10 Dekabr 2023 23:13
2901
ELM VƏ TƏHSİL

Heydər Əliyevin müqəddəs missiyasını tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib

Dekabrın 12-də Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Artıq 20-ci ildir ki, xalqımız Ulu Öndərimizin anım gününü qeyd edir, onun əziz xatirəsi dərin ehtiramla yad olunur.

Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin ərəfədə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Dahi lider az qala siyasi xəritədən silinəcək  ölkəmizi siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkə imici qazandırdı.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Ulu öndər Fəxri Xiyabanda dəfn olunub.
Bu il anım günü tarixi dövrə təsadüf edir.  Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri olan torpaqlarımızın, Qarabağın işğaldan azad edilməsi həyata keçib. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazanılıb. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirilib. Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanmaq üçün atəşkəs sazişinə nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə geri alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş olub. Bu zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olub. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin zəfərlə başa çatması istqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Bu da 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmiz ilə nəticələndi. 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində separatçıların tamamilə tərk-silah edilməsi və Xankəndidə, Xocalıda Azərbaycan bayrağının ucaldılması ilə torpaqlarımız tamamilə düşmən işğalından azad olundu və bununla da Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirmiş oldu.

Ümummilli lider Heydər Əliyevi təkcə Azərbaycanı deyil, dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun müqəddəs missiyasını tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.

Aynurə Rüstəmova,

Məktəb Lisey Kompleksinin ingilis dili müəllimi