11 Dekabr 2024 11:17
122
SİYASƏT

“Bəşər Əsəd rejimi erməni terror təşkilatlarının ən yaxın dəstəkçisi idi”

Bəşər Əsəd hakimiyyətinin sonunun bu cür olacağı əvvəldən bəlli idi. Çünki ordu başda olmaqla, kimyəvi hücumlardan qaçan, həbsxanalarda ağır işgəncələrə məruz qalan on minlərlə suriyalı mövcud vəziyyətdən usanmışdı. Hələbin, İdlibin timsalında yandırılmış şəhərlər, qan içində olan azyaşlılar, qadınlar – Suriyanın acınacaqlı mənzərəsi belə idi.

Suriya həm də erməni terror təşkilatlarının, erməni hərbi batalyonlarının fəallıq göstərdiyi coğrafiya idi və bu terrorçuların Əsəd rejimi, Suriya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi var  idi. 

90 mindən çox Suriya ermənisinin Azərbaycanın o vaxtki işğal altında olan ərazilərində məqsədli şəkildə məskunlaşdırılması, bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi cəhdi müharibə cinayətinin tərkib hissəsi idi.

Paşinyan isə populistcəsinə seçkilərdə Əsədi qələbə münasibətilə təbrik edərək, israrla Əsədin on ildən çox vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsi və dialoqun başlanmasına yönəlmiş səylərini ölkədə böhranın aradan qaldırılmasına kömək edəcəyinə ümidini ifadə edirdi. 

Ermənistan hərbçilərinin minatəmizləmə adı altında Hələbdə xidməti açıq şəkildə Əsəd rejiminə dəstək məqsədi daşıyırdı. Bir sözlə, Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərirdi.

Bəşər Əsəd rejimi həm də ermənipərəst mövqeyi ilə fərqlənirdi. Suriyanın İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış etməsi, Ermənistanla bağlı qətnamələrə mane olmaq cəhdlərini hər kəs xatırlayır. 

Məsələ burasındadır ki, özünü qərbpərəst kimi təqdim etməyə çalışan Paşinyan hakimiyyəti Yaxın Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq etməklə riyakarlıqdan əl çəkmir. Bununla belə, Əsəd rejiminin çökməsi Ermənistan üçün zərbə oldu.

Rəsmi Bakı Suriya dövlətinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ankaranın prosesdə aktiv rol oynaması isə Suriyada sabitlik dövrünün başlayacağına ümidləri artırır. Prezident İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Rəsmi Bakı qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Azərbaycan Suriyada vəziyyət sabitləşəndən sonra ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır.