Söz yarası - Pərvanə Bayramqızı yazır
Lələk şüurun həmdəmi oldu. İnsan ürəyini ona açdı, onunla bölüşdü sirrini.
Elə bilirdim, xətti gözəl olanların mənəvi dünyası da ona uyğun olur. Düşünürdüm, əsəbi adamlar mətni tələsik yazıb qurtarmağa çalışırlar, ona görə də xətləri “ilan-qurbağa” olur. Nizam-intizamlı adamlar hərfləri bir biçimdə düzür, sözlər də tərbiyəli uşaqlar kimi anaları harada qoysa, orada sakitcə durur. Tanıdığım yaxşı adamların hamısı yaxşı yazırdı. “Word” proqramında yazmağa başlayandan, şair demiş, “etibarlı-etibarsız tanınmır”.
Bu proqram adamı tənbəl öyrədir. Dəftərdə yazanda, sözün yerini dəyişəndə istəyirsən ki, sözü “vırezat” edib, aparıb lazım olan hissəyə yerləşdirəsən. “Word”də qara salanda görünmür, səhv yazanda vərəq cırmalı olmuruq, mürəkkəbin bitmir və s.
O zamanlar yazmaq kişi işi sayılıb. Dövrümüzdə bu cür “kişiləşmək” adi hal alıb, hətta formaları da çoxalıb: kişi kimi şalvar geyinmək, kişi saçı kimi gödək kəsdirmək, kişi kimi maşın sürmək və s.. Kişi kimi söz vermək də var, deyəsən, onu mənimsəmək çətindir. Bundan təkcə qadınlar “əziyyət” çəkmirlər, elə kişilər özləri də söz verib əməl edə bilmirlər. Yaxşı olar ki, bu ifadə “adam kimi söz vermək” şəklində işlənsin. Cins fərqi qoyulmadan. (Elə
bil kimsə “türklər kişi sözünü adam anlamında işlədirlər” dedi).
“Molla Nəsrəddin” jurnalının illüstrasiyalarından birində müsəlman qadın ya¬zan əcnəbi qadına baxıb təəccüblə yanındakına: “Bu qadın kişi kimi yazır”, – deyir. Elə bilirsiniz, bu təfəkkür dəyişib? “Kişi kimi” yazmağı indi də qəbul etməyənlər var. Yazmaq kişi işidir? Qadının ürəyi, ruhu, duyğusu yoxdur?
Yazmaq acan mədəyə qida ötürmək, dolub-daşan qabın başından boşaltmaq kimidir. İstər kişi, istər qadın mənəvi dünyasını dincəltmək üçün yazır. Mənəvi dünyamız da cəmiyyətin problemləri ilə yüklənib, çözüm yollarını axtarırıq. Tapdığımız çarəni kağız vasitəsilə insanlar arasında yayıb nəyəsə nail olmaqda anlaşıl¬mayan nə var?
Yazmağı qadına qüsur bilib yolunu bağlamaq nə deməkdir? Yazmaq qadına niyə yasaq edilməlidir? Yəqin ki, bu suallar çoxuna qəribə görünəcək. Heyrətlən¬məyin, indiyədək bir dəfə də reallıqdan uzaq heç nə yazmamışam. Bu da onlardan biridir.
Kişi kimi yox, özü kimi, duyduqlarını olduğu kimi yaza bilməyən qadınlar çoxdur. Hərəsi bir səbəbdən dişini dişinə sıxıb durur. Bəlkə də, nə vaxtsa daxilindəki etiraz vulkan kimi püskürəcək. Necə ki... ya da yazmıram.
Milli Mətbuat Günündə mənəvi buxovları qırıb, əzabla, sayagəlməz çətinliklər içində imzasını yalnız istedadı ilə tanıda bilən qadın yazarları ayrıca təbrik edirəm.
Zülməti yarıb işığa çıxardığınız ruhunuz var olsun!
Kişi kimi yazmayın, qadın kimi yazın! Kişiləşməyin! (Maşın sürmək, şalvar gey¬mək, saç kəsdirmək və s. nəzərdə tutmuram).
Sovet hakimiyyəti illərində nəşr edilən “Kütləvi kitabxananın işi” (1954) kitabında belə bir cümlə var: “Mətbuat – bizim partiyanın ən iti və ən qüvvətli silahıdır”. Həmin dövrdə mətbuatın imkanlarından yaxşı istifadə edilib. Sovet ideologiyasını daha geniş yaymaq üçün ucqar yerlərə də mətbuat nümunələri göndəriblər. Təəssüf ki, indi belə maraq duyulmur. Mətbuat bu gün daha çox düşmən olanların bir-birini söydürməsi üçün tribunaya çevrilib.
Dövrümüzün mətbuatı – bir notbuk, yaxud telefon. Vur qoltuğuna (götür əlinə), harada istəsən, nədən istəsən, yaz, adını informasiya qoy.
Dünyada Mətbuat Azadlığı Günü təsis edilib. Məncə, bizdə mətbuat “azaddır”. Kim nə istəyir, yazır, harada nə görsə, çəkib paylaşır. Qapalı qalan hadisələr bizlik deyil. Bizə gərək olan gündəmdir, onu da hər cür “cəlbedici” başlıqla dərc edirlər, oxuyub bilirik ki, filan rayonda altıayaq quzu doğulub, filankəs filankəsə filan söz dedi, ana dörd uşağını qoyub qaçdı və s..
“Şeir həsr etdiyi adamın ölümünü ondan gizlətdilər” – Bu ədəbiyyat saytlarından birinin mətnə seçdiyi başlıqdır.
Yazıda hamıya məlum olan mövzudan söhbət açılıb. Məşhur mahnıdan, iki insanın sevgisindən bəhs ediblər. IP-yə hesablanmış başlıq guya diqqətçəkəndir. İzləyici manşeti görən kimi düşünəcək: “Kimsə kiməsə şeir yazıb, o kimsənin kimsəsi də şeir yazanı tapıb, qətlə yetirib, onun ölümünü də şeir yazılandan gizləyiblər”. Buna görə də daxil olub yazını oxuyacaqlar, oxunma sayı da sürətlə artacaq. Məlu¬matlı olanlar sərlövhədəncə hər şeyi bilir, olmayanlar da gözucu baxanda öyrənirlər ki, bu boyda “zülm çəkmək” “Neyləyim?” şeirini (mahnısını) N.Rəfibəylinin R.Rza¬ya yazdığını bilmək üçün imiş. (Amma bir-birindən xəbərsiz dünyadan köçmək, doğrudan da, kədərlidir).
Başqa bir xəbər başlığı – “Həkimdən yayılan kütləvi virusla bağlı xəbərdarlıq”. Belə çıxır ki, virusu həkimlər yayırmış.
Yeri gəlmişkən, xaricə “ixrac olunan” “jurnalistlərin” daha səsi gəlmir, ya mən eşitmirəm?
Qeybət sayılmasaydı, deyərdim ki, filankəs filan şey edib.
Sağal, (mayan) yaralar... var – söz yarası...
Bilmirəm, əvvəl-axır nəzarət edən tapılacaqmı bu xırda-xuruş zay saytlara?
Daxil olub oxumursan, amma sən istəməsən də, qarşına çıxır: yaraladılar, öldür¬dülər, zorakılıq oldu və s..
Qan qoxusu duyulan manşetlərdən təngə gəldik.
Sevgi, xeyirxahlıq, yaxşı əməllər təbliğ edin. Onsuz da insanlar bir-birilərini sev¬mirlər, incidirlər, bu iyrənc xəbərlərlə az-çox qalan inam, ümid hisslərini də öldürməyin!
Zorakılığın əleyhinəsinizsə, sosial şəbəkələrdə maarifləndirici paylaşımlar edin. İzləyici sayına aludə olub insanların əsəblərini korlamayın! (Təəssüf ki, onlar daha çox oxunurlar).
Deyəsən, məndən jurnalist çıxmaz.
