Texniki baxışdan yayınmayın
Avtomobillərin vaxtında texniki baxışdan keçirilməyi hərəkətin təhlükəsizliyi baxımdan önəmli əhəmiyyət kəsb edir.
Bu mənada hər bir nəqliyyat vasitəsi qanunun tələb etdiyi formada texniki müayinədən keçirilməsi çox zəruridir. Təəssüf ki, bəzi sürücülər qanuna əməl etmir, bu məsələyə barmaqarası yanaşırlar. Amma bilmirlər ki, texniki nasazlıq üzündən qəzalar qaçılmaz olur , ölümlə nəticələnən hadisələr baş verir. Üstəlik də mövcud qanunu pozduğuna görə, sürücülər 50 manat məbləğində cərimə olunurlar.
Bununla yanaşı, texniki nasazlıq üzündən yolda xarab olaraq qalan avtomobil digər nəqliyyat vasitələri üçün qəza vəziyyəti törədir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli deyir ki, avtomobillərin texniki cəhətdən saz olması həmişə sürucülərin diqqət mərkəzində olmalıdir. Biz həmişə sürücülər arasında maarifləndirmə işləri aparırıq ki, onlar nəqliyyat vasitələrini vaxtında texniki baxışdan keçirsin. Ancaq buna əməl eləməyənlər var. Ona görə də hər bir sürücü vaxtında avtomobilini texniki baxışdan keçirsin. Deməli, bu işin vaxtında icra edilməsi hər bir hərəkət iştirakçısını mövcud təhlükədən xilas edir!
Emil Faiqoğlu