adalet.az header logo
  • Bakı -°C
26 Fevral 2026 10:21
53
GÜNDƏM
A- A+

“Rusiyanın 366-cı motoatıcı alayının hansı rol oynadığını unutmamışıq...”

“Fevralın 25-də Azərbaycana savaş içində olan iki ölkədən – Rusiya və Ukraynadan fərqli heyətlər gəlib. Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov rəhbərlik etdiyi heyət Bakıda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, silahlanma sahəsində təcrübə mübadiləsi və koordinasiya məsələlərinə toxunulub”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, məlumata görə, tərəflər regional təhlükəsizlik mühiti fonunda hava qüvvələrinin inkişafı, modernləşmə prosesləri və kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparıblar:

“Rusiya nümayəndə heyəti həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib. Tədbirdə müasir silah sistemləri, operativ planlaşdırma və hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Fikrimcə, mülki təyyarəmizin vurulması və soydaşlarımıza qarşı zorakılıq halları araşdırılmadığına görə Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlıq imkanları tükənib. Bakıya gələn general-polkovnik Yuri Qrexov Ukrayna müharibəsinə görə Qərbin sanksiya siyahısındadır. Kreml Yuri Qrexova MDB ölkələrinin vahid hava hücumundan müdafiə sisteminin yaradılmasını tapşırıb. Rusiyanın 4 ildir havadan zərbələr endirdiyi Ukrayna da vaxtilə MDB üzvü idi. Rusiyanın Ermənistana ötürdüyü İsgəndər raketləri ilə şəhərləri vurulan Azərbaycan da MDB üzvüdür”. 

E.Şahinoğlu deyib ki, MDB məkanında Kremlin formalaşdırmaq istədiyi hava müdafiə sistemini birinci Rusiya pozduğundan Yuri Qrexov Bakıdan əliboş geri qayıdacaq:

“Sabah Xocalı soyqırımının 34-cü ildönümü qeyd ediləcək. Soyqırımda Rusiyanın 366-cı motoatıcı alayının hansı rol oynadığını unutmamışıq. Martın 5-də isə Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində törətdiyi qətliamın 4 ili tamam olacaq. Bunu da unutmaq olmaz. Rusiya heyəti ilə eyni gündə ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib. 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək. 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb. Önəmli olan budur”.

Vasif