Hərənin öz evi - Tərlanə Yaqubqızı yazır

Bugün 1 iyun Uşaqları Beynəlxalq müdafiə günüdür.
Uşaqlar cəmiyyətimizin gələcəyi, vətənimizin ümidverici sabahıdır. Uşaqlar təkcə bir gün yox, ilin bütün günlərində müdafiəyə ehtiyacı olan həssas və kövrək varlıqlardır. Uşaqlıq yaşları insan ömrünün elə bir çağıdır ki, orada kin, nifrət yoxdur, ancaq ümid, sevgi və xoş arzular var. Xoş o insanın halına ki, içindəki uşaqlıq xatirələri heç vaxt paslanmır, onunla bir ömür boyu addımlayır, uşaq məsumiyyətini, uşaq saflığını özündə qoruyub saxlayır.
Bir vaxtlar hamımız uşaq olmuşuq. Amma ömrümüzün müdrik çağlarında belə bəzən yenə uşaqlaşırıq. Bəlkə də babalar, nənələr öz nəvələrini ona görə daha çox əzizləyirlər ki, onlarda özlərinin illər arxasında qalmış uşaqlıq çağlarını görürlər.
Elə dünən rejissor Rövşən Nicatın" Mədəniyyət" kanalında yayımlanan "Mənim evim Aran" filmi də bügündən dünənə- çox- çox uzaqlarda qalmış uşaqlıq illərinə boylanan bir həsrətin, bir nisgilin ekran təcəssümü idi.
Filmin baş qəhrəmanı rejissor Rövşən Nicatın özüdür. O, illər əvvəl ayrıldığı və amma heç vaxt unutmadığı doğma Xoşçobanlı kəndi haqqında film çəkməyə gəlib. Birinci Qarabağ savaşı zamanında dövlət televiziyasının hərbi verilişlər redaksiyasında çalışarkən cəbhə bölgələrində aramsız çəkilişlərdə olduğundan doğma kəndə macal tapıb gedə bilmədiyi üçün ona yarızarafat, yarıciddi belə bir şeir həsr etmişdim:
Gedir şəhərlərə, gedir kəndlərə,
Gedir hər gün neçə çəkilişlərə.
Amma yolu düşməz heç bircə kərə,
Bu oğul bir ildir kəndinə gəlmir.
Qohumlar, qonşular soruşur onu,
Gözlər sual dolu, nigaran dolu...
Bəlkə bağlayıblar bu kəndə yolu?
Bu oğul bir ildir kəndinə gəlmir...
Ana qarışdırır yuxularını,
Qəsdən "çıldıradır teştdə xamırını"...
Bəlkə oğlu döyə qapılarını,
Bu oğul bir ildir kəndinə gəlmir.
Baba da gözləyii cüt nəvəsini,
Saxlayır bağçanın mer-meyvəsini.
Verəcək oğlunun o da dərsini,
Bu oğul bir ildir kəndinə gəlmir.
Bir gözəl, nurani, ağsaçlı ana
Baxıb köks ötürür min ahu- zarla.
Görür öz oğlunu televizorla,
Bu oğul bir ildir kəndinə gəlmir.
Amma sən demə, bu oğul özü də istəmədən kəndə gələ bilmədiyi hər bir günün həsrətini qalaq-qalaq ürəyinə yığıb və nə yaxşı ki bu film ilə illərin sükutunu pozmağa, həmin acını çıxarmağa nail olub.
Burada hər yer, hər kəs doğmadır. Yaşı səksəni keçmiş ata, həmin ağçaçlı, qayğıkeş ana, həmişə iş başında olan zəhmətkeş Aran camaatı... İlk dəfə kövrək addımlarını atdığı yaş kərpicdən tikilmiş sadə ev, əlifbanı, vurma cədvəlini öyrədən, ədəbiyyatı, incəsənəti sevdirən, Bakıda təhsil almağa pərvazlandıran kənd məktəbi... Burada uşaqlıq illərinin ayaq izləri var. Rejissor inadla o izlərin izinə düşüb itirilmiş uşaqlığına qovuşmaq arzusundadır.
Çoxlarının dodaq büzdüyü, havasını bəyənmədiyi Aran filmdə bir cənnət misalındadır. Bu məqamda el arasında işlədilən "Gir Məcnunun gözünə, bax Leylinin üzünə" ifadəsini xatırlamaq yerinə düşür. Operatorun peşəkarlıqla kameranın hədəfinə aldığı təbiət mənzərələri rejissorun doğma yurda olan məhəbbəti ilə birləşib gözəl bir harmoniya yaradır. Rejissorun atası Aslan kişinin dili ilə desək, hərəyə öz Vətəni yaxşıdır. O, cavanlıqda çox yerləri gəzib, öz təbirincə desək, sovetin yaxşı vaxtlarında Kislovodsk, Yessentuki kimi kurort şəhərlərində istirahət edib. Amma insan hara gedir- getsin, dönüb- dolanıb yenə öz yurdunda rahatlıq tapır. İllərlə paytaxtda yaşa, özünə gün- güzəran qur, mövqe sahibi ol, amma ürəyin, ayaqların səni bir gün dünyaya göz açdığın isti ata ocağına gətirəcək.
Bura Arandır. Ecazkar təbiət mənzərələrini, fəsillərin dəyişməsini incə məharətlə əks etdirən kadrlar bir- birini əvəz etdikcə buranın "cəhənnəm istisi" mifinin artıq darmadağım olunduğunu görürük. Aran camaatı bölgənin iqliminə əməlli- başlı alışıb. Qışın soyuğunda, yayın cırhacırında Aran adamını iş başında görmək olar. O, həm maldarlıqla məşguldur, həm əkinçiliklə. Onun arzuları torpaqdan rişə alıb çiçək açır. Amma qönçə ikən solan arzular da var. El ağsaqqalı Aslan kişi gözəl və məlahətli səsi olsa da yetimçilik ucbatından oxumaq arzusunu ürəyinin bir guşəsində gizlədib. Amma bu elə bir qarşısıalınmaz istəkdir ki, bir himə bəndmiş kimi hər çür şəraitdə özünü göstərir. Atasının gənc yaşlarında oxuduğu mahnılar rejissorun yadındadır və film boyu biz Aslan kişinin yorğun, məlahətli səsinin sehrinə düşürük. Bu səs təbiətin, torpağın səsi kimi adama doğma gəlir. Film Aslan kişinin nəğməsi ilə başlayıb onunla da sona yetir. Bu nəğməyə suyun şırıltısı, yarpağın xışıltısı da qoşulub incə bir təbiət simfoniyası yaradır. Son kadrlarda əlindəki çəliyi ehmalca torpağa vurub sanki onu incidəcəyindən ehtiyat edərək ahəstə addımlarla yeriyən və həzin, yanıqlı səslə zümzümə edən ağsaqqal kişinin görüntüləri çox təsirlidir. Bu, Aran torpağından güc alan və zamanla çöhrəsi də torpaq kimi cadar- cadar olmuş bir ağsaqqalın addımlarıdır. O, artıq səksən üç ildir ki, bu torpağın üzərində beləcə addımlayır və indi bu filmdə qəlbinin dərinliyinə gömdüyü köhnədən qalmış oxumaq arzusunu reallaşdırır. Bu sətirlərin müəllifi o kişini keçən əsrin doxsanıncı illərindən tanıyıb. Aslan kişi övladlarımın babasıdır. Sinəsi sözlə, nağıl və bayatı ilə döyünən baba.
O zamanlar kənddə işıqlar tez- tez sönürdü. Sovetlər birliyini dağıtdığına görə oturub- durub Qorbaçovu lənətləyən qaynanam işığın sönməsinin günahını da o "xallı gürzə"də görürdü. Əslinə baxanda, 20 yanvarda əli xalqımızın günahsız qanına batmış Qorbaçov öz mənfur əməlləri ilə neçə evin işığını söndürmüşdü və elə bu məntiqlə də qaynanam haqlı idi. İşığın sönməsi ilə otaqlar soyusa da, ruhumuz Aslan babanın odun sobası ətrafında bizə söylədiyi o gözəl nağıllarla qızınırdı. Mən uşaq yaşlarımda çox nağıllar oxumuşdum. Amma Aslan babanın bədahətən, sinədən danışdığı nağıllar yaşımızdan asılı olmayaraq, böyüklü- kiçikli hamımıza baldan şirin gəlirdi.
