Özümüzün, sözümüzün qardaşlığı - Pərvanə Bayramqızı yazır
Qədimdən bəri dövlətlər arasında iqtisadi-siyasi əlaqələrlə yanaşı ədəbi-mədəni əlaqələr də mövcud olub. Mədəniyyətini bir-birinə ötürən xalqlarda zaman keçdikcə yaxınlıq yaranır, mehriban münasibət formalaşır. İnsanların birliyi üçün sənət, ədəbiyyat yaxınlığı vacib sayılır. Qardaş Türkiyə ilə Azərbaycanın da hər sahədə olan sıx əlaqəsi davam edir. Ədəbiyyat aləmində də qələm adamları bu birliyə xidmət edirlər. Biz bunu hər iki ölkədə nəşr edilən ədəbi dərgilərdə müşahidə edirik.
Türkiyənin mədəniyyət, sənət, ədəbiyyat dərgisi “Güftə ədəbiyyat”ın 2026-cı il mart-aprel sayı seçilmiş mövzuları ilə diqqət çəkir. Əksəriyyəti iz mövzusunda olan mətnlərdə bir-birindən maraqlı fikirlər, deyimlər oxuyuruq. Dərginin ilk səhifəsi hekayə və roman müəllifi kimi tanınan, müsahibə redaktoru Bayram S.Daşqının novella ustası Bahar Yaka ilə müsahibəsinə ayrılıb. Müsahibə boyunca yazıçı ilə oxucunun bir-birini duymasından yaranan fikir mübadiləsi maraqlı ədəbi müzakirəyə çevrilir. Ədəbiyyat adamları üçün diqqətçəkən məqamlardan biri də həmsöhbətlərin “Tikiş tutmaz” və “Bu kitabın yazarı öldü” novellalarından bəhs etməkləridir.
Müsahibənin giriş hissəsi “Hava alovdan daha tez öldürür. Birinin varlığı öldürür, digərinin yoxluğu. Yanğın olanda Əzrayılın köməkçisi alov yox, tüstü olur, alov ancaq dəlilləri yox eləmək üçündür, bir də günahı üzərinə götürmək üçün. Yanğından sonra kimsə tüstüyə hirslənməz, hamı oda lənət oxuyar” kimi gerçəyi əks etdirən fikirlərlə başlayır. Bu sətirləri oxuyarkən hələ irəlidə nələr oxuyacağını unudaraq istər-istəməz düşünürsən: ustadcasına deyilmiş fikirlərdir. Bayram S.Daşqın oxucu kimi kitabdan aldığı təssüratı, qənaətini yazıçı ilə bölüşür. B.Yaka oxucunu öz dünyasına cəlb edə bildiyinə görə məmnun olur. Yazıçı oxucunu özünə yol yoldaşı seçməyə üstünlük verdiyini bildirir.
Dərc edilən hekayələr yığcamdır. Dərgidə uzun-uzadı yorucu cümlələr və mətnlər yoxdur. Az sözlə böyük mətləblər ifadə etməyə üstünlük verilib. Mətnlər tez bitsə də, təsirindən çıxmaq olmur. Oxucu yorulmur, üstəlik aldığı təəssürat zehində iz buraxır. Hər mətn ayrı bir ab-havaya kökləyir. Gərək hekayələri dalbadal oxumayasan, çünki birinin oyatdığı duyğulardan, ağrıdan bir gün ərzində çıxmaq mümkün deyil, sonrakını oxusaq hisslərimizi qarışdıra bilərik. Hər gün birini oxumaq daha yaxşı təsir edər.
