adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Mart 2024 09:00
4895
LAYİHƏ

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının qarşısını heç kəs ala bilməz

Dünyanın bu gün elə bir yeri yoxdur ki, hansısa bir ölkə inkişaf edib, yüksək mərhələyə çatmağı öz qarşısına mühüm vəzifə kimi qoymasın. Çünki ən azından hər bir ölkə istəyir ki, ən müasir iqtisadi modellərdən istifadə etsin və dünya iqtisadiyyatına inteqrasiya olunsun. Əlbəttə, bu məsələlər bir o qədər də asan iş deyil. Ən azından ona görə ki, zəngin iqtisadiyyatı olmaq üçün təbii sərvətlərə də sahib çıxmalısan.

Bu mənada Azərbaycan tam məsuliyyətlə deyə bilərik ki, dünyada öz zəngin sərvəti, yerüstü və yeraltı faydalı qazıntıları ilə, eləcə də digər sərvətləri ilə dünyada yaxşı tanınır.İlk növbədə ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya olunması üçün çox böyük iqtisadi əlaqələr qurulmalı idi. Heç şübhəsiz ki, Azərbaycan müstəqillik yolunu qədəm qoyandan sonra bu çıxış yolunu tapdı və özünün müstəqil iqtisadi xəttini müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra iqtisadi cəhətdən Azərbaycan daha düzgün yol seçdi və eyni zamanda dünya iqtisadiyyatına zaman-zaman inteqrasiya olunmağa başladı. Bunun üçün Böyük Öndər Heydər Əliyev çox əziyyət çəkdi. Bir tərəfdən ölkəmizin iyirmi faiz torpağının işğal olunması, bir tərəfdən də bir milyondan çox qaçqın və köçkünü məskünlaşdırmaq və buna paralel olaraq zəngin iqtisadiyyat qurmaq elə də asan məsələ deyildi. Amma bütün bu çətinlikləri Heydər Əliyev öncədən görür və ağır yükün altına çiyin verirdi.

Böyük siyasətçi yaxşı bilirdi ki ərazimizin iyirmi faizinin işğal olunması həm də iqtisadiyyatımızın məhv olunması demək idi. Lakin bu çətinliklərə baxmayaraq, Heydər Əliyev çıxış yolu tapdı və Azərbaycanın həm siyası, həm də iqtisadi dirçəlişini əldə etməyi bacardı. İlk növbədə böyük layihələrin həyata keçirilməsinə start verildi. Bu mənada “Əsrin müqaviləsi” neft kontraktının bağlanması o demək idi ki, Azərbaycan öz sərvətinə sahib çıxır, lakin bunu dünyanın məşhur ölkələrinin şirkətləri ilə birlikdə gerçəkləşdirmək istəyirdi, çünki neft sənayesinin inkişafına və eləcə də, qaz təsərrüfatının tərəqqisinə müasir yeni texnologiyalar və texnikalar cəlb edilməli idi. Bu da təbii ki, İngiltərə kimi böyük bir ölkənin köməkliyi ilə həyata keçirilə bilərdi. Beləliklə, İngiltərənin “BP” şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” illər keçdikcə öz bəhrəsini verməyə başladı. Təbii ki, hər hansı xarici dövlət və şirkət digər ölkəyə sərmayə qoyanda öncədən qoyduğu sərmayə ilə yanaşı, qazanacağı vəsaiti də gündəmə gətirir. Bu mənada “Əsrin müqaviləsi”-nin effektli olması dünyaya göstərdi ki, doğurdan da Azərbaycana sərmayə qoyan hər hansı ölkə müəyyən müddətdən sonra maya dəyərini əldə edir və üstəlik qazanc da qazanmağı bacarır.

Azərbaycanın günbəgün sürətlə inkişaf edən iqtisadiyyatı heç şübhəsiz Avropanın digər ölkələrinin də diqqətindən kənarda qalmadı. İlk növbədə qardaş Türkiyə, Rusiya Azərbaycanda çox böyük iqtisadi layihələrin həyata keçirməsinə qoşuldu. Aydındır ki, bu iki ölkənin böyük layihələrə qoşulması və təkan verməsi iqtisadiyyatımızın daha da sürətli inkişafına böyük köməklik göstərdi. Heç şübhəsiz, ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar heç də bütün ölkələr tərəfindən sevinclə qarşılanmırdı. Bu ilk növbədə bizim iki qonşunu -  (əgər onlara qonşu demək mümkünsə) İranı və Ermənistanı daha çox narhat edirdi. Axı Azərbaycan iqtisadi cəhətdən güclənir, möhkəmlənir, müdafiə sənayesini yenidən qurur və daha bir qüdrətli dövlətə çevrilirdi. Nə Ermənistan, nə də İran güclü iqtisadiyyatı olan Azərbaycanı heç cürə istəməzdi. Belə ki, işğal altında olan Azərbaycan torpaqlarını və onun sərvətlərini hər iki dövlət çalb-çapıb talayır, flora və faunasını məhv edirdilər. 

Azərbaycanın iqtisadi cəhətdən sürətli inkişafı, bayaq dediyimiz kimi, Avropa ölkələrinin diqqət mərkəzində idi. Qısa zaman kəsiyində: İtaliya, Macarıstan, Bolqarıstan və eləcə də digər ölkələr Azərbaycanla iqtisadi əlaqələr qurdular, çünki Azərbaycandan Avropaya həm neft ötürülürdü, həm də mavi yanacaq. Bütün bunlar isə avropalıları bu və ya digər dərəcədə sevindirirdi. Elə məhz buna görə də, onlar Azərbaycanda çox böyük iqtisadi layihələrə sərmayə qoydular. Bu layihələr neft sənayesindən tutmuş, iqtisadiyyatın digər sahələrini əhatə etdi. Üstəlik də Qərbin ən böyük marağı ondan ibarət idi ki, hər hansı ölkədə sabitlik yaransın və təbii ki onlarda sabitlik yaranan ölkələrə sərmayə qoymaqda daha çox maraqlı idi. Maraqla yanaşı, Avropa ölkələrini konkret nəticələr düşündürüdü. Bu nəticələri əldə etdikdən sonra, adlarını çəkdiyimiz Avropa dövlətlərinin Azərbaycana olan marağı daha da artdı. Onlar gördülər ki, Azərbaycan inanılmaz bir sürətlə dünya iqtisadiyyatına inteqrasiya olunur və onların qoyduqları sərmayə qısa zaman kəsiyində bəhrəsini verir. Bu ölkələrin də Azərbaycana marağı daha da artdı.

Ölkəmizin bayaq dediyimiz kimi, sürətli inkişafı və tərəqqisi göz qabağında idi. Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra demək olar ki bizim iqtisadiyyatımız daha da gücləndi, bir çox yeni sahələrdə uğurlar əldə edirdi, başqa sözlə demiş olsaq, ölkəmizə, hətta super dövlətlərin maraqları artdı. Koreyanın, Çinin və eləcə də digər ölkələrin şirkətləri istər-istəməz Azərbaycanla iqtisadi əlaqələr yaratmağa doğru addımlar atdılar. Onlar Azərbaycanda bir çox fabrik və zavodların açılışını etdilər. Bununla yanaşı, Avropanın digər şirkətləri də durmadan böyük layihələrə qoşulmaqda marqlı oldular, xüsusən də İtaliyanın onlarla şirkəti Azərbaycan iqtisadiyyatına böyük sərmayələr yatırdılar. Qardaş Türkiyə isə iqtisadiyyatın bütün sahələrində mövcud layihələrə qoşuldu və bununla da sübut etdi ki, Azərbaycan dünyaya tək deyil, onun arxasında Türkiyə kimi qüdrətli bir dövlət dayanıb. Bu gün Azərbaycan nəinki neft sənaye sahəsində, birmanalı olaraq deyə bilərik ki, turizm və kənd təsərrüfatı sahələrində də böyük uğurlara imza atıb, yəni ölkəmizin sürətli inkişafı göz qabağındadır.

Azərbaycanın 2020-ci ilin sentyabr ayınıln 27-dən noyabr ayının 10-dək 44 günlük İkinci Qarabağ savaşı ölkəmizin dünyada nüfuzunu daha da yüksəltdi. Belə ki, Azərbaycan bu 44 günlük savaşda özünün ərazi bütövlüyünü təmin etdi. Üstəlik də, 2023-cü il sentyabr ayının 19-u və 20-də antiterror əməliyyatı zamanı erməni separatçılarının nəzarəti altında olan Xankəndi, Xocavənd, Xocalı, Əskəran, Ağdərə və digər yaşayış sahələrimiz onlardan tamamilə təmizləndi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Başqa sözlə demiş olsaq, işğqaldan azad olunmuş, adlarını qeyd etdiyimiz o şəhər və rayonlarda Prezident İlham Əliyev Azərbaycan bayrağını ucaltdı və dünyaya sübut etdi ki Qarabağ Azərbaycanın tərkib hissəsidir və Qarabağ Azərbaycandır!

Bəli, bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən inkişafı, dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunması bizim düşmənlərimizi xar edir, amma dostlarımızı sevindirir. Çünki Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur və bizim heç kimdən də torpaq iddiamız olmayıb. Sadəcə olaraq Azərbaycan sülhsevər, vətənpərvər və bəşəri bir hissləri olan ölkə olduğu üçün, heç kimin də daxili işlərinə qarışmır və qarışmayacaq!

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.