14 Avqust 2024 14:10
69
MƏDƏNİYYƏT

Gülnarə Sadıqova yaradıcılığı, yaxud bədii zövqün radial simmetriyası... 

Qrupumuzun Universitetdə ilk dərs günü "Qəzet laboratoriyası" adlanan otaqda baş tutmuşdu.  Onda Jurnalistika fakültəsi üçüncü mərtəbədə yerləşirdi (əsaslı təmirdən sonra dördüncü və beşinci mərtəbəyə dəyişdi). Professor Akif Rüstəmov "Jurnalistikaya giriş" fənnindən mühazirə deyirdi. İkinci dərs günü də həmin fənnin tədrisi eyni otaqda keçirildi. Laboratoriyada müəllim və tələbələrdən savayı kimsə yox idi. Akif müəllim otağın tən ortasındakı oval stolun yuxarıbaşında, tələbələr də ətrafında əyləşmişdilər. Laboratoriyada bir-birinə baxan iri kitab şkaflarının yanında müəllimlərin iş masaları yerləşirdi. Otağın sol küncündə pəncərəyə bitişik yazı stolu vardı. Məni maqnit kimi özünə çəkən həmin iş masası Akif Rüstəmovun idi.

Jalüzün arasından stola düşən günəş şüaları altında Akif müəllimin sanki xəttat dəqiqliyilə işlənən yazıları gözümə dəydi. Maraqlıdır ki, hər masada xüsusi qələm və kitab-dəftər qoymaq üçün hissə vardı. Dəyirmi masanın ətrafındakı stulların kürək hissəsi də setkalı idi. Əlqərəz. Sonradan yerimi rəhmətlik Ayaz Musayevin iş masasına dəyişdim. Ayaz müəllimin yazı-pozu stolundakı səliqə-sahman çox diqqətimi çəkdi. Ümumiyyətlə, Ayaz Musayev oturuşu-duruşu ilə seçilən, geyimi həmişə yerində olan ziyalı alim, tədris etdiyi sahənin kamil bilicisi idi. Sağda Diləfruz Şahbazovanın iş masası yerləşirdi. O, iş stolunda kompüter və klaviatura, dəftər və qələmdən eyni anda istifadə edir, klassika ilə müasirliyin vəhdətin yaradırdı. Üzbəüzdə gözəl pedaqoq, yüksək ləyaqət sahibi, xanım-xatınlığı ilə seçilən, abır-həyalılığı ilə nümunə olan Rəhilə Kəsəmənlinin iş masası yerləşirdi. Düzünü desəm, müəllimlərimin iş masasında əyləşmək çox xoş və qürurlu idi.

Mən Akif Rüstəmovun "Jurnalistikaya giriş" fənninin mühazirəsini dinləyə-dinləyə xəyal gücümü işə salır, gözlərim önündə şəkillərdə gördüyüm, yaradıcılığını sevərək oxuduğum Nəsir İmanquliyevi də canlandırmağa çalışırdım. Bir vaxtlar bu fənnin tədrisini həm də Nəsir müəllim edərmiş. Hər zaman Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında nəhəng söz, fikir adamları çalışıb və çalışmaqdadırlar. Onlardan biri də kafedra müdiri Ustad Cahangir Məmmədlidir. Və Ustadın otağı "Qəzet laboratoriyası"ndan solda yerləşirdi. Zaman ötəcək professor Cahangir Məmmədlinin mətbuat janrları, praktiki fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət və digər məsələləri özündə əks etdirən olduqca sanballı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyini imzalı şəkildə ən böyük mənəvi hədiyyə kimi müəllimimdən qəbul edəcəkdim. Bir mərtəbə aşağıda "İnternet jurnalistikası" auditoriyası, ondan öndə sağ tərəfdə Zaur Babayev və Mirakif Babayevin iş otağı yerləşirdi. Kiçik otaq tələbələrin ən doğma məkanı idi. Və hər iki müəllimimiz darısqal otaqda yüksək səmimiyyət və mehribanlıqla çalışırdılar.

Bu doğmalıq və soyadların eyniliyindən o zaman belə bir qənaətə də gəlmişdim: elə bilirdim, müəllimlərim doğmaca qardaşdırlar. Bu təəssüratlardan sonra yenidən qayıdaq "Qəzet laboratoriyası"na. Beləcə, ilk qırx beş dəqiqənin tamamında laboratoriyanın şam ağacından olan parlaq laklı qapısı ehmalca açıldı. Qapının kandarında zabitəli xanım göründü. Xüsusi kübarlıqla Akif Rüstəmovdan içəri keçməsi üçün izin istəyən xanım sonradan bizim müəlliməmiz olacaqdı. Özü hiss etdirməsə də, anladıq ki, Gülnarə Sadıqova dərsin gedişatını pozmamaq üçün yarıdakı fasiləni gözləyibmiş. Əvvəlcə özünün yazı masasına əl gəzdirdi. Sonra otağa nəzər yetirdi. Pencəyimi stulun söykənəcəyindən asıb, köynəyimin qolunu dirsəyəcən çırmalayıb, ovcumla yanağımı dirsəklənib tutmuşdum. Gülnarə Sadıqova otaqdakı havasızlığı hiss edib, jalüz pərdəni yuxarı qaldırdı. Ağ rəngli plastmas pəncərəni açdı. İçəri dolan təmiz hava tələbələrin üzünə dəyərək onlara toxtaqlıq gətirdi. Tədrisin ikinci günü özünü dərsə güclə yetirən qrup yoldaşlarımdan birinin beyninə oksigen çatandan sonra "dili açıldı" və boynunu mənə tərəf buraraq, sanki özünü Sartrın "Bağlı qapılar arxasında"kı kimi hiss edərək Estelfason sual verdi: "Bizi nəyə görə bura yığıblar?" Tələbə yoldaşımın "əndirəbadi" sualına həmin gün heç cürə cavab tapa bilmədim. Yadıma hindlilərin "kanjus makkhiçus" ifadəsi düşdü. Yoxsulluğun maddi tərəfini anlamaq olar, vay o gündən ki, mənəvi tərəfdən boşluğun, kasadlığın ola. Dərd ondadır.

Ancaq tələbədən fərqli olaraq pəncərə önündəki iri yarpaqlı, qırmızı reyhana bənzəyən gül gündoğana tərəf boylanırdı. Üzərində asılı qalan nübar qönçəsi sağa-sola yellənərək, elə bil səbəbkara təşəkkürünü bildirirdi. Dibçəkdəki güllər də, laboratoriyadakı tələbələr də ciyərlərinə hava çəkdikdən sonra dərsin ikinci yarısı başladı. Akif müəllim yazı bacarığımızın inkişafı üçün esse yazmağı tapşırmışdı. Yoxladığı yazılarda hansı nöqsanlarımızın olduğunu bir-bir qeyd etdi. Mövzu "Mənim ilk müəllimim" idi. Akif Rüstəmov yazımı bəyənsə də, ancaq mövzudan kənara çıxdığımı xüsusi vurğuladı. Dərsin gedişində Gülnarə Sadıqova əvvəlcə üzünü Akif Rüstəmova tərəf tutdu. — Üzr istəyirəm, Akif müəllim, — dedi. Sonra sözünə əlavə etdi: — Görəsən, indiki tələbələr vaxtilə fakültədə dərs demiş müəllimləri tanıyırlar? Sualdan sonra otaqda yaranan sakitliyi pozdum. — Bəli, müəllimə, tanıyıram, — dedim. Düzü Gülnarə Sadıqovanın tələbələrə ünvanlı sualına hədsiz sevindim. Çünki dərs mövzusu olaraq tapşırılan essedə məhz Gülnarə Sadıqovanın dediyi müəllimlərdən — Qulu Xəlilov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili... yazmışdım. Sonra zaman ötəcək və biləcəkdim ki, müəlliməmiz Gülnarə Sadıqovanı Bakı Dövlət Universitetinə uzun illərin doğmalığı bağlayırmış. O, gənclik illərindən, fakültədə təhsil aldığı müddətdən ta bu günədək elmi, yaradıcı fəaliyyətlə məşğuldur.

Elə ilk gündən hiss etmişdim ki, Gülnarə Sadıqova özünə və başqalarına münasibətdə hədsiz tələbkar, işində səliqəli, məsuliyyətli, həm də güzəştsizdir. Sözdə və əməldə bütöv olduğu kimi, ona verilmiş sözün də arxasında dayanmağı istəyir. Dərs müddətində istisna halları çıxmaq şərtilə tələbəyə güzəştə getmir. İki dəfə fakültəmizin ənənəvi Quba səfərində müəllimimiz Gülnarə Sadıqovayla yol-yoldaşı olmuşam. O zaman tələbəyə valideyn qayğısını, doğma münasibətini görmüşəm. Onda anladım ki, müəllim-tələbə tam başqa, müəllim-dost bir başqa. Rusların "cлужба" və "дружба" məsəli kimi. 

Gülnarə Sadıqovanın tədris metodikası fərqli və maraqlıdır. Fərqli ona görə ki, dərs situasiyasını təlim-tədris prosesinin tərkib hissəsi hesab edir. Dərsin ümumi gedişatında müəllim nüfuzundan istifadə eləmir. Tələbənin potensialının tam üzə çıxması üçün münbit şərait yaradır. Maraqlı ona görə ki, dərs müddətində hansısa tələbə vaxt azlığına görə kənarda qalmır. Ümumi gedişat, aparılan sorğu-sual kifayət edir ki, tələbənin dərsə münasibəti, hazırlıq səviyyəsi müəyyənləşsin. Bu gedişat həm də görkəmli pedaqoq Mehdi Mehdizadənin "Müasir dərs" haqqında söylədikləri ilə tam uyğun gəlir ki, dərs müddətindəki tələbə fəallığının əsas amillərindən biri diqqətin eyni nöqtəyə yönləndirilməsindən ibarətdir. Ancaq bu nöqtədə hər bir tələbənin şəxsi düşüncə, mülahizə aparmaq, yeni fikir ortaya qoymaq bacarığı olmalıdır. Gülnarə Sadıqova bu mənada görkəmli pedaqoq Adolf Disterveqin, psixoloq və ədəbiyyatşünas 

Lev Semyonoviç Vıqotskinin nəzəriyyəsinə — təfəkkürü ön plana çəkməyin vacibliyinə əsaslanır. Tələbənin şablon cümlədən, çeynənmiş ifadələrdən istifadə etməsinə heç vaxt güzəştə getmir. Yadımdadır: onlayn dərsdə tələbə yoldaşlarımızdan biri müəllif fikirlərini öz qələm məhsulu kimi ortaya qoymaq cəhdinin qarşısını Gülnarə Sadıqova anındaca alır və bunun bütün hallarda yolverilməz olduğunu bildirir. Həmin onlayn günlərin birində dərs mövzusu kimi, iki esse yazmışdım. Bu onun səbəbi idi ki, müəllim dərsi bütün gücü ilə öyrədir və sevdirirdi. Həm də Gülnarə Sadıqova rus və yerli ədəbiyyatı, həmçinin milli və xarici jurnalistikanın nəzəri tərəflərini yaxşı bildiyi üçün ondan nəyisə gizlətmək çətin məsələdir. Bir də ona dərs deyən nəhəng müəllimləri də nəzərə alsaq, o zaman məsələ lap müşkülə çevrilir. Gülnarə Sadıqova çalışır ki, tələbənin yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti tərəqqi etsin: qələmə alınmamış kəlmələr yaratmağa, çeynənmiş ifadələrdən saqınaraq yeni sözlər axtarışına yönəlsin. Gülnarə Sadıqova hər vəchlə çalışır ki, tələbə kiçik də olsa öz fikir məhsulunu ortaya qoysun, beləcə, Uşinskinin yaradıcılığındakı şəxsiyyət obrazını öz yetirmələri üzərində inkişaf etdirsin. Əbəs yerə deyildi ki, Gülnarə Sadıqovanın bir çox tələbələri zaman ötdükcə televiziya, radio, qəzet və jurnal materialı üzərində işləyərkən vaxtilə bu səpkidə yazıların hazırlanması üsulunu öz müəllimlərindən öyrəndiyini qeyd edirlər. Düşündüm ki, vaxtilə bizə yazı qaydalarını öyrədən müəllim haqqında bu dəfə tələbəsi olaraq əlimə qələm götürüb ürək sözlərimi yazım. Yazını hazırladıqca gözlərim önündə Gülnarə Sadıqovanın rəsm əsərləri canlandı. O, həqiqətən də yaradıcı insandır: ruhu və cismi ilə. Kağız üzərində qələmi ilə söz xalısı yaradan Gülnarə Sadıqova, həmçinin parça üzərində muline saplarla sənət əsəri toxuyur. Bədii zövq duyğuların, hisslərin tərənnümçüsünə çevrilir. Bu yaradıcılıq nümunələrində həssaslıq, təxəyyül və səbirlə bərabər, həm də elm görünür. Çünki rənglərlə işləməyin özü də bir elmdir. Leonardo da Vinçinin dediyi kimi, "rəsm köklü mədəniyyət" və "metod üzərində çalışmaq" deməkdir.

Gülnarə Sadıqovanın tələbələrə öyrətdiyi elm bizlər üçündürsə, ərsəyə gətirdiyi yaradıcılıq məhsulu bütün bəşəriyyətə xidmət edir. Bu əsərlər "dil açıb" dünyanı və insanı təmizliyə çağırır. Azərbaycan qadınının mənəvi ucalığından "danışır". Biz bu ucalığı fransız yazıçı Dümanı şahmat taxtası arxasında zəkası ilə mat qoyan Qarabağ xanlarının nəslindən olan şairə Xurşudbanu Natəvanın əl işlərində görmüşük. Şairə ikinci dəfə Aleksandr Dümanı öz əli ilə tikdiyi pul kisəsini bağışlamaqla heyran qoyur. Gülnarə Sadıqovanın yaradıcılığı onun daxili dünyasının, saf mənəviyyatının təzahürüdür. Çünki onun sözü və fırçası təkcə kağız və parça üzərində gözəllik yaratmır, o, həmçinin həyatda da hər işi həssaslıq və təmizliklə görür. Bunu ən azından əyani şəkildə anamın anasında görmüşəm. O, ixtisasca həkim olmağına baxmayaraq, həmçinin kətan parça üzərində rəsmlər çəkir, ipək saplarla rəsmlər ərsəyə gətirirdi. İlk baxışdan estetik görünsə də, mahiyyət tikmə sənətinin yaşadılması idi. Bu gün Gülnarə Sadıqova bütün fəaliyyətilə ərsəyə gətirdiyi işləri fonunda milliliyi və kübarlığı qoruyur.

Gül-çiçək rəsmləri bizə Tanrının cənnətini, zamanın yaxşılıq axarını, kainatın paklıq rəmzini xatırladır. Əl işlərindəki başlıca amil rəng ahənginin incəliyidir. Bu incəlik, ələlxüsus rəng həllindən asılıdır. Musiqidə qamma üzərində işləmək nə qədər vacibdirsə, rəsmdə də rəng qammasını yaratmaq bir o qədər əhəmiyyətlidir. Burada da muline sapların birləşməsi ahəngdar rəng qamması yaradır. Bu ahəngdarlıqda bəzən bizim təbiətdə müşahidə etmədiyimiz rəng çalarları gözə dəyir və ən əsası da Gülnarə Sadıqovanın bədii təxəyyül yaradıcılığındakı hər məqam onun yaşam tərzindəki kimi, riyazi sintezə, simmetriyaya, təmizliyə və günəşli günlərə - səadətə və sədaqətə bağlıdır. 


Əsgər İsmayılov