Dərgidə türk şairlərlə yanaşı Azərbaycan şairlərinin və yazıçılarının, habelə digər ölkələrin qələm adamlarının imzalarına yer ayrılıb. Ədəbiyyatşünas Sərvanə Dağtumasın İkinci Qarabağ müharibəsi iştirakçısı olan şairin yaradıcılığından bəhs edən “Canlı şəhid”in sükut dolu fəryadı, postmüharibə ədəbiyyatının nümayəndəsi qazi şair Emin Pirinin yaradıcılığında müharibənin bədii refleksiyası”, Elnarə Elxan Qızı Qaragözovanın “Kamal Abdullanın “Sirlərin sərgüzəşti” və “Laokoon… Laokoon…” romanlarında postmodern elementlər” resenziyaları, Pərvanə Bayramqızının “Ağ divara qara yazılar” hekayəsi, Məryəm Bağırovanın “Saxta həyat” (“Sahte Hayat“) adlı mətni, Nigar Arifin “Yuxu”, Günəş Məmmədlinin “Söylə hardasan?”, Güney Azərbaycandan (Təbrizdən) Oruc Dadaşi Elmanın “Tanışdır”, Zaman Paşazadənin “Bob Ross ilə rəsm ləzzəti” (“Bob Ross ile Resim Zevki”), Oğuz Məhəmmədikiyanın “Körpə dinozavr” (“Bebek Dinozor”), Mustafa Şeyhpurun “Tabloların arxasında” (“Tabloların Ardından”), Özbəkistandan Nərgizə Əsədin “Aksiom” (“Aksiyom”), Mansur Jumayevin “Sücut ”, Pakistandan Nasir Raza Kazminin “Özümə bağlıyam” (“Kendime takıntılıyım”) və adlarını çəkmədiyimiz bir çox başqa ölkələrdən də olan şairlərin şeirləri dərc edilib.
“Güftə ədəbiyyat” (“Güfte edebiyyat”) Türkiyənin müasir ədəbiyyatı ilə tanışlığa ədəbi şərait yaradır. Onun sayəsində Songül Uslunun “Balaca oğlan uşağısan” (“Küçük oğlan çocuğusun”) hekayəsini dünyadakı bütün insanların taleyinə aid edə bildim. Hansı ölkə olsa, orada mətndəki ağrı-acıları yaşayan ailələr tapmaq mümkündür. Mətndə olduqca real canlandırma var. Müəllif sözün qüdrətindən yetərincə yararlanıb milyonlarla taleyin, ailənin gerçək mənzərəsini yaradıb. Adam “gözəl faciədir” deməkdən özünü saxlaya bilmir. Zalımların oxuyub nəticə çıxaracağı ümidi ilə hər kəsə bu mətni oxumağı tövsiyə edirəm.
Murad Dəmirin “Sarsılmaz” (“Düşmeler ustası”) hekayəsində Diyarbəkirin səhər mənzərəsi təsvir edilir. Surp kilsəsinin zəngi ilə Ulu Camidən gələn azan səsinin sədası altında gümüşçülərin işlərindən söhbət açılır, amma adi görünən mənzərəyə fəlsəfi baxış hiss olunur. Hər gün seyr edilən adi həyat tərzi, əslində, adi deyil, hər təkrarlanan hal yaşamağın, həyatın bəxş etdiklərinin bir ifadəsidir. Şəhərin sakinləri günahları da, baş verən digər hadisələri də təbii qarşılayırlar. Gümüşçülərin işindəki prosesi həyatın gedişi ilə müqayisə edərkən müəllif maraqlı bənzətmələr aparır. Həyati nümunə olduğu üçün iki fikri qeyd etməkdən özümü saxlya bilmədim: Səhv etməmək məharət deyil, həyata öyrəşməkdir burada”. Atalar oğullarına: “Bu işin mahiyyəti incəlikləri tutmaq deyil, zaman keçdikcə səbri sınağa çəkməkdir” deyir. Yıxılmaq həm həyatda, həm də məişətdə insanın dərs alacağı məqamdır. Yıxılmaqdan qorxmazlar, əsas odur ki, təkrar ayağa qalxasan. Mətnin ötürdüyü fikir budur. Hekayə boyunca maraqlı müqayisələr adamı dərin düşüncələrə qərq edir.
“Lacivərd gödəkcə” (“Lacivert ceket”) hekayəsinin müəllifi Coşkun Eroğlu oxucunu insanın məhrum olduğu maddiliyin verdiyi əzabı kiçik bir hekayədə dolğunluğu ilə çatdırır.
Hekayənin əvvəlində qəhrəmanın əynində lacivərd gödəkcə olduğunu oxuyuruq. “Ölən varlı adamın yaxınlarının verdiyi” ifadəsini oxuyanda artıq qəhrəmanın yaşayış tərzini təsəvvür etmiş oluruq. Bəlkə də, elə oxucu oldu ki, sonda adamın özünün də varlanacağına ümid etdi, mənsə elə ilk sətirləri oxuyandan nənəmin dediyi “gündoğmaza heç vaxt gün doğmur” sözünü xatırladım. Ürəyimə damdı ki, bu gödəkcə onun kasıb vücuduna uyğun gəlməyəcək və hekayənin sonunda biz qəhrəmanı gödəkcəsiz görürük... onu satmaqla yalın ayaqlarını xilas edir.