Heç nəyə xəbər gözü ilə baxmıram. Gördüklərimi danışmağa ərinirəm, yanımda olanı çatdırmağa həvəsim olmur. Müəssisədə toz-torpaqlı yeri görəndə düşündüm ki, təmir gedir. Ötüb getdim. Həmin yerdən ötən bir işçi isə araşdırıb bu barədə xeyli məlumat toplamışdı. Hətta “günahkar” da tapmışdı. Adam bir hadisəni dinclik, dincliyi də hadisə kimi qəbul edə bilər. Baxır kim nəyə necə yanaşır. Məndən yaxşı işçi də olmaz. “Rəhbər yarıdan” deyiləm. Tutaq ki, diktoram, xəbər mətni oxumalıyam, əgər yalandırsa, oxumaqdan imtina edəcəyəm, veriliş aparıramsa, şou xatirinə tituluna layiq olmayan “xalq artisti” ilə “səmimi” söhbət etməyəcəyəm, həkiməmsə, xəstəyə dərman aldırmayacağam, qan lazımdırsa, özüm verəcəyəm, müəlliməmsə, direktoru yalandan tərifləməyəcəyəm, valideynin cibinə göz dikməyəcəyəm. Nəşriyyat işçisiyəmsə, pul alıb gicbəsərlərin yazılarını çap etməyəcəyəm və s.. Belə ipə-sapa yatmayan işçi kimin nəyinə lazımdır ki, ona şərait yaratsın?
Bizdə idarə və müəssisələrdəki rəhbərlər isə özləri kimi “məsuliyyətli”, “çalışqan”, “başıaşağı” işçiləri sevirlər. Bu etirafdan sonra çətin ki, aranızda mənimlə işlə¬mək istəyən tapıla.
Narahat olmayın, işdən çıxmamışam. Xəyallardan yazmaq qadağan deyil ki?
Etirazımı mətnlərimlə çatdırıram. Çalışıram, çətinlikləri göstərib tövsiyə edim. Öz mətni haqqında yüksək fikirdə olmaq eyibdir, bilirəm. Amma “Yolsuz cəmiyyətin yolu” mətnini kim yazsaydı, oxuyub alqışlayardım. Kimin olsaydı, ürəkağrısını duyardım. Cəmiyyətin bugünkü vəziyyətinə acıyan, çıxış yolu düşünən adam¬ların olduğunu bilib bir azca toxtayardım. Bu cür mətnlərim çoxdur, izləyənlər bilirlər. Bilirlər ki, vətən mövzusu həmişə beynimdə, qələmimin ucundadır. Vətəndən, qəhrəmanlıqdan təkcə hansısa əlamətdar tarixlə bağlı boğazdan yuxarı yazmıram. İlin bütün günü ən vacib mövzulardan yazılarım olur. Ən əsas profilimi kitabxanaya çevirmişəm. Mütaliəni təbliğ edirəm. Görən, bilən var? Dəyərləndirilir? Buna görə haradansa mükafat alıram? Yox! Bu, könül işidir, bu əqidədir, bu insanın öz yoludur.
Kədərə də qəlbimdə yer var, sevincə də. Yeri gələndə də yumora keçirəm. Heç biri qeyri-səmimi deyil. Duyan duyur. On-onbeş oxucum var, onlar daim oxuyurlar. O kəslər oxuyurlar ki, özlərinin yolu var.
Yaxşı işləri qiymətləndirməyən laqeyd ziyalılardan, paxıl adamlardan heç nə gözləmirəm. Yazdıqlarımı cəmiyyəti düşünüb yazıram. Sevgim təmənnasızdır. Amma ağrı ilə yazdığım mətnləri görməzdən gələnlərin məhz bu yazını oxumaqlarını istəyirəm. Təkcə bu mətnlə kimin hansı əqidənin sahibi olduğunu təyin etmək olur.
Ötən əsrin mətbuatı böyük problemləri ilə birlikdə həm də örnəkdir. “Füyuzat”la “Molla Nəsrəddin”in qarşı-qarşıya qoyulması millətin ana dili, üslub baxımından problemi olsa da, hər iki jurnalın məqsədi maarifləndirmək olub.
Mollalıq olmasaydı, Nəsrəddin Nəsrəddin olmayacaqdı. “Molla Nəsrəddin” olmasaydı, görün kimlər olmayacaqdı?
“Əkinçi”nin sayəsində də “tarlada cütü şur ilə sürürük”. Söz tarlasını deyirəm.
Ağ çala, qara toxum...
Əlim ilə əkərəm,
Dilim ilə biçərəm.