20 Sentyabr 2021 13:40
3405
MƏDƏNİYYƏT

Sübhan Köçərlidən qarmonda yeni metodika - Sağ və sol əllə...

Azərbaycanda musiqi alətlərinin içində qarmonun xüsusi yerinin olduğunu və neçə-neçə ustad qarmon ifaçılarımızı hamımız tanıyırıq. Zaman keçdikcə üslublar dəyişir, bu alətə yanaşma tərzləri fərqliləşir.

Qarmona fərqli üslub gətirən Sübhan Köçərli yaratdığı yeni metodika ilə bağlı Adalet.az-a danışıb.

“Bildiyiniz kimi, qarmon Rusiyadan Azərbaycana gətiriləndən sonra ustadlarımız tərəfindən milli musiqimizə uyğun olaraq qarmon  üzərində  mühüm  təkmilləşmə  işi  aparılır ki,  elə ilk təkmilləşmə  sol  gövdədəki  səslərlə  bağlı  olur. Yəni sağ tərəfdə olduğu kimi, sol gövdədə də həmin ardıcıllıqdan və eyni səslərdən ibarət Azərbaycan qarmonu meydana gətirilir. Bildiyiniz kimi ifaçılar  həmin sol  tərəfdəki səslər vasitəsilə  dəmkeşin  funksiyasını  yerinə  yetirərək öz ifalarına dəm (züy) saxlayırlar. Ancaq zaman – zaman  isə sol  əlin  sağ  əllə  eyni  vaxtda  ifası  bəzi  böyük  sənətkarlar  tərəfindən  tədricən  inkişaf  etdirilərək   müəyyən  mənada  həyata  keçirilməyə başlayıb. O cümlədən  bu  yöndə  dərsliklərin  də  xüsusi  rolunun  olduğunu  qeyd  etməliyik. Lakin sizin diqqətinizi bir neçə mühüm məsələyə yönəltmək istəyirəm.

Belə ki, dərsliklərdə, mənbələrdə sol əldə “Baş barmaq ifaçı barmaq sayılmır. O yalnız körüyün yığılmasında iştirak edir”, “Qarmonun sol  klaviaturasının  cəmi  üç, bəzi  hallarda  dörd  barmaqla çalınır”, “Qarmonun sol tərəflə müşayiəti zamanı beşinci (çeçələ) barmaqdan istifadə etmək olmur”, “Birinci barmaqdan (baş barmaq) nadir hallarda və çox çətinliklə istifadə olunur” və sair bu kimi fikirlər yer alıb. Bu səbəbdən də təqdim olunan nümunələr də (istər bu nümunələr sol əl üçün verilmiş məşğələlər olsun istərsə də sol əl üçün verilmiş müşayiətlər olsun) qarmonun imkanları ilə müqayisədə olduqca sadə və passivdir”.

O, qeyd edir ki, digər bir məsələ isə sadə və passivliklə yanaşı sol əlin müşayiəti ya davamlı olaraq həyata keçirilməyib və keçirilmir, ya da tam həcmdə həyata keçirilməyib və keçirilmir. Həyata keçirilən müşayiətlər isə yalnız akkord vasitəsilə və yaxud da qeyd etdiyim kimi digər sadə və passiv formada həyata keçirilən müşayiətlərdir. Sol  əlin  müşayiəti  dedikdə  yalnız akkord  vasitəsiylə  müşayiət  və yaxud da hər hansısa sadə, passiv forma nəzərdə tutula bilməz. Qarmonun imkanları, ifaçının isə sol əldə barmaqlarının beşinində rahat formada istifadəsi bunu deməyə əsas verir. Qeyd olunanlara başlıca  səbəb sol əldə barmaqların beşindən də istifadə olunmaması və fərqli işləri eyni anda həyata keçirməkdə çətinlik çəkmələridir. Dərsliklərdən, təqdim etdilən ifalarından, repertuarlarından bunu aydın görmək olar.

Sübhan Köçərli tərtib etdiyi dərslik haqqında deyib: “Azərbaycan qarmon ifaçılığı və tədrisi tarixində əlamətdar hadisədir”.

“Azərbaycan qarmon ifaçılığı və tədrisi tarixində  ilk dəfə olaraq təqdim etdiyim qammaların sağ və sol əllə eyni anda ifa metodikası  sol əldə barmaqlarının beşinin də rahat formada istifadəsinə, lazım olan vəziyyətə, manevrə hazır olmasına və fərqli işləri eyni anda həyata keçirmək kimi mühüm qabiliyyətinin formalaşması səbəb olacaq. Həmin metodika  sol əlin ilk dəfə fərqli müşayiəti və ifası, yeni beynəlxalq uğurlar, beyin və barmaqların xüsusi hazırlığı, barmaqların onunun da rahat istifadəsi, yeni üslub, yanaşma, bəstə, repertuar, metodika, elmi işlər, dərslik və s. yeni qapıların açılmasına gətirib çıxardacaq. Yəni düstur olaraq göstərməli olsaq QAMMA = YENİ DÖVR.

Qeyd etdiyim kimi təqdim olunan metodika yeni dərsliklərin, məcmuələrin meydana gəlməsini qaçılmaz edir ki, bu yöndə də işlər aparılır. Onu da qeyd edim ki, həmin metodikanın tədrisinə ilk dəfə Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində başlanılıb. Qarmon müəllimi Elsevər Qafarov, şagird Ülvi Seyfullazadə. Bu isə Azərbaycan qarmon ifaçılığı və tədrisi tarixində əlamətdar hadisədir! Artıq həmin metodikanın tədrisi, paytaxtda, bölgələrimizdə, o cümlədən Respublikamızdan kənarda belə müəllimlər tərəfindən kitaba böyük marağın olması, hətta kitabın hələ işıq üzü görmədən öncə müəllimlərin maraqlanması və işıq üzü görən kimi kitabı istəmələri əlbəttə ki, bizi sevindirir.

 

Eminquey