Ötən bazar günü, daha doğrusu, günün ikinci yarısında sosial şəbəkədə qarşıma bir xəbər çıxdı. Gördüm, inanmadım. Oxudum, inanmadım. Əlimi telefona atdım, güvəndiyim dostlardan birini aradım. Telefonun o biri başındakı səs gördüyümü, oxuduğumu təsdiqlədi. Çox kövrək və hüznlü bir səslə dedi:
- Çingiz də getdi...
Bəli, bu söz ildırım tək çaxdı, şimşək kimi parıldadı. Bir anın içində qayıtdım 1978-ci ilə. İlk dəfə Çingiz Əlioğlunu onda görmüşdüm. İlk dəfə onda qarşılaşmışdım. Düzünü deyəcəm, ilk qarşılaşmada çox ədalı, çox özündən məmnun təsir bağışlamışdı mənə. Hətta onunla bir az çəkinə-çəkinə söhbət etmişdim. Bu bir az təbii sayılmalıdır, çünki kənddən gəlmiş, orta məktəbi yenicə bitirmiş bir yeniyetməni ölkədə kifayət qədər tanınan və ölkənin yeganə televiziya kanalında həm də veriliş aparıcısı olan bir şəxslə üz-üzə dayanıb söhbət etməsi həm məsuliyyət idi, həm daxili bir gərginlik yaradırdı, həm də sevincin, fərəhin sıxıntısı da öz işini görürdü. Bu görüşümüzdən bir az sonra Çingiz müəllim məni o verilişə qonaq dəvət etdi. Bu, ömrümün ekrandan ilk təcəssümü idi. Onun sevincini mənə Çingiz Əlioğlu yaşatdı, o fərəh, o qürur adi zəhmət adamı olan valideynlərimə dünyanı bağışladı. Mən onların gözündə haralara qalxdım, onu ifadə edə bilmirəm...
Beləcə başladı bizim dostluğumuz. Və burda bir məqamı da əlavə edim. Həmin dövrün üç dostu var idi, onlar hər yerdə bir görünürdülər. Sanki bir evdə yaşayırmış kimi bütün tədbirlərdə, bütün görüşlərdə, bütün məclislərdə yanaşı dayanırdılar. Onlar əfsanəyə çevrilən dostlar, yəni Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu və Sabir Rüstəmxanlı idi.
Rəhmətlik Nüsrətin təşəbbüsü və Çingizin diqqəti məni də onların arasında görünməyə yaxınlaşdırdı. Nüsrət və Çingizlə daha sıx təmasım bizim ailələri də bir-birinə yaxınlaşdırdı. Yay fəslində bu iki dostumun ailələri bizim ocaqda istirahət edirdilər. Onların övladlarının ilk addımları bizim o kənd evinin həyətində, bağında, bağçasında naxışa, izə çevrilirdi. Məhz bu doğmalığa görə az qala bütün kənddə sevilən bir sakinə çevrilmişdi. Hamı səbirsizliklə yayı gözləyirdilər ki, şairlər qonaq gəlsin.
Onu da əlavə edim ki, Nüsrət də, Çingiz də sözün həqiqi mənasında özlərini bu evin, bu ailənin bir üzvü kimi aparırdılar. Bəzən olurdu ki, heç mənim xəbərim olmadan Çingiz və yaxud Nüsrət Vaqif Nəsibi, Nemət Veysəllini, Natiq Cabbarovu, Seyran Səxavəti, Hüseyn Arifi, Rəşad Məcidi, Aydın Uluxanlını, Vaqif Bəhmənlini, Mürad Köhnəqalanı, Umud Rəhimoğlunu, Mətləb Misiri... və daha kimləri özləri ilə birlikdə gətirirdilər Tuğa - bizim evə. Kənd də sevinirdi, bizim ocaq da sevinirdi. Mən isə bu dostların çevrəsində, diqqətlərində bir az da güvənli olurdum. Hətta ailə quranda məhz Nüsrət və Çingiz toy bazarlığında ən fəal iştirak edənlərdən oldular. Bu gün də yaddaşımızda o anlar xüsusi yer tutur.
Və günlərin birində Çingiz mənə növbəti kitabını bağışladı, sonra gülə-gülə dedi ki, bu kitab Moskvada da rus dilində çıxdı. Mən onu təbrik etdim. Çingiz bir az ciddi şəkildə dedi:
- Kitabın içinə baxmayacaqsan?
Mən də heç nə olmamış kimi evdə rahat oxuyacam, dedim.
- Evə gedənə kimi aç bax, gör içəridə nə yazmışam.
Təbii ki, Çingiz mənə bağışladıqları bütün kitablarında avtoqraf yazırdı. Düşündüm ki, yəqin yenə avtoqrafı yanında oxumağımı istəyir. Amma yox, təkrar kitabı məndən aldı, vərəqlədi və açıq şəkildə özümə qaytarıb dedi ki, bax. Aldım, baxdım, gördüm ki, Çingiz mənə şeir həsr edib. Bu şeir onun "Alnında ay doğan adam" kitabında çap olunub. Burda da bir sevinc vardı, ilk dəfəydi ki, mənə şeir həsr olunmuşdu...
