adalet.az header logo
  • Bakı -°C
27 Dekabr 2025 11:48
54
ƏDƏBİYYAT
A- A+

“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”

“Sovet İttifaqı oxlokratiyanın, yəni qara camaatın ittifaqı idi deyə bütün sahələrdə bir ölçü meyarı vardı - qəhrəmanlıq! Peşəkarlıq yüksək maaş tələb edirdi və oxlokratiyanın da pulu yox idi deyə insanların yönünü qəhrəmanlıq səmtinə çevirmişdilər. İndiki Şimali Koreyada olduğu kimi. Sovet vaxtı şair də qəhrəmanlıq göstərməliydi, üzümyığan da, dərzi də. Və bu qəhrəmanlıqlar sonda ordenlərlə, medallarla mükafatlandırılırdı ki, bu da qəhrəmanlıq tarixinin ənənəsindən gəlirdi”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, bu sovet ənənəsi o vaxt bəlkə də, faydalıydı, amma bu gün zərərlidir, xüsusilə mədəniyyət sahəsində:

“Çünki mədəniyyət qəhrəmanlıq məsələsi deyil, intellekt məsələsidir. İntellektin dəyərləndirmə meyarı isə budur: ona dəstək olacaq, özünü ifadə edəcək qədər resurs qazanmaq üçün imkan tanıyacaqsan. Bitdi. Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor və s. orden-medal, fəxri ad davası edirsə, özünün gerizəkalı, savadsız, avam adam olduğunu elan etmiş olur. Bu davanın çağdaş dövrə tərcüməsi budur: Mən məşğul olduğum yaradıcılıq sahəsində peşəkarlıq yox, qəhrəmanlıq göstərmişəm. Peşəkar olmağa intellektim çatmasa da, qəhrəmanlıq göstərməyə gücüm çatıb. Hanı mənim medalım, fəxri adım? Müstəqillik aktından sonra doğulub medal, fəxri ad davası edən bütün vətəndaşlarımız savadsızdır, ortababdır, qeyri-peşəkardır. Əslində, daha ağır ifadələr yazmalıydım. Mədəniyyət fərdlərin rəqabət meydanı deyil, əsərlərin rəqabət meydanıdır. Mədəniyyət sovet vaxtı fərdlərin rəqabət meydanıydı, çünki meyar şəxsi qəhrəmanlıq idi. Bilmirəm, fikrimi ifadə edə bildimmi?”.

Vasif ƏLİHÜSEYN