15 Sentyabr 2023 09:00
1875
LAYİHƏ

SÖZÜN DÜZÜNÜ DEMƏK…

Hər bir fikir, hər bir cümlə sözdən başlayır. Çünki sözlə insan bütün düşüncələrini və fikirlərini ifadə etməyi bacarır. Başqa sözlə demiş olsaq, sözün gücü, qüdrəti və qüvvəsi hər şeydən üstündür. Tanınmış yazıçı-publisist Əli Rza Xələfli söz haqqında danışanda deyir: «Söz insan dünyasının mənəvi mənzərəsidir – gözəlliyi özünə çəkmiş mənzərəsi. Söz insanın fikir-düşüncə aləminə yoldur. Söz adlı iksirin gücünə insanların qəlbində məhəbbət ağacı bitir. Sözdən su içir həyat ağacı – tumurcuqları yarpağa, çiçəyə dönür, bar-bəhər gətirir. Söz səslə eşidilir, söz sözlərdən də oxunur – bütün hallarda körpü sözdür. Söz doğuluş olduğu kimi, həm də geriyə dönməz hərəkət, sonsuzluqdakı labüd sonluqdur. Söz bütün ağrıların ən üstün dərmanıdır. Söz türkün silahıdır; türkün sözü – qılıncın sözü!».

Bax, söz belə bir gücə, belə bir enerjiyə malikdir. O söz ki vaxtında deyilmir, vaxtında çiçəklənmir, vaxtında öz nöqtəsinə çatmır, deməli, heç o sözü deməyə dəyməz. Amma gəlin onunla razılaşaq ki, uzun müddət deyiləsi, yazılası, kimlərəsə ünvanlanası sözlər ürəyimizdə qalıb dərdə, kədərə çevrilib. Xüsusən də o söz ki mətbuatda, cəmiyyət arasında və digər kütləvi informasiya vasitələrində, lap elə kitablarda yazılmırsa, deyilmirsə və deyiləndə də o sözü deyən adamın başına oyun açırlarsa, bax, burda günah sözdə deyil, günah o cəmiyyətin özündədir. Əlbəttə, Sovet dönəmində söz, mətbuat, fikir azadlığına çox böyük qadağalar olub. Təsəvvür edin, biz universitetdə oxuduğumuz illərdə Novruz bayramı ilə bağlı səməni göyərtdiyimizə və bir yığıncaqda milli ruhda çıxış etdiyimizə görə başımıza olmazın müsibətlərin açdılar. Tələbə dostlarımızın bir neçəsini yuxarılara çağırdılar, orda onlara elə təpindilər ki, az qala sarılarını udmuşdular. Və demişdilər ki, bu dəfə sizi bağışlayırıq, ikinci dəfə belə işlərə qol qoysanız millət, xalq, cümhuriyyət desəniz universitetdən qovulacaq və hətta türmədə yatacaqsınız. Ona görə də biz tələbələr həmin dövrlərdə kütləvi tədbirlərdə də iştirak edəndə diqqətli olurduq ki, ağzımızdan Sovet hökumətinin əleyhinə bir söz çıxmasın və bizi də çək-çevirə salmasınlar.

Tək biz deyildik, sözün düzünü deyən, həqiqəti, azadlıq ideyalarını millətə çatdıran şairlərin, yazıçıların, alimlərin, publisistlərin günlərini göy əskiyə bükmüşdülər. Bir balaca haqqı, həqiqəti deyən adam o dəqiqə müxtəlif təzyiqlərə və təsirlərə məruz qalırdı. Hətta deyirdilər ki, filankəs tələbələr arasında anti-sovet təbliğat aparır. Bütün bunları biz 70-ci illərdə tələbəlik dövründə görmüşük və yaşamışıq. Görməyənlərə də xatırladırıq ki, bax, o dövrdə söz, fikir və polemika münasibətlərinə çoxları bir o qədər də ədalətlə yanaşmayıblar və hər şeydə bir qaranlıq məqam, bir qəmbərqulu axtarıblar.

