adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Aprel 2023 14:21
329
GÜNDƏM

Qubadlıda doğuldu və şəhid oldu, əsgərlərə motivasiya verdi - Şükür Həmidov haqqında

Bu gün Milli Qəhrəman, şəhid polkovnik Şükür Həmidovun doğum günüdür. 

Adalet.az Şükür Həmidov haqqında maraqlı faktları təqdim edir:

Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Atası müəllim, anası Şərqiyyə xanım evdar qadın olub. Ailədə altı bacı və üç qardaş olublar. 1993-cü il avqustun 31-də Qubadlı rayonu işğal ediləndən sonra Həmidovlar ailəsi Sumqayıta köçüblər. Orda yataqxanada yaşamağa başlayıblar. 

Şükür 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə gedib. 1990-cı ildə isə o Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Liseyi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində qəbul olub. 1995-ci ildə məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib. Ardınca Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında əlavə təhsil alıb.  

1995-ci ildən xidmətə başlayan Şükür Həmidov zabit kimi 11 il Naxçıvanda xidmət edib. Bundan sonra Füzuli, Tərtər, Bərdə, Ağcabədi, Goranboy və Horadizdə hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edib. O, 2-ci Ordu Korpusunun komandir müavini vəzifəsinə qədər yüksəlib. 

Şükür Həmidovun 2016-cı il Şanlı aprel döyüşlərində böyük xidmətləri olub. Həmin vaxt Horadiz şəhərində yerləşən N saylı hərbi hissənin komandiri olan Həmidov Cəbhənin Cəbrayıl rayonu Lələ təpə istiqamətində gedən döyüşləri idarə edib. Məhz həmin vaxt Lələ təpə və digər strateji yüksəkliklər işğaldan azad edilib. Bununla yanaşı, Seyran Ohanyan xətti də 40 dəqiqə ərzində ordumuz tərəfindən darmadağın edilib. Bu xidmətlərinə görə Şükür Həmidov ölkə başçısı İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.  Ona həmçinin vaxtından əvvəl “polkovnik” hərbi rütbəsi də təqdim olunub.

2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan zaman Şükür Həmidovun da böyük döyüşü başlayır. O, həmin vaxt 2-ci Ordu Korpusunun komandir müavini olub döyüşlərə Füzuli istiqamətindən başlayıb və bir çox kəndlər məhz onun rəhbərliyi altında işğaldan azad edilib.  Döyüşlər zamanı əsgərlərinə motivasiya verir. Deyir ki, qorxmayın, analar bizdən sonra o qədər Şükürlər doğacaq ki. Əsas odur ki, torpaqlarımızı işğaldan azad edək. 

Onun ən böyük arzusu doğulduğu Qubadlı rayonunun işğaldan azad edilməsi idi. Qubadlıda doğulan Şükür, elə Qubadlıda da şəhidlik zirvəsinə ucalır. Çox təəssüf ki, oktyabrın 22-də səhər saatlarında Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu kəndi istiqamətində ön xəttə şəhid olur. 

Onun nəşi böyük izdihamla İkinci Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra ölkə başçısı tərəfindən “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarıyla təltif edilib. 

Şəhid Milli Qəhrəman Şükür Həmidovun  Əzizə adlı qızı və Nurlan adlı oğlu bizlərə əmanət qalıb.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn