı belədi.

- QEYRİ-SƏLİS…ARGENTİNA

Yəqin ki, bu maraqlı başlıq sizi də düşündürdü, qeyri-səlisliklə Argentina arasında hansı bağlılığın olub-olmadığını götür-qoy etdiniz. Təbii ki, bu, oxucu üçün haqlı və maraqlı bir yanaşmadı. Və həm də az-çox idmana, yəni futbola həvəsi, sevgisi, marağı, fanatlığı olan hər kəs ipucunu tuta bildi. Lakin Argentina… qeyri-səlislik…futbol…və Əbülfət Mədətoğlu.

Məzahir Əhmədoğlu bu yazısında sadə dildə desək, «İki daşın arasında» Əbülfət Mədətoğlunun 52 yaşının tamam olduğunu oxucuya çatdırmağı unutmur. O, Maradonanı, Messini və kimlərisə həm özü üçün, həm oxucu üçün müxtəlif aspektlərdə incələyəndə birdən solaxay gediş edir. Az qala topu meydandan çıxarır və yazır ki:
 
…adam dolu şəhərdə
gəzirəm, görən olmur
bir şəhərlik adamdan –
bezirəm, görən olmur…

 

Və bu şeirin ardınca yenə yazır: «Lənət şeytana! Ağlım başımdan çıxacaq ey…» Və yenə üz tutur bədii fikrin onu çəkib apardığı ünvanlara. O ünvanlardan biri mənəm. Çünki o, «Azadlıq» qəzetində bir küncdə görür məni. O küncdə də bu misralar tutur onun yaxasından:
 
Mən küləyin
yanı üstə yıxdığı
palıd ağacı…
…süzürəm
üstümə yeriyən
əli baltalıları…

Hə, bax bu şeir parçasını da öz baxış bucağından, öz süzgəcindən keçirib üzü geri mövzusuna qayıdan Məzahir Əhmədoğlu vurğulayır ki, «Mən Əbülfət Mədətoğlunun yerinə olsam vaxtımı boş-boş şeylərə sərf etmərəm. Şeirdən başqa heç nə yazmaram. İndi vaxt qızıldan qiymətlidir. Şeir də vaxtın özündən».

Bu, Məzahir Əhmədoğlunun ürəyidir və o ürək Əbülfət Mədətoğlunu belə qiymətləndirir. Mən də öz növbəmdə Məzahir Əhmədoğlunun sözə, dosta, ədəbiyyata, çevrəyə və nəhayət verilən salama, kəsilən çörəyə, bir də mənəviyyata olan bütöv baxışını heç vaxt kölgəli, boz bulanıq görməmişəm və görmürəm. Elə ona görə də hətta ondan hansısa bir nöqtədə yüngül bir incikliyim olanda belə haqqını unutmamışam, özümü görməməzliyə vurmamışam. Çünki haqq olunan etiraf edilməlidir. Etməyi bacarmayan haqqı da unudan adamdır, yəni Allahı. Bu narahat anlarımda mənə azacıq nəfəs verən bu kitabın müəllifinə – dəyərli Həmkar, dəyərli İnsan, dəyərli Ziyalı və nəhayət uzun illərin sınanmış dostu Məzahir Əhmədoğluna can sağlığı arzuları ilə yazımı hələlik bitirirəm.
 

TƏQVİM / ARXİV