Tamerlan Rüstəmov: “Bu qərar fintexlərin pul köçürmələri sahəsində fəaliyyətlərini daha da genişləndirəcək” - MÜSAHİBƏ

Milli Məclisdə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi qəbul edilib. Qanun layihəsi ödəniş sistemlərinin, xidmətlərinin və təşkilatlarının, elektron pul təşkilatlarının və sistem operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Yeni qanun nəticəsində həyata keçiriləcək yeniliklər barədə Banklar Assosasiyasının ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri, “Bank of Baku" ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov “MediaPost”a müsahibə verib.
Adalet.az müsahibəni təqdim edir:
Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə yeni qanun layihəsində digər məsələlərlə bərabər rəqəmsal ödəniş ekosisteminə aid mühüm dəyişikliklər öz əksini tapıb. Mərkəzi Bankın ödəniş sistemləri sahəsində funksiyalarında təklif edilən dəyişikliyi necə qiymətləndirirsiniz?
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda Mərkəzi Bankın ödəniş sistemlərinə aid funksiyasına əsasən, Mərkəzi Bank müəyyən çərçivədə, daha dəqiq ancaq iki fərqli formada olan banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemləri üzrə konkret tədbirlər, yəni bu ödəniş sistemlərinin fəaliyyətin təşkil edilməsi, əlaqələndirilməsi, tənzimlənməsi və onların üzərində nəzarəti həyata keçirə bilər. Qlobal maliyyə bazarlarında rəqəmsal ödəniş ekosisteminə yeni maliyyə institutlarının daxil olması, texnoloji dəyişikliklərin və innovativ həllərin tətbiqinin sıçrayışla baş verməsini nəzərə alsaq, inkişaf trendlərinin zamanında izlənərək daha adekvat tədbirlərin görülməsi baxımından bu redaksiyanın dəyişdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Rəqəmsal ödənişlər sahəsində qabaqcıl islahatların realizasiyasında və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində beyin mərkəzlərindən biri olan Beynəlxalq Hesablaşmalar Bankının müəyyən etdiyi əsas prinsiplərə əsasən maliyyə sisteminin effektiv fəaliyyət göstərməsi üçün ödəniş sistemlərinin təhlükəsiz və effektiv olması kritik əhəmiyyət daşıyır. Yeni qanun layihəsinə əsasən, Mərkəzi Bankın funksiyalarından biri də ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsidir. Bu redaksiya beynəlxalq maliyyə institutlarının müəyyən etdiyi istiqamətlə uzlaşmaqla yanaşı, ekosistemdə Mərkəzi Bankın sərbəstliyini və çevikliyini təmin edir.
Mərkəzi Bank tərəfindən hazırlanan “Ödəniş xidmətləri və ödəniş sistemləri” haqqında qanun layihəsində lisenziya əsasında müxtəlif iqtisadi subyektlər tərəfindən ödəniş sistemlərinin təşkili nəzərdə tutulmuşdur. Yeni redaksiya qeyd edilən qanun layihəsi ilə uzlaşaraq, mövcud funksiyanın məhdudlaşdırılmadan daha geniş formada həyata keçirilməsini təmin edir.
Bank ictimaiyyətində müzakirə edilən mühüm əhəmiyyətli məsələlərdən biri də ödəniş kartları ilə əməliyyatlarda interçeync xidmət haqlarının tənzimlənməsidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi üzrə yeni qanun layihəsi Mərkəzi Banka bu haqlarının yuxarı həddini müəyyən etmək imkanı verir. Ekspert olaraq bu məsələyə dair mövqeyiniz nədir?
İlk öncə qeyd edilməlidir ki, interçeync xidmət haqları ödəniş ekosisteminin hər bir iştirakçısının maraqlarına toxunan məsələdir. Bu məsələyə fərqli prizmalardan baxsaq, emitent banklar üçün müxtəlif cashback və bonus kompaniyalarının həyata keçirilməsi, əlavə dəyər gətirən xidmətlərin təqdim edilməsi üzrə xərclərin qarşılanması baxımından məqbul səviyyədə yuxarı xidmət haqlarının tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Ekvayer banklar isə əksinə xərclərinin azaldılması, bir sıra hallarda təsərrüfat subyektləri ilə əməkdaşlıqdan yaranan maliyyə itkilərinin qarşılanması və digər məsələlər baxımından bu xidmət haqlarının aşağı salınmasında maraqlıdırlar. Ölkə və ya regionda formalaşmış ödəniş ekosisteminin xarakterik xüsusiyyətləri baxımından interçeync xidmət haqlarının tənzimlənməsi üzrə fərqli yanaşmalar mövcuddur.
Cari ilin 13 iyul tairixində Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş “Debet kartlar üzrə interçeync xidmət haqları və marşrutlama” haqqında qaydalara əsasən emitent bankın elektron debit əməliyyatlarında əldə edəcəyi və ya tutacağı interçeync xidmət haqqı elektron ödəniş əməliyyatının icrası ilə bağlı emitentin xərclərinə münasibətdə ağlabatan və proporsional olmalıdır. Digər bir nümunədə, Avropa Parlamenti və Şurası tərəfindən 29 aprel 2015-ci ildə qəbul edilmiş “Kart əsaslı ödəniş əməliyyatları üçün Interçeync xidmət haqlarının tənzimləməsi” adlı qaydalara əsasən, ödəniş sistemləri tərəfindən maliyyə institutlarını öz brendləri altında ödəniş kartlarını emissiya etməyə inandırmaqları nisbətən yuxarı interçeyn xidmət haqlarının tətbiq edilməsinə səbəb olur. Qaydalara əsasən fərqli interçeyn xidmət haqlarının mövcudluğu və onların həcmi daha aşağı və ya interçeync xidmət haqqı tətbiq etməyən yeni iştirakçıların ekosistemə daxil olmasını məhdudlaşdırır. Həmçinin, təsərrüfat subyektlərinə, istehlakçılara və innovasiyaların tətbiqinə mənfi təsir göstərir. Bu xidmət haqqının tənzimlənməsi isə daxili bazarın fəaliyyətinin yaxşılaşmasına və istehlakçılar üçün əməliyyat xərclərinin azaldılmasına xidmət edəcəkdir. Məzh ekosistemin xarakterik xüsusiyyətləri nəzərə alınaraq, interçeync xidmət haqları üzrə daha aşağı səviyyədə müəyyən edilmişdir.
Ölkəmizdə formalaşmış ödəniş ekosistemində interçeync xidmət haqlarının tənzimlənməsinə bir sıra faktorlar təsir göstərir. Nümunə olaraq, ekvayer şəbəkəsinin az sayda bankda təmərküzləşməsi, rəqəmsal ödənişlərdə drayver elementinə çevrilmiş cashback və bonus layihələrinin realizasiyası, yüksək interçeync haqlarına əsaslanan ödəniş kartlarının emissiyasının genişlənməsi nümunə olaraq göstərilə bilər. Bu sahədə beynəlxalq təcrübədə geniş müşahidə edilən digər faktor maliyyə institutları tərəfindən ödəniş kartları sahəsində gəlir və xərclərin tam müəyyən edilməməsidir. Nəticə etibarı ilə qlobal miqyasda baxsaq, tənzimləyici-nəzarətedici qurumlar tərəfindən interçeync xidmət haqlarının tənzimlənməsi üzrə yüksək həddin müəyyən edilməsin alət olaraq geniş tətbiq edilir. Hesab edirəm ki ödəniş ekosisteminin üzvləri tərəfindən birgə razılaşdırılaraq əsaslandırılmış mövqeyin nümayiş etdirilməsi bu məsələdə həlledici rol oynaya bilər.
Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Visa Inc.” beynəlxalq ödəniş sistemi və Mərkəzi Bank ilə birgə keçirilən Fintex Sammit 2023-də iştirak etdiyiniz paneli diqqətlə izlədim. Fintexlərlə bağlı səsləndirilən suala cavab olaraq bildirdiniz ki, “fintexlər bu gün yox, ancaq sabah banklar üçün rəqibdir”. Daha çox hansı ödəniş xidmətləri sahəsində bu müşahidə ediləcək?
Panel çıxışımı mövcud ekosistemdə banklarla fintexlər arasında rəqabət münasibətlərində artıq tənzimlənməsi zəruri olan məsələlər üzərində formalaşdırmışdır. Nümunə olaraq, SMS məlumatlandırma xidməti, ödəniş sistemlərində iştirak, qlobal internet şəbəkəsindən istifadə, MCC kodların təyin edilməsi, ödəniş kartı məlumatları ilə işin təşkili, rəqəmsal platformalar və onların iş prinsipləri və digərlərini göstərmək olar.
Ölkəmizdə formalaşan fintex ekosistemi üzrə aparılan təhlillərə əsasən, fintexlər elektron pulun emissiyası, elektron ticarət platformaları, pul köçürmələri, ödəniş şlüzlarının təşkili kimi sferalarda daha aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin qəbul olunması fintexlərin pul köçürmələri, müxtəlif ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, əsasən də açıq bankçılıq sahəsində fəaliyyətlərini daha da genişləndirəcəkdir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə yeni qanun layihəsində xüsusi tənzimləmə rejimi haqqında tələblər daxil edilmişdir.
50.1. Mərkəzi Bank maliyyə bazarlarında innovativ xidmət və məhsulların (bundan sonra - innovativ məhsulların) sınaqdan keçirilməsi məqsədilə xüsusi tənzimləmə rejimi tətbiq edə bilər. Beynəlxalq təcrübədə Sinqapur, İngiltərə, Avstraliya və digