Avqust 2-də səhər saatlarında Ənvər Seyidovun sürücü işləmiş Samir dostumuz mən zəng elədi. Həyəcanlı səsindən o dəqiqə hiss etdim ki, nə isə üzücü bir xəbər var! Arada səsi yaxşı eşidilmədi. Ürəyümə damdı ki, Ənvər müəllimin səhhətində çətin vəziyyət yaranıb.Sonra sözünün ardını gətirdi və dedi ki,Ənvər müəllim rəhmətə gedib!!! Son vaxtlar dostlarımla bağlı belə üzücü xəbərləri tez- tez alıram... Və artıq ürəyimin dərd yükü bu dərdlərə tab gətirmir. Gözümüzü yaşı da quruyub...
Və beləcə kədərin, dərdin içində boğuluruq. Mən Ənvər Seyidovu Ali Məhkəmənin hakimi olanda tanıyırdım. Və bir dəfə elə oldu ki, 1992- ci ildə bir cinayət işi ilə əlaqədar qəzetimizə vətəndaş müraciət etmişdi. Mən də onun ərizəsini araşdırmaq üçün bu işlə məşğul oldum. Aydınlaşdı ki, həmin cinayət işinin məhkəmə istintaqını Ali Məhkəmənin hakimi, Ənvər Seyidov aparır. Prosesdə iştirak elədim. Düz ,bir aydan çox məhkəmə istintaqı davam elədi. Sonda da Ənvər müəllim ədalətli qərar çıxardı. Və şikayətçi də qəzetimizdən , məndən və Ənvər Seyidovdan çox razı qaldı! Bu hadisədən sonra Ənvər müəllimlə bizim dostluğumuz başladı və dünyasın dəyişən günə qədər dostluğumuz davam elədi...
Zarafat deyil, biz onunla düz 33 ildir ki, dost idik. Gözəl ailəsi , övladları var . İki oğlu , bir qızı onun onun başını həmişə uca ediblər. Oğlanları hüquq elmləri namizədi, qızı tibb elmlər namizədidir. Ənvər müəllim özü də hüquq elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru idi.Bakı Ağır Cinayət Məhkəməsində təqaüdə çıxandan sonra adını çəkdiyimiz ali təhsil ocağında hüquq fənnindən dərs deyirdi. Özü də o dərsləri o qədər gözəl aparırdı ki, tələbələri böyük həvəslə onun növbəti mühazirəsini səbrsizliklə gözləyirdilər. Mənim nəvəm də Ənvər müəllimin tələbəsi olmuşdu...
Və həmişə də onun tələbələrə olan böyük sevgisindən danışıb. Nəvəm deyir ki,Ənvər Seyidov kasıb və imkansız tələbələrə qarşı daha y idi, onlara böyük qayğı göstərirdi.Ənvər müəllim hər adamı evinə dəvət eləməzdi. Amma məni evinə dəvət edirdi, süfrə açdırırdı, yedirtməsə, içizdirməsə rahat olmazdı. Evlərinin həyətinə gələndə Samir deyərdi ki, Faiqi evə gətir. O kəsdiyi düz - çörəyə və dostluğa çox sədaqətli idi... Ali cənab, gözəl xasiyyəti həyat yoldaşı vardı: Aybəniz xanım! Və Aybəniz xanım rəhmətə gedəndən sonra Ənvər müəllim uzun müddət özünə gələ bilmədi,sarsıldı. Həmişə də mənə və dostlarına deyərdi ki, həyat yoldaşlarınızın qədrini bilin, onların yerinə heç kim verə bilməyəcək!
Ənvər müəllim tək hüquqşünas, hakim kimi deyil, həm də şair kimi, yazıçı kimə də ölkəmizdə böyük nüfuz sahibi idi. Onun neçə - neçə şeirinə gözəl mahnılar bəstələnib və həmin gözəl mahnılardan birini də Xalq artisti Flora Kərimova ifa edir. O, altı romanın, bir neçə povestin və televiziya tamaşaların müəllifidir.Bu televiziya tamaşalarını da Az. TV- nin məşhur rejissoru, rəhmətlik Məhərrəm Bədirzadə çəkib.Onun " Təlatüm" , " Gürzə" , " Ünvansız eşq" və başqa romanları oxucular tərəfindən böyük sevgi ilə qarşılanıb...Ənvər müəllim öz adını nəvəsinə qoymuşdu və balaca Ənvər də bal kimi şirin uşaqdı.
Qanının ən qara vaxtında , canı ağrıyanda o uşağı qucağına alar və bir az keçəndən sonra qanı dururlar , ağrısı azalardı... Ənvər Seyidov Azərbaycan məhkəmə sistemində öz nüfuzu və böyük hörməti olan hakimlərdən idi. Öz alicənablığı, ağayanalığı, sadəliyi və səmimiyyəti ilə həmişə yadda qalıb. Onun ölümü hüquq aləmində deyil, həm də cəmiyyətimiz üçün böyük itkidir.Çünki o, həmişə imkansız, ehtiyac içində olan insanlara arxa durub! Heyif sizdən Ənvər Seyidov! Və həmişə yeriniz görünəcək , gözümüz sizi axtaracaq!!!