“Sputnik-Armeniya”nın erməni müxbiri Qarabağda: Çəkiliş zamanı Xankəndi – Gorus yolu haqqında şok faktlar dedi...FOTO

Xəbər verdiyimiz kimi, İyul ayında Laçın dəhlizindən yan keçən Xankəndi ilə Ermənistanı birləşdirən yeni yol istifadəyə verilir. Bu yol istifadəyə veriləndən sonra, Laçın dəhlizindəki beşkilometrlik dəhlizin taleyinin necə olacağı da hələlik müzakirə mövzusudur.
Hazırda həmin yol ermənilərin diqqət dairəsindədir.
Adalet.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Xankəndini Ermənistana birləşdirən alternativ yolun tikintisi necə gedir və bu işi kim görür?- suallarına cavab tapmaq üçün adıgedən saytın çəkiliş qrupu ötən gün Qarabağa gedib və orada nə baş verdiyini anlamağa çalışıb.
Beləki, saytın köşə yazarı Nair Oxikyan Kaşatağın (Kəlbəcəri Kaşatağ, Kəlbəcərin bir hissəsini isə Şaumyan kimi göstərirlər) Azərbaycanın nəzarətində olan hissəsində olub və mümkün qədər yaxınlaşaraq Kornidzor kəndi yaxınlığında tikilən körpünü lentə alıb.
Oxikyan bildirir ki, Xankəndi ilə Ermənistanı birləşdirən yeni yol məhz Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatının altıncı bəndinə əsasən salınır:”Yol Qarabağ və Ermənistan arasında rabitəni təmin etmək üçündür. Yolu üç il müddətinə Rusiya sülhməramlıları qoruyacaq. Biz orada həm azərbaycanlı işçilərlə, həm də yerli sakinlərlə söhbət etdik. Məlum oldu ki, görülən işlərə Ermənistan tərəfi nəzarət etmir, heç bir erməni məmuru onlarla maraqlanmır. Ermənistandan və Qarabağdan olan məmurlar layihə və tikinti işlərinə qarışmırlar. Qarabağ sakinlərinə tikintinin gedişi barədə də məlumat verilmir. Qarabağ ərazisində geodeziya və layihələndirmə işləri yalnız Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, ermənilər ötən ay da iddia edirdilər ki, Uzunluğu 28 kilometr olan bu yol Laçın rayonunun 6 kəndindən keçəcək.Yeni yol üçün Həkəri çayı üzərindən körpü də salınıb. Bu körpü Ermənistanın Zəngəzur vilayətindəki Kornidzor kəndindən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə gedən yolu birləşdirəcək. Erməni mətbuatı da xüsusi qeyd edir ki, yeni yolun açılışından sonra Laçın şəhərinin tamamilə Azərbaycanın nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdırlar. Bu halda 30 ildir Laçın şəhərinin mərkəzində müvəqqəti məskunlaşmış ermənilərin oranı tərk etməsi də gerçəkləşəcək.beləliklə, Azərbaycan tərəfinin Zəngəzurun Xınzırək kəndi yaxınlığında - Gorus-Qafan yolunda tikdiyi gömrük-keçid məntəqəsindən keçən və Şuşanın Kiçik Qaladərəsi kəndinədək uzanan yeni yol haqqında ermənilərin narahatedici məlumatları bitib tükənmir.
P.S. Bütün həqiqətləri iyul ayında bilmək ümidi ilə...
Əntiqə Rəşid