Sözü at, yiyəsi götürsün

Bu, bir el məsəlidir və mən bu yazıda bir çox müşahidələrimə əsaslanmışam
Televiziya və radiolar, sosial şəbəkələr, keçirilən tədbirlər və s. geniş kütlə ilə daim təmasda olmağın mühüm əlaqə vasitələridir. Odur ki, bu tribunadan istifadə edənlərin peşəkarlığı, nizam-intizamı, bilik və savadı, dünyagörüşü, səriştəsi, təcrübəsi, milli-mənəvi yetkinliyi – bu şərtləri daha da artırmaq olar – çox vacibdir. Bütün bunlarla yanaşı nitq və efir mədəniyyəti, ədəbi dil normalarına, üslub qaydalarına müntəzəm əməl olunması bu sahədəki neqativlərdən xilas olmağın çıxış yollarındandır.
Bütün bu sadaladıqlarımı əsas tutaraq bu yazıda mən adi bir tamaşaçı və dinləyici olaraq narazılıq və narahatlıq doğuran bəzi məqamlara toxunmaq istəyirəm.
Canlı ifa qorxusu
Bəzi zəruri halları, istisnaları çıxmaqla fonoqram ifalarından heç xoşum gəlmir və mən bu cür ifaları sənət hesab eləmirəm. Əgər ifaçı fonoqram arxasında gizlənirsə və bunu vərdişə çevirirsə vay onun halına. El arasında buna “xaltura” deyirlər. Hətta yarızarafat-yarıciddi belə deyənlər də olur: “Fonoqramla nənəm də oxuyar. Hünəri varsa canlı oxusun”.
Bir var, hansısa bir verilişdə formata və məzmuna, həm də vəziyyətə uyğun olaraq ifaçının lent yazısına və fonoqrama qulaq asasan,bir də var ifaçı necə deyərlər, “bəh-bəh” nən efirə dəvət olunur və aparıcı da “böyük sevinclə” onun “sənətkarlığını” nəfəs dərmədən, dil boğaza qoymadan o ki var tərifləyir, “buyur-buyur”la onu oxumağa dəvət edir. Aparıcının can-dillə təqdim etdiyi bu “sənətkar” da özündən razı halda görüntü xatirinə əlinə mikrafon alıb “mahnını verin gəlsin” deyir və “göndərilən” (?!) mahnının ritminə, ahənginə uyğun olaraq başlayır ağzını açıb-yummağa. Vəssalam... Fonoqramla “ifa” olunan mahnı beləcə sona yetir.
Aparıcı əl çala-çala yenə başlayır “ifaçını” möhkəmcə tərifləməyə. Aparıcının təbrincə desək, bu oldu “gözəl ifaçı”, “gözəl səs sahibi”, hətta “parlayan ulduz”. Aparıcının dönə-dönə dediyi “sağ ol”lar əslində ifaçıya yox, ifaçının “yükünü” daşıyan fonoqrama düşür.
Elə bu yerdə deməliyəm ki, sağ olsun xanəndə Zabit Nəbizadəni, televiziya verilişlərinin birində belə bir təklif elədi, dedi: “Yaxşı olar belə şərt qoyulsun ki, efirə gələn hər bir ifaçı fonoqramsız, canlı oxusun”...
Gözəl təklif idi. Bu sözü təkcə Zabit müəllimdən yox, digər bir neçə istedadlı xanəndələrdən, müğənnilərdən də eşitmişəm. Hətta aparıcılardan da bu sözü deyən olub: “ Elə ifaçılar var ki, onları efirə dəvət edirik, amma tələbimiz canlı ifa olduğuna görə gəlmirlər, daha doğrusu, gəlməyə ürək eləmirlər”.
Aparıcının gileylənməsi məni sevindirdi, öz-özümə dedim: “Çox şükür ki, gəlmirlər.Təki, belə olsun, canlı oxuya bilməyənlər, yalnız fonoqramın ətəyindən yapışanlar efirə gəlməsələr yaxşı olar. Heç olmazsa, yorucu, bezdirici, döyənək ifalardan qulağımız bir az dincələr, efirlər də rahat nəfəs alar...”
Ümumiyyətlə, sənət meydanı səsinə, istedadına, peşəkarlığına güvənənlərin yeridir. Burada başqaları “at oynada” bilməzələr.
“ Əlləri görmürəm... əllər...əllər!..”
Bu sözləri tamaşıçılara, dinləyicilərə yalvarıb onlardan alqış istəyən bəzi ifaçıların dilindən eşidirik. Bu yerdə ustad aşıq Şakir haqqında vaxtilə xanəndə İslam Rzayevdən aldığım bir müsahibə yadıma düşdü. Həmin müsahibənin lent yazısını bu gün də əziz bir xatirə kimi saxlayıram.
İslam Rzayev deyirdi: “Mən aşıq Şakir sənətinin vurğunu olmuşam. Onun səsini, ifalarını həmişə xoşlamışam. Bir gün eşitdim ki, Filarmoniyada aşıq Şakirin iştirakı ilə konsert var. Sevinə-sevinə getdim. Zal tamam dolmuşdu. Bir dənə də boş yer yox idi. Yuxarı tərəfdə bir yer tapıb oturdum. Ayaq üstə duranlar zalın divarları boyunca yan-yana düzülüb dayanmışdılar. Şakir də Şakir idi də. Boy-buxun, yaraşıq, nurlu çöhrə... səs də ki, Allah vergisi. Qulaq asdıqca doymurdun. Bir-birindən gözəl ifalar adamı valeh edirdi. Şakiri həm ayaq üstə alqışlayır, həm də səhnədən getməyə qoymurdular. Sayırdım, onu dalbadal düz 7 dəfə səhnəyə qaytardılar. Tamaşaçıların əl çəkmədiyini görən konsertin aparıcısı səhnəyə çıxıb tamaşaçılara yalvardı ki, “Siz Allah, daha bəsdir, insafınız olsun, adamı bu qədər yormaq olmaz axı, xahiş edirəm əl çalmağı saxlayın...”
İslam Rzayevin aşıq Şakir haqqında olan bu söhbətini yada saldıqca düşünürdüm: Bax, əsl sənət, əsl sənətkar, əsl tamaşaçı sevgisi, tamaşaçı alqışı belə olar. Yoxsa ki, bəziləri kimi “Əlləri görmürəm” deyib tamaşaçıdan alqış umasan?!
Yaxşı sənət nümunələri, yaxşı ifalar, peşəkarlıqla ərsəyə gətirilən mahnılar heç vaxt diqqətdən yayınmır. Belə olanda alqışlar özü ifaçını tapır.
Televiziya verilişlərinin birində aparıcı Rəşid Behbudovdan soruşdu ki, “Siz hər hansı bir mahnının üzərində neçə gün işləyirsiniz?”
O, aparıcının bu sualına acı-acı gülümsəyib dedi: “Gün nədir, sən aylardan danış. Mən bir mahnının üzərində azı 5 – 6 ay işləyirəm. Onu tam mənimsəməsəm, oxumaram...”
Yaxşı sənətkar, yaxşı ifaçı olmaq istəyən kəslər dahi müğənninin bu və digər tövsiyələrini qulaqda sırğa etməlidirlər.
Xəbərlərin təqdimatında üslub səhvləri
Təəssüflər olsun ki, bu səhvlər artıq ənənə halına çevrilib. Belə ki, xəbər çatdırılarkən səhv olaraq əvvəlcə xəbərin mətni, sonra isə xəbər müəllifinin, yaxud xəbərin istinad edildiyi mənbənin adı deyilir. Amma əksinə olmalıdır. Yəni xəbəri verən müəllifin və ya mənbənin adı əvvəldə deyilməli və bundan sonra xəbərin mətni çatdırılmalıdır. Əks halda dinləyicidə çaşqınlıq yaranır. Dinləyici diqqətini həmin anlarda müvafiq hədəf üzərində cəmləşdirə bilmir, fikri əsas mətləbdən yayınır.