Bəli, mən Çingiz Əlioğlunu həyatımda ən güvənli, ən etibarlı, ən saf və sözünün sahibi bir kişi kimi tanımışdım. Onunla söhbət edəndə özümdən asılı olmadan bir az da həyata, mövzuya fərqli yanaşırdım, ciddiləşirdim. Hətta bir dəfə kitabımı özünün baş redaktoru olduğu "Gənclik" nəşriyyatının tematik planına əlavə etmək üçün ərizə yazmağımı istədi. Yazdım, aldı, oxudu, sonra imzamın üstündən qırmızı qələmlə xətt çəkib özümə qaytardı. Təəccüblə üzünə baxdım, çox ciddi bir şəkildə dedi:
- Mən Əlinin oğlu Çingizəm, sən Mədətin oğlu Əbülfət. Öncə onları təsdiqləyək, onların haqqını gerçəkləşdirək. Sonra...
Sözünü yarımçıq saxladı. Burda etiraf edim ki, həmin ana kimi mənim mətbuatda çap olunan bütün yazılarımda imza "Əbülfət Xəlqi" gedirdi. Məhz Çingiz Əlioğlunun o jesti təkcə özümün yox, həm də imzamın həyatını dəyişdi...
Qaçqınçılıq illərində Çingiz Əlioğlu işinin-gücünün çoxluğuna, xarici səfərlərinin sayına baxmayaraq, arayıb-axtarır, maraqlanır, məsləhətlərini, qayğısını əsirgəmirdi. Xüsusilə şənbə günləri zəng vururdu:
- Dur gəl, gedək bazara.
Artıq bilirdim söhbət nədən gedir. Gəlirdim əyləşirdim maşına, gedirdik. Ailə üçün həftəlik bazarlıq həll ediləndən sonra otururduq Çingiz müəllimin "Nizami" kinoteatrının qarşısındakı mənzilində, özümüzə aid masanın arxasında, süfrə açılırdı. Bəzən saatlarla davam edirdi söhbətlərimiz, xatirələrimiz çözülürdü, xəyalən Tuğa gedirdik, olduğumuz yerləri birgə gəzirdik. Nüsrəti itirəndən sonra xeyli kövrək olmuşduq...
Ailəmin və dostlarımın yadında bir tarix də qalıb. Qarlı bir qış günü, yanvar ayının 1-i. Bakıda "Məxməri" deyilən bir restoran. 16 il bundan öncə. Mənim 50 yaşımı qeyd edirik. Çingiz çıxış edir, Dədə Süleyman, yəni Süleyman Abdullayev həzin-həzin oxuyur. Sonra Çingiz ondan üzr istəyib, özünəməxsus və heç vaxt unudulmayacaq səsilə oxumağa başlayır:
- Nar, nar, nargilə...
Çingizə Seyran Səxavət də qoşulur, Musa Yaqub da. Sonra Zakir Fəxri, Vaqif Bəhmənli, Umud Rəhimoğlu, Aqil Abbas...
Bəli, mən ötən bazar günü həmin ad gününün diskinə təkrar baxdım. Çingizin bağışladığı dəyərli qələmi əlimə götürdüm. İçərisində "Qardaşım Əbülfətə" sözü yazılmışdı. İlk dəfə tutdum o qələmi barmaqlarımın arasında. Elə bildim ki, Çingizin əlindən tutmuşam...
Bəli, mən həmişə dostların əlindən tutmuşam, həmişə dostlara güvənmişəm. Onların sayəsində nələrisə gəlib çatmışam. Amma dostlarım cismən dünyanı tərk edəndə məndən bir az da aparırlar özləriylə. Mən isə xatirələri saxlayıram, xatirələrlə yaşayıram. Onlarla görüşəcəyim günü səbirsizliklə gözləyə-gözləyə.
Əli oğlu Çingiz, sən indi Kəsəmənli Nüsrətin yanındasan, Natiq Cabbarovun yanındasan. Nemət Veysəllinin yanındasan. Yəqin ki, məni də səndən soruşurlar. Tuğda keçən günləri, anları yada saldınız. Mən bu yəqinliyin içində sizin yanınızdayam və sonda sənin və ordakı dostların ruhuna ehtiramla bu şeiri dilə gətirirəm:
Kədəri qapımda gözlə, deyirdin.
Qoyma hakim olsun içəridə sənə.
Gizlət göz yaşını, gizlət deyirdin.
İndi kim deyəcək bunları mənə.
Sən sözün bətnində, söz də canında,
Kübarlıq üzürdü, vallah, qanında.
Kiçik görünürdü çoxu yanında
Hamının da əli çatırdı sənə.
Yerişin, duruşun, hətta səsin də,
Yox idi dünyanın heç bir kəsində,
Allahın insanlıq mərtəbəsində,
Tək idin, yek idin, sən idin bir dənə.
Saflığın, paklığın, bir də tamlığın,
İşində, sözündə tam adamlığın
Sən idin güvənib tamamlandığım
DOSTLUQ miras qoyub getdin sən mənə!
Cənnətdəki ruhuna sayğılarla, salamlarla görüşənədək.


Bakı -°C