Aslan babanın ədəbiyyata, incəsənətə olan sevgisi genetik kodlarla oğlu Rövşənə ötürülüb və filmin əsas qayəsi müəllifin uşaqlıq dünyasını-Aranı tanıtmaq olsa da həssas tamaşaçı şüraltı bu bağlılığı sezə bilir.
Bu filmi Vətənə olan sevginin tərənnümü kimi də qiymətləndirmək olar. Ölməz Səməd Vurğunun " Nə çoxdur oylağın sənin, Aranın, yaylağın sənin" misraları filmdə sanki öz real ifadəsini tapıb. Həqiqətən, Vətənimiz öz dağı ilə, aranı ilə gözəldir. Ən gözəl olan isə doğma Vətən torpağına bir daha qayıda bilmək səadətidir. Mən bu səadəti yurd yerləri düşməndən geri alınan Qarabağ camaatına da arzulayıram. Çünki o yerlərdə itirilmiş uşaqlıq illərinin xatirələri var. O yerlərdə hərənin öz evi var. Və o yerlərin, o evlərin hərəsi bir film, bir əsər mövzusudur.
Heç kəsin öz yurd- yuvasından ayrı düşməsini istəmirəm. Çünki quş öz yuvasında, insan öz komasında xoşbəxtdir. Artıq gəlir naminə xarici ölkələrə üz tutan neçə adam tanıyıram. Hər şeyləri var, amma xoşbəxt deyillər, çünki Vətəndən uzaq düşüblər, uşaqlıq dünyasının qapılarını öz əlləri ilə qıfıllayıb yad məmləkətlərdə gənc ikən qocalıblar.
Ömür boyu xarici ölkələrə səfər etmək kimi bir arzum olmayıb, nəinki xarici ölkədə yaşamaq. Elə bilirəm sərhəddən o tərəfə bir addım atsam, nəfəsim kəsilər, vətənsizlikdən ölərəm.
Nə gizlədim, şəhərin bir addımlığında əldən getmiş bir uşaqlıq dünyam var. Ana babamın Yasamalda yerləşən və çoxdan satıllan evinin həndəvərindən keçəndə göz yaşlarımı saxlaya bilmirəm. O yer doğulub böyüdüyüm doğma Bakımızın içərisində itirilmiş yurd parçası kimidir. Təəssüf ki, o evlə bərabər mənim uşaqlıq xatirələrim də pərən- pərən düşüb. Vaxt olub ki, o xatirələri bir sapa düzmək üçün gedib pillələrini qalxmışam, qapısının önündə dayanmışam. Amma qapını döyməyə əlim qalxmayıb. Tutaq ki, üzümə əbədi bağlı qalan bu qapı açıldı, axı mən evin yeni sahibinə öz duyğularımı necə izah edə bilərəm? Necə deyə bilərəm ki, bu ev mənim uşaqlıq xatirələrimin vətənidir və mən onun həsrətini çəkirəm.
Deyirlər, Vətəni sevmək imandandır. Vətəni qoruyaq, Vətənimizin gələcəyi olan uşaqlarımızı qoruyaq, uşaqlıq xatirələrimizi və içimizdəki o məsum uşağı qoruyaq! İmkan daxilində atalarımızın, babalarımızın evlərinin satılmasına yol verməyək.
Vətənimizin şəhəri də, kəndi də, dağı da, aranı da, adamları da gözəldir və Rövşən Nicat cəmi otuz altı dəqiqəlik " Mənim evim Aran" sənədli filmi ilə bu həqiqəti bir daha təsdiq etməyi bacardı.