21 Oktyabr 2025 13:38
100
SİYASƏT

“Orta dəhlizin inkişafı” birgə layihəsi regiona nə vəd edir? 

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat zamanı Orta dəhlizin strateji əhəmiyyəti xüsusi vurğulanıb və 2030-cu ilədək Çindən Azərbaycana daşımaların həcminin  3 dəfə artmasının proqnozlaşdırıldığı bildirilib”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, birgə layihə Orta dəhlizinin regional imkanlarının daha da genişlənməsinə xidmət edəcək:

“Hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhvə verirlər. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunur. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu isə daha çox Orta Dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır. Son illər Orta dəhlizin əhəmiyyətinin daha da artması müşahidə olunur. Bir tərəfdən İrana qarşı sanksiyalar artır, digər tərəfdən isə Yaxın Şərqdəki hələ də sönməyən gərginlik Cənub üzərindən yüklərin daşınmasında çətinlik yaradıb. Həm də Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğundan Avropa İttifaqının Orta dəhlizə marağı artıb. Yalnız 2024-cü ildə Orta dəhliz vasitəsi ilə daşınan yüklərin həcmi 63 faiz artaraq 4.8 milyon tona çatıb. Beləliklə, Orta dəhliz vasitəsi ilə Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən, eləcə də qardaş Türkiyə vasitəsilə yüklərin Şərqdən Qərbə, yəni Asiyadan Avropaya daşınması artır. Azərbaycan Orta dəhlizin genişlənməsinə töhfə verən ölkələrdəndir. Həm infrastrukturun genişləndirilməsi, həm Ələt limanının istifadəyə verilməsi, həm də elektron xidmətlərdən geniş istifadə edilməsi Azərbaycan üzərindən yüklərin daşınmasına marağın artmasına səbəb olub. Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı aparılan müzakirələr və bu istiqamətdə gözləntilər də Orta dəhlizin regionda əhəmiyyətini artıracaq. Çünki Zəngəzur dəhlizi Orta dəhlizə inteqrasiya olunacaq və bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daha çox yükün Qazaxıstan və Azərbaycan vasitəsilə daşınmasına imkan yaradacaq”.

Vasif ƏLİHÜSEYN