Dediklərimi şərti cümlələr əsasında çatdırsam daha aydın olar. Məsələn, təxminən belə bir xəbər verilir: “Yarışlarda komandamız yüksək nəticələr əldə etdi”. Aparıcı həmin cümləni çatdırandan sonra onun ardınca deyir: “Bu sözləri komandanın kapitanı azarkeşlərlə görüş zamanı dedi”.
Əslində həmin xəbər üslub tələblərinə uyğun olaraq belə deyilməli idi: “Komandanın kapitanı azarkeşlərlə görüş zamanı dedi: Yarışlarda komandamız yüksək nəticələr əldə etdi”.
Daha bir şərti cümlə: Aparıcı yeni bir xəbəri də üslub xətaları ilə çatdıraraq deyir:
“Obyektin tikintisini bu il başa çatdıracağıq. Bu sözləri idarənin rəisi inşaatçıların yığıncağında dedi.”
Əslində həmin xəbər belə ifadə olunmalı idi: “İdarənin rəisi inşaatçıların yığıncağında dedi: Obyektin tikintisini bu il başa çatdıracağıq”.
Təəssüf ki, bir çox rəsmi xəbərlər də səhv olaraq bu şəkildə verilir. Yuxarıda təqdim etdiyim şərti cümlə nümunələrində üslub səhvi göz qabağındadır. Nə vaxtsa və kimlər tərəfindən ilk dəfə edilmiş bu üslub xətaları sonradan “inkişaf” edərək xoşagəlməz bir ən-ənəyə çevrilib.
Efirdə və yaxud hansısa tədbirlərdə görürük ki, bəziləri danışanda cümlədə sözlərin yerini fərqinə varmadan, laqeydcəsinə dəyişdirir. Buna görə də fikir dolaşıqlığı yaranır, cümlənin mənası itir. Məsələn, şərti olaraq belə bir cümlə deyək: “İdarənin bugünkü tədbirinə xeyli adam toplaşmışdı.” Təəssüf ki, həmin xəbəri çatdıran şəxs qeyd edilən cümləni belə ifadə edərək deyir: “ Bugünkü idarənin tədbirinə xeyli adam toplaşmışdı.” Göründüyü kimi “idarənin” sözü ilə “bugünkü” sözün yerlərinin dəyişdirilməsi fikir dolaşıqlığına səbəb olub.
Təəssüf ki, danışıq zamanı şərti olaraq məsələn, “cəmiyyətdə bəzi adamlar” əvəzinə “bəzi cəmiyyətdə adamlar”, “Şərqin bir çox ölkələri” əvəzinə “bir çox Şərqin ölkələri”, “şəhərimizin o zamankı həyatı” əvəzinə “o zamankı şəhərimizin həyatı”, “sərginin bugünkü qonaqları” əvəzinə “bugünkü sərginin qonaqları” və sair bu kimi dolaşıq cümlə quranları da, hətta bəzi seriallarda danışıq zamanı “vsyo”, “uje”, “davay”, “obşim”, “papa”, “mama” və s.deyən personajları da, bəzi verilişlərdə addımbaşı şəstlə “okey” deyən aparıcıları da görürük.
Üslub və nitq mədəniyyəti baxımından təəssüf doğuran belə misalların sayı çoxdur.
Köndələn suallar
Nitq və efir mədəniyyəti, üslub və ədəbi dil normalarına, nümunəvi davranış tərzinə, ədəb-ərkanlı geyim şərtlərinə əməl edilməsi çox vacib olmaqla peşəkarlığa xüsusi diqqət yetirilməlidir. Bu cəhətdən aparıcılıq da yüksək məsuliyyət, xüsusi peşəkarlıq, bilik və savad, natiqlik bacarığı və s. tələb edən işdir.
Aparıcı həm apardığı verilişin, həm də bütövlükdə çalışdığı tele-radio kanalının simasıdır. Hər bir verilişə ilk növbədə onun aparıcısı ilə qiymət verilir. Yəni aparıcı kimdir, efirdə necə davranır, səliqə-sahmanı, geyim-kecimi, nitqi, danışığı, düşüncəsi, dünya görüşü, biliyi, savadı, bir sözlə, peşəkarlığı necədir? Aparıcı üçün bunlar mühüm şərtdir. Odur ki, bu işi öhdəsinə götürüb tamaşaçı qarşısına çıxan aparıcı hər şeyi yüz ölçüb bir biçməlidir.
Aparıcı məsələsində yaxşı nümunələr çoxdur. Biz bunu izlədiyimiz verilişlərdə görürük və belələrinə maraqla baxır və maraqla dinləyirik. Amma bununla yanaşı təəssüf ki, belə kinayəli sözləri də eşidirik, deyirlər: “Aparıcı var ki, heç özünü apara bilmir, nəinki verilişi...”
Bir neçə sənətçinin dilindən bunu da eşitmişik: “ Elə aparıcı var ki, dəvət etsə də onun verilişinə getmirik. Çünki qalmaqal yaradır, adamları üz-üzə qoyur, lazım olmayan sirli məqamları qabartmağa çalışr və sair”.
Verilişə çağırdığı qonaqlardan çox özü danışan, tez-tez müsahibinin sözünü kəsən, yerli-yersiz mövzudan kənara çıxan, köndələn sualları ilə qıcıq yaradan aparıcını da görmüşük...
...Televiziya kanallarından birində ata-ana öz uşağı ilə birlikdə bir verilişə dəvət olunmuşdular. İlk anlardan özünə məxsus atmacaları ilə sözə başlayan aparıcı bu dəfə uşağa üz tutub ondan soruşdu: “ Bu gün səhər evinizdə nə yemisən?”
Aparıcının bu qəfil və gözlənilməz sualından diksinən kimi olan uşaq nə deyəcəyini bilməyib duruxdu və utana-utana başını aşağı dikib bir müddət sükut içərisində qaldı. Aparıcı uşağın düşdüyü bu çətin haldan həzz alırmış kimi gözlərini ona zilləyib yenə soruşdu: “Hə, de görüm nə yemisən?”
Aparıcı “əmi”nin qır-saqqız olub əl çəkmədiyini görən uşağın sıxıla-sıxıla başını aşağı dikib lal-dinməz dayanmaqdan savayı çarəsi qalmadı...
Uşağın düşdüyü vəziyyəti “qəh-qəh” çəkməklə yola verən aparıcı bu dəfə də uşağa daha bir yersiz sual verib soruşdu: “De görüm, atanı çox istəyirsən, yoxsa ananı?”
Uşaq üçün bu sual o birindən də ağır idi: necə yəni “atanı, yoxsa ananı”?! Bunları fərqləndirmək olarmı? Bu fikri xəyalından keçirən uşaq çox çətin sual qarşısında qalıb udquna-udquna yenə başını aşağı salıb susdu. Və bir qədər sükutdan sonra yazıq-yazıq başını qaldırıb pərt halda gah atasının, gah da anasının üzünə baxıb lal-dinməz dayandı. Hansını desin, kimin adını çəksin?.. Axı, hər ikisini istəyirdi...
Aparıcı isə inadından dönmürdü, necə deyərlər, uşağın iki ayağını bir başmağa dirəmişdi. Uşağın pərtliyinə məhəl qoymadan hey soruşurdu: “Hə, de görüm, hansını çox istəyirsən, atanı, yoxsa ananı?”
