adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 11:47
62
TEXNOLOGİYA
A- A+

Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı

“Spotify” platforması aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi çox süni intellektlə yaradılmış 50 milyondan çox musiqini tövsiyə sistemindən çıxarıb. 

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bu addımları həqiqi sənətçilərin əsərlərini ön plana çıxarmaq və keyfiyyətsiz məzmunun yayılmasını məhdudlaşdırmaq məqsədilə atıb.

Belə ki, qaydaları pozan 75 milyondan çox spam xarakterli musiqi platformadan silinib.

Platforma süni intellektlə yaradılan məzmunları müəyyənləşdirmək üçün dinləyici rəylərini, yükləmə vərdişlərini və xüsusi aşkarlama vasitələrini nəzərə alırb.

“Spotify”dən bildirilib ki, dinləyicilərin keçdiyi, dinləmədiyi və ya dinləmək istəmədiyini bildirdiyi musiqi əsərləri araşdırılıb. Nəticədə həmin məzmunların əhəmiyyətli hissəsinin aşağıkeyfiyyətli süni intellekt məhsulu və ya spam olduğu müəyyən edilib. Son altı ay ərzində tövsiyə sistemində aparılan yeniliklərlə bu cür məzmunların yayılması məhdudlaşdırılıb, həqiqi sənətçilərin əsərlərinə daha çox yer ayrılması hədəflənib. “Spotify” sənətçilərin hüquqlarını qorumaq və dinləyicilərin musiqilərin hazırlanma prosesi barədə məlumat əldə etməsini təmin etmək məqsədilə son bir ildə müxtəlif alətləri istifadəyə verib.

Bu çərçivədə aprel ayında sənətçilərə süni intellektdən hansı işlərdə və musiqi alətlərində istifadə olunduğunu açıqlamağa imkan verən “AI Credits” funksiyası istifadəyə təqdim edilib. Şirkətin məlumatına görə, sənətçilər hər gün 10 minlərlə belə məlumat göndərirlər.

Açıqlamada 300 mindən çox sənətçinin platformada təsdiqləndiyi bildirilib. Onların “Spotify”da dinləyicilərin axtardığı sənətçi adlarının 99 faizindən çoxunu təmsil etdiyi, təsdiqlənmiş sənətçilərin isə 70 faizdən çoxunun müstəqil musiqiçilər olduğu qeyd edilib.

Süni intellektlə yaradıldığı ehtimal edilən sənətçi profillərini göstərən “AI Persona” etiketləri də minlərlə profildə tətbiq olunur. Bu profillər, dinləyicilərin izlədiyi sənətçilər kimi müəyyən istisnalar xaricində, standart olaraq redaksiya və alqoritmik tövsiyələrə daxil edilmir.

“Spotify” 2024-cü ildən tətbiq etdiyi müəllif hüquqları gəliri ilə bağlı minimum həddi də xatırladıb. Müəllif hüququ gəliri əldə etmək üçün musiqinin ən azı 1000 dəfə dinlənilməsi tələbi qüvvədə qalır.