Berrin Yüksel “Pulitzer Ödüllü Bir Şairin Tozla Yazılmış Romanı: “İz” mətnində 2019-cu ildə “Be With” adlı əsəri ilə ən yaxşı şeir nominasiyasında Pulitser mükafatı qazanmış Forrest Qander adlı amerikalı bir şair, tərcüməçi, esseist ve yazıçının romanı haqqında danışır. Əsərdə bir-birini sevib ailə quran ər-arvadın ziddiyyətli həyat yolundan, onların oğullarından nəql etsə də, təhlilçi romanda poeziyanın yerindən söhbət açır. Biri akademik, digəri sənətçi olan iki nəfər çölün ortasında qalır.
Roman “yaxınlıq və tənhalığın incəliklə işləndiyi bir roman” kimi səciyyələndirilir. Oxucunu daim zərif bir kədər hissi çulğalayır. Münasibətlərinin kövrəkliyi, valideyn olmağın çətinlikləri, bir-birini həm çox sevmələri, həm də günahlandırmaları... Bütün bu ürəkparçalayan səhnələr yandırıcı, qorxulu və insanı qaçmağa vadar edən səhra mühitində baş verir. Bütün bunlara baxmayaraq onlar oğullarını sevirlər...
Feyza Cengiz Dündar “Əvəzedilməz” (“Yeri Dolmayacak Olan”) mətni əzizlərini itirmiş hər kəsin səssiz laylasıdır. Mən bunu erkən itirdiyim qardaşımın ruhu üçün oxudum. Mən də bir vaxtlar buna bənzər mətnlər, şeirlər yazırdım. Yazırdım... indi yazmıram, çünki indi reallığı dərk etmişəm, ömrümüzdən çıxanlar bir daha qayıtmırlar.
Şifanur Özçelik Şirin “Səssiz evdə ölüm”ü (“Sessiz Evde Bir Ölüm”) olduqca ağır hekayədir. Sadəcə, susuram. İstərdim hər kəs özü oxuyub təəssüratını yazsın, hər kəs özü nəticə çıxartsın.
Fatma Düzenli Gürün “Veni, Vidi, Vici” hərb sahəsində istifadə olunan ifadələrin başlıq seçildiyi hekayədir. Tarixi mənbələrdən oxumuşuq ki, Roma imperatoru Yuli Sezar qələbə çalıb ölkəsinə qayıdarkən “Veni, Vidi, Vici” sözlərini təxminən eramızdan əvvəl 47-ci ildə Zela döyüşündəki qələbəsinə görə Roma Senatına yazdığı məktubda işlətmişdir. Hekayədə hərbçilərin həyatı bir kəlmə ilə təsvir edilmişdi: arxasında gözüyaşlı qadın, uşaq buraxmamaq üçün heç kəsə bağlanmırdı. Hekayənin son abzası da bəşəriyyətə ismarışdı. Hazırda yenə müharibə edən ölkələr üçün əla dərsdir. Əgər vicdan hissləri oyansa...
Esrin Güvençin qələmə aldığı “Gündəlik” (“Günce”) hekayəsi Azərbaycan poeziyasındakı “Səni unutmaqdan ötrü” şeirini xatırladır. Cabir Novruzun qələmindən çıxan bu şeirdə təsvir olunan məqamlara bənzər hallar yaşayan qəhrəman, görəsən, unutmağı bacaracaqmı?
Şimali Makedoniyadan olan Burcu Aliyinin “İzi qaldı” (“İzi Kaldı”) hekayəsində valideynin övladının təhsili ilə bağlı həddindən artıq tələbləri təsvir olunur. Mənəvi-psixoloji təzyiq altında imtahan verən qız stres keçirir, getdikcə səhhəti korlanır. İki ailənin müqayisəsi də hekayədə yer alıb: təhsilsiz valideynin qızı oxumaq üçün sarsıntı keçirdiyi halda professorun qızı məktəbi atıb ərə gedir.
Berna Ünalerin “İzlərin izində” (“İzlerin İzinde”) hekayəsinə nəzər salaq. Hekayənin qayəsi: nə iz, nə də iz buraxan unudulur. Müəllif fikrində haqlıdır. Mətn gözəl düşüncələrdən ibarətdir.
Əlif Ərdoğan “Yaşamağı bu qədər dəyərli edən iz” (“Yaşamayı Bunca Zahmete Değer Kılan: İz”) hekayəsində təhlilinə tarixdəki ilk izlərdən başlayır. İzi dəyərli, yaddaqalan fikirlərlə qiymətləndirir. Maraqlı yanaşmaları oxuduqca adam ətrafında indiyədək görmədiyi izləri görür.
İz mövzusunda daha bir mətni Büşra Akel “İzi qalan şeylər” (“İzi Kalan Şeyler”) başlığı ilə yazıb. Hər müəllifin öz baxış bucağı var və bunların hər biri ilə razılaşmaq olur. Düşünürəm ki, təhlil edərkən mətnlərin ədəbi zövqünü zəiflədə bilərəm, həm də oxucunu istiqamətləndirmək istəmirəm. Hər mətni özünüz oxusanız, daha çox zövq almış olarsınız. Mən, sadəcə, xülasəsini yazdım.
Fatma Tutak: “Ardınca düşüləsi bir sehr” (“İzi Sürülen Bir Hokus Pokus”) – Qədim şaman adətindən bəhs edən hekayə iz mövzusuna sadiq qalıb. Şamanın yerinə yetirdiyi ritual, əslində, insana yolunu-irizini göstərir. Hekayədə bu, aydın ifadə edilib. Belə bir vaxtda düşmən hücuma keçir, qocaları öldürür, hər yeri talayıb qızları qaçırır, amma Ayca qızın tədbirli olması hekayənin müsbət sonluqla bitməyinə səbəb olur.
Ani bir məqam qəlbimizi alt-üst edə bilir. Kiçik bir əşya, hansısa musiqi xatirələrimizin oyanmasına səbəb olur. Bir də həsrət var, ağır həsrət... illərlə yolunu gözlədiklərimiz var. Onları sənə xatırladan hər şeyi bağrına basmaq istəyirsən. Afide Nur Tonğanın “Pəncərə axtaran” (“Pencere Arayan”) hekayəsində əlindən tutan kişidən atasının qoxusunu duyan qadın bir anın içində neçə ilin ağrısını yaşayır. Atasını görmək, onun qoxusunu almaq üçün zamanı dayandırmaqsa mümkün deyil.
Ömrümüzü kimə etibar edə bilərik? Özümüzün mənəvi qayda-qanunlarımızı əsas xətt götürüb yaşamalı ikən kiminsə çəkdiyi xətlə gedə bilərikmi? Həyatımızın sükanını başqasının əlinə verməliyikmi? Ömür yolumuzda bizə bələdçi vacibdirmi? Firuze Yiğit Akburakcı “Sizi kim izləyir?” (“Sizin Stalkerınız Kim?”) mətnində bu suallara cavab axtarır. Əgər öz daxilindən güc almırsansa, xaricdən söykəndiyin gücə sonadək güvənə bilməzsən; o müvəqqətidir, hər kəs öz mənəviyyatına uyğun bir xətt seçib, o xətt üzrə inkişaf edir.
Dini mövzuları sevənlər üçün Hüseyin Yarımın “Adəm ilə Elbis” (“Âdem ile Elbis”), dilçiliklə məşğul olanlar üçün də Furkan Kılıçın “Dilin kölgəsini əzmək: türk dilinin fəlsəfi oyanışı” (“Dilin Gölgesini Çiğnemek: Türkçenin Felsefi Uyanışı”) mətnlərinin maraqlı olacağını zənn edirik.
Hilal Uluğun “Ehtimal” (“Bir İhtimal”) hekayəsində ehtimallarının, xəyallarının insanı yaşamağa sövq etməsindən, amma bunlar boşa çıxanda acı reallıqla üz-üzə gəlməyinin onun üçün ağır olmasından bəhs edilir. Həyat budur, hər şey ehtimal etdiyin kimi deyil.
İbrahim Gürelin “Niyazın tam vaxtıdır” (“Tam Vaktidir Niyazın”) hekayəsinin mövzusu minlərlə fərqli talelərin eyniləşdiyi yer – uşaq evidir. Burada hamı eyni taleni yaşayır. Burada hamının ata-ana sandığı cavabdeh şəxslər eyni olur. Hamı – qardaş-bacı olmayanlar bir evdə yaşayır. Burada hamının xatirəsi eyniləşir. “Yaralı quşlar digər quşları yarasından tanıyır”. Olduqca təsirli cümlədir.
Bütün yaralı quşlara şəfa diləyirik.
Salih Varlının şeirləri haqqında resenziyanı İbrahim Eryiğit “Avizədəki vergüllərin işığında” (“Avizedeki Virgüller’in Işığında”) sərlövhəsi ilə yazıb.
İnsan bəzən xatirələrdən də xoşbəxt olur. Gələcəkdən çox keçmişlə yaşayır, əgər o keçmiş keçməyibsə, demək, bu gün kimi qəbul edilə bilir. Birini sevib ona bağlananda yoxluğunu da sevirsən. O yoxluğa sarılıb var olursan. Bunu yaşamayan duymaz. İlhan Gerimterli “Gedənin arxasından” (“Gidenin Arkasından”) hekayəsini oxuyan bu fikirlərlə razılaşar.
Sevim Melis Samur Dağdelenin “Çəpgöz” (“Şaşı”) mətninə nəzər salaq. Müharibənin ilk izi uşaqların arasındakı kiçik davalardır. Uşaq davalarına əhəmiyyət verməyən böyüklər də olur, onlara qoşulub bir-biri ilə savaşanlar da. “Çəpgöz” maraqlı uşaq xatirəsidir. Uşaqların ailə tərəfindən həddən çox sıxışdırılması onları bəzən qorxaq kimi yetişdirir. Hekayə qəhrəmanının mətbəxdən əlinə nəsə alıb çıxdığı məqamda oxucunun ağlına qorxunc fikir gəlsə də, sonda onun stəkan götürdüyü bəlli olanda həm təəssüflənir, həm də üzünə təbəssüm qonur.
Sonu sual doğuran hekayələri oxuyanda narazı qalan oxucular yəqin ki, Miraç Şevval Acarın “Məhəllədəki” (“Mahalledeki”) hekayəsini oxuyandan sonra düşünəcəklər: görəsən, o qız nə üçün gəlmişdi? Ona kim oraya gəlməyi demişdi? Müəllifi hekayəni qəfil bitirdiyinə görə qınayacaqlar, bəlkə, sonluğu təzədən özü yazmaq həvəsinə düşənlər də olacaq. Oxucu ilə yazıçının qovğasına qarışmaq bizə düşməz. Oxuyub özləri qərar versinlər.
Əminə Tutu “Gözəl meşə” (“Yakışıklı Orman”) hekayəsində bir qızın faciəsi duyğusal hisslərlə anladılıb. Bəzən insanlardan qaçıb təbiətə sığınmalı olursan. Bir ağac, bir əlçim bulud, axar sular həmdəmin olur. Bəzən xilasın da onlardan asılıdır, əgər xilas demək mümkündürsə...
“Deyilə bilməyən şeylər deyilənlərdən qabağa keçdi”. Bəli. Çox vaxt davanı sükut salır. Çox vaxt ayrılığa səssizlik səbəb olur. Çox vaxt birindən qəlbinin soyuması üçün bağırmağına ehtiyac qalmır, səssizliyindən usanırsan. Bəzən sevəni sevdiyinin etdiyi deyil, etmədiyi uzaqlaşdırır. Esra Demirtaşın “Keçib getməyən günorta” (“Geçip Gidemeyen Bir Öğle Vakti”) mətni duyğularımızı əvəzimizə söyləyən bir mətndir.
Hikmet Şimşekin “Gəlsən də, gəlməsən də” (“Gelsen de Bir Gelmesen de”) mətnində sual edilir: Görəsən, hər şeyi öz zamanında etməyə insana nə mane olur? Mətndə bu suala cavab yoxdur, amma mətnin doğurduğu hisslər adamı hər şeyi zamanında etməyə səsləyir. Sonra peşman olmamaq üçün gözləniləndə gəlin. Gecikməyin.
Ali Hakan Öztürkün “Yolda” (Kipr, Lefkoşa ) adlı fikirləri ilə mətni tamamlayaq:
Xof insanı özündən də şübhələndirir. Bəzən birinin bir ovuc işığa həsrət olan dünyasına sənin şübhələrin ayaq açar. Gümanları, şübhələri qovaq, yoxsa hər şeyi qara rəngdə görərik, yoxsa işıqlı insanlara, aydın sabahlara ümidimiz itər. Gözəl günlərə inanaq.
Beləcə bitir “Güftə ədəbiyyat”ın son səhifəsi.


Bakı -°C