Sualdan bezən uşaq nəhayət, özündə güc tapıb dedi: “Hər ikisini...” Bu ağıllı cavab aparıcının ürəyindən olmadı...
...Verilişlərin birində aparıcının dəvət etdiyi qonaq söhbət zamanı “ata”, “ana” əvəzinə “papa”, “mama” deyirdi. Aparıcı qonağın bu səhvinə düzəliş vermək əvəzinə özü də ona qoşulub “papa”, “mama” deyirdi...
Dad “belə deyək”lər əlindən
Əvvəllər danışıqda “deməli” sözü daha çox işlənərdi. İndi də “belə deyək” ifadəsi möhkəmcə dəbə düşüb. Elə dəbə düşüb ki, həmin o “deməli”lər “belə deyək”lərin yanında toya getməliymiş. Dediyim odur ki, indi efirlərdə və ya müxtəlif tədbirlərdə olan danışıqlar zamanı ən çox eşitdiyimiz və eşitdikcə də yorulub bezdiyimiz və yeri gəldi-gəlmədi işlədilən “belə deyək” ifadəsidir. Pis odur ki, “belə deyək” ifadəsini öz danışığında uzun-uzadı və yersiz işlədənlər arasında bir çox aparıcılar, xəbər hazırlayıb efirlərə təqdim edən bəzi əməkdaşlar, eləcə də savadlı hesab etdiyimiz bəzi tanınmış ziyalılar, müxtəlif vəzifə sahibləri də var. Siz efirlərə diqqət yetirsəniz, danışanlara diqqətlə qulaq assanız mənim bu iradlarımı açıq- aydın görəcəksiniz.
Danışığında “belə deyək” ifadəsinə daha çox aludə olan bəzi əməkdaşlar yerlərdən efirə xəbər verərkən şərti olaraq təxminən bu cür danışırlar: “Olduğumuz tədbirdə ... belə deyək, xeyli adam vardı. Gələnlərin arasında...belə deyək, qonaqlar da vardı. Onların hamısı... belə deyək, çox şən görünürdülər.”
Və yaxud yersiz və yorucu “belə deyək”lərlə dolu olan başqa bir şərti cümlə: “Bu gün...belə deyək, sərgi salonunda...belə deyək, xüsusi canlanma vardı. Bura...belə deyək,
xeyli tamaşaçı gəlmişdi. Onlar rəsmlərə...belə deyək, maraqla baxır və...belə deyək, öz təəssüratlarını bildirirdilər.”
Məsələn, hansısa bir idarənin və ya bir müəssisənin rəhbəri müsahibə verərkən, yaxud da tədbirdə çıxış edərkən təxminən belə danışır: “Biz...belə deyək, işimizi layiqincə qurmuşuq. Ona görə də...belə deyək, hamılıqla sevinirik və...belə deyək, bu uğuru davam etdirəcəyik.”
İndi hörmətli oxuculardan soruşuram: Siz deyin, şərti olaraq misal gətirdiyim həmin cümlələrdən “belə deyək” ifadəsini çıxarsaq nəsə dəyişərmi və yaxud cümlədə nəsə bir pozuntuluq yaranarmı? Deyəcəksiniz ki, əlbəttə yox. Elə isə danışıq zamanı cümlələri bədnam “belə deyək”lərlə yükləməyə nə ehtiyac var? Axı, bəzilərinin danışığında özünə möhkəm yer eləmiş həmin “belə deyək”lər cümlələri ağırlaşdırmaqdan, danışığı dartıb uzatmaqdan və beləliklə də dinləyiciləri, həmsöhbətləri yormaqdan, bezdirməkdən savayı heç nəyə yaramır.