Nə yaxşı ki, ölkəmiz müstəqillik qazandı və bu istiqamətdə qısa zaman kəsiyində çox böyük sağlam mühit və rahat bir şərait yaradıldı. O sağlam mühit də ondan ibarət idi ki, Azərbaycanda söz və mətbuat azadlığına, fikir plüralizminə «yaşıl işıq» yandırıldı. Düzdür, biz birdən-birə bu azadlığı və sərbəstliyi əldə edəndə «qırmızı xətti» keçməyə başladıq. Bir çox halda bəziləri elə düşünürdülər ki, demokratiya, söz, mətbuat, fikir azadlığı o deməkdir ki, adam ağzına gələni danışa bilər. Ona görə də bəzi fikirlər söz azadlığından çox təhqirə bənzəyirdi. Və bu müddətdə bir çox insanlar, xüsusilə də vəzifəli şəxslər mətbuatda təhqir olunmaları ilə bağlı məhkəmələrə müraciət etdilər və bu məhkəmə prosesləri zamanı həmin şəxslər bəraət qazandılar. Yəni məlum oldu ki, həmin vəzifəli şəxslər tənqid deyil, təhqir olunublar.

Təbii ki, illər keçdikcə həm mətbuatımız, həm də cəmiyyətimiz müəyyən təcrübə qazandı. Sağlam və milli ruhlu mətbuat Azərbaycanın müstəqilliyini, bu yolda aparılan məqsədyönlü və uğurlu siyasəti dünyaya və cəmiyyətimizə çatdırdı. Cəmiyyətdə də gördülər ki, həqiqi sözü, ədalətli fikiri insanlara çatdıran mətbuat orqanları doğrudan da fəaliyyət göstərir. Və bu mətbuat orqanlarının həm başında duran, həm də əməkdaşları birmənalı olaraq Azərbaycan xalqının bütövlüyünə, demokratik dəyərlərə yiyələnməsinə, fikir və söz azadlığına xidmət edir.

Üstəlik də Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması birmənalı olaraq Azərbaycan mətbuatının üzərindən və çiynindən ağır yükü götürmüş oldu. Çünki Ulu Öndər həm Milli Mətbuat günündə, həm də digər görüşlərində jurnalistlərə bildirmişdi ki, qəzetlərin və mətbuatın demokratik ruhda çap olunması üçün bütün köməklikləri göstərəcək və onlara dəstək verəcək. Aydındır ki, Ulu Öndər öz sözünə həmişə sadiq olub və verdiyi vədi zamanında yerinə yetirib. Ona görə də mətbuat işçiləri Ulu Öndərin qayğısını və köməyini hiss etdilər. Başqa sözlə demiş olsaq, mətbuata maddi və mənəvi dəstək gəldi. Bu dəstəyi biz jurnalistlər hər zaman, hər dəqiqə hiss etməyə başladıq.

Onu da qeyd edək ki, cəmiyyətdə gedən bu cür sağlam münasibətlər istər-istəməz yeni nəslin yetişməsində, vətənpərvərlik ruhunda böyüməsində demokratik və hüquqi yol tutmasında önəmli əhəmiyyət kəsb etdi. Artıq gənclərimiz, yeni nəsil gördü ki, Azərbaycanda söz, mətbuat və fikir azadlığına böyük önəm verilir. Sözün düzünü demək özü də cəsarət tələb edir. Çünki sözün düzü həmişə haqqın, ədalətin, demokratiyanın və təmiz vicdanın qələbəsi deməkdir. Belə bir mühitdə, belə bir şəraitdə yaşamaq, işləmək və fəaliyyət göstərmək əlbəttə, daha rahat və daha asandır. Şübhəsiz ki, Azərbaycanda çox böyük demokratik proseslər bundan sonra da uğurla davam edəcək. Sözün, mətbuatın, fikrin və düşüncənin azadlığı ölkəmizdə daha geniş vüsət alacaq. Başqa sözlə demiş olsaq, Azərbaycan siyasi, iqtisadi, hərbi sahədə böyük uğurlar əldə etdiyi kimi, söz, mətbuat və fikir azadlığına da bundan sonra da münbit şərait yaradacaqdır.

Dünyanın bu gün diqqəti Azərbaycana yönəlib. Ən azından ona görə ki, bütün inkişaf etmiş qabaqcıl ölkələr Azərbaycanla iqtisadi-siyasi və mədəni əlaqələr qurmağa çalışır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü 2020-ci il noyabrın 10-da 44 günlük İkinci Qarabağ savaşında təmin edib və ölkədə əmin-amanlınq, sabitlik və sülh yaradıb. Təbii ki, belə bir şəraitdə söz və mətbuat azadlığı da sürətlə inkişaf edəcək.

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.