Yerinə düşməyən ifadələr
Xəbər zamanı tez-tez istifadə olunan “baş tutdu” ifadəsi də əksər hallarda yerli- yerində, mənasına və mahiyyətinə görə işlədilmir. Məlumdur ki, həlli çox çətin və əlçatmaz olan, uzun müddət həsrətlə gözlənilən, düzələcəyinə ümid olmayan hər hansı bir iş və ya tədbir, nəhayət, düzəlibsə, bu barədə xəbər verilərkən bu halda burada “baş tutdu” ifadəsi yerinə düşür. O ki qaldı, xoş məramla, xoş niyyətlə, heç bir çətinlik-filan olmadan çox asanlıqla həyata keçirilmiş bir iş və ya tədbir barədə xəbər verilirsə burada “baş tutdu” ifadəsini işlətmək tamamilə yersizdir. Çox təəssüf ki, xəbər verilən zaman bəzi hallarda bu ciddi fərqlər nəzərə alınmır.
Dediyimə aid olan belə bir şərti misal gətirək: “Xeyli vaxt idi ki, aramsız yağışlar, güclü sel və daşqınlar çayın üzərində körpü salmağa, tikinti işləri aparmağa heç cür imkan vermirdi. Amma neçə gündən sonra daşqınlar səngidi və burada tikinti işləri nəhayət baş tutdu.” Göründüyü kimi, həmin cümlədə “baş tutdu” ifadəsi yerinə düşür.
İndi misal gətirəcəyim şərti cümlədə isə “baş tutdu” ifadəsi yersiz işlədilib: “Yeni dərs ili gəlib çatdı. Müəllim və şagirdlərin məktəbə gəlişi baş tutdu”. Və yaxud: “Həmişə olduğu kimi, bu dəfə də tamaşaçıların sərgiyə gedişi baş tutdu”.Həmin cümlələrdə “baş tutdu”ların yersiz olduğu açıq-aydın görünür.
Təəssüf ki, üslub səhvləri ilə əlaqədar bu cür nöqsanlara tez-tez rast gəlirik.
Bəzi verilişlərdə onu da görürük ki, dəvət olunmuş bir qonaq və ya müsahib söhbətin gedişində hər hansı bir sözü, bir ifadəni və yaxud hansısa bir fikri səhv deyərkən aparıcı həmin səhvi düzəltməli olduğu halda bilərəkdənmi, ya bilmədən həmin səhvin üstündən keçir. Görünür ya bilmir, ya da məhəl qoymur.
Təəssüf ki, bir çox ifadələr də öz təyinatı üzrə deyilmir. Bu baxımdan bəzi aparıcılar, verilişin qonaqları, eləcə də müxtəlif tədbirlərdə çıxış edənlər bir çox sözlərin mənasını və təyinatını bilmədiklərinə görə danışıqlarında səhvə yol verirlər. Burada “dərc” və “nəşr” sözlərini misal göstərmək olar.
Məlumdur ki, qəzetlər, kitablar nəşr, məqalələr və digər janrlı yazılar isə dərc olunur. Amma bəziləri səhv olaraq məsələn: “Filan qəzet və ya kitab dərc olunub”, “Filan
qəzetdə məqalə nəşr olunub” deməklə “dərc” və “nəşr” sözlərini qarışıq salırlar. Axı, məqalə nəşr olunmaz, dərc olunar. Yaxud kitab dərc olunmaz, nəşr olunar. Təəssüf ki, bu sözləri ayırd edə bilməyən bəzi ziyalılar da var. Təkcə bu deyil. Danışıq zamanı “azarkeş”i “azərkeş”, “riayət”i “rayət”, “rəiyət”, “mədəni”ni “məəədəni”, “nekroloq”u “nekrooloq”, “monoloq”u “monooloq”, “ayaq üstə dayanmaq”ı, “ayaq üstə durmaq”ı “ayaqda dayanmaq”, “ayaqda durmaq” və sair kimi deyənləri də görürük.
Danışıqda “qarşı” sözü də çox vaxt deyilən fikrə uyğun olaraq işlədilmir və buna görə müsbət bir fikir istər-istəməz öz-özünü inkar edir. Məsələn, şərti olaraq bu cümlələri nümunə göstərək: “Mən sənə qarşı əlimdən gələn yaxşılığı edəcəm”. “Onun mənə qarşı böyük hörməti var”. “Sənə qarşı olan yüksək diqqət azalmır”. “Qarşı” sözünün lazımsız olaraq “yapışdırıldığı” belə cümlələrin sayını xeyli artırmaq olar. Göründüyü kimi, həmin cümlələrdə “qarşı” sözünə qətiyyən ehtiyac yoxdur.
Fikrimi şərti olaraq misal gətirdiyim bu iki cümlə ilə çatdırsam daha aydın olar: “O, haqsızlığa qarşı öz səsini ucaldır”. “Onun el-obaya qarşı böyük hörməti var”. Hər iki cümlədə “qarşı” sözü işlədilib. Amma 2-ci cümlədəki “qarşı” sözü qondarma olmaqla yersizdir.
Bir çox danışıqlarda bu cür üslub səhvlərini təəssüf ki, tez-tez eşidirik.
Başqa iradlarım da var. Məsələn, necə deyərlər, hay-küylə, onun-bunun sözünü kəsə-kəsə, hər sözünün arasında kəlmə başı “aaaa”, “eeee”, “əəəə” deyərək səsini uzada-uzada danışan, beləliklə də dinləyicini bezdirən aparıcını və yaxud üzdəniraq “natiqi” necə dinləyəsən? Eləcə də ekrandan tamaşaçılara baxıb göz vurmaq halları hansı etik normalara uyğun gələ bilər?
Qulaqları dəng eləyən “sıfır-sıfır”lar
Efirlərdə hər saatın tamamını və ya anonslarda, reklam çarxlarında vaxtı bildirən rəqəmlərin yanında “sıfır-sıfır” ifadəsinin təkrar olaraq dönə-dönə işlədilməsi tamamilə yersiz olmaqla həm də çox yorucu səslənir. Qulaqları dəng eləyən bu “sıfır-sıfır”lar kimin və ya kimlərin “kəşfidir”, kimlərin “icadıdır”, efirə kimlər tərəfindən gətirilib, bilmirəm, amma onu bilirəm ki, daim yersiz işlədilən bu “sıfır-sıfır”lar dillərə, ağızlara düşmüş bir bəladır ki, hər dəfə səslənəndə adamı o ki var bezdirir.
Məsələn, təxminən belə deyirlər: “Saat 19 sıfır-sıfırda filan veriliş olacaq”. “Yarışlar saat 16 sıfır-sıfırda başlanacaq”, “Konsertin vaxtı saat 21 sıfır-sıfıra kimi uzadılıb”, “Tədbirə saat 10 sıfır-sıfırdan 15 sıfır-sıfıra kimi gəlmək olar” və sair və ilaxır. Məgər “saat19-da”, “saat 16-da”, “saat 21-ə kimi”, saat “10-dan 15-ə kimi”, yəni rəqəmləri “sıfır-sıfır” larsız demək olmazmı? Başqa sözlə desək, həmin yorucu “sıfır-sıfır”ları rəqəmlərin yanına, loru dillə desək böyürünə dürtməyə nə ehtiyac var? Bu vərdişdən yaxa qurtarmaq lazımdır.
Mən bu yazıda hələlik bəzi məqamlara toxundum. Həmin mövzuda deyiləsi sözlər isə çoxdur.
Tofiq Abdullayev,
Yazıçı-publisist AY və JB-inin üzvü
Digər Xəbərlər

SÖZÜN QƏLİBƏ YOX, QƏLBƏ KÖÇDÜYÜ POEZİYA

RƏFAİL TAĞIZADƏ: VƏTƏN ŞƏHİDLƏRİ

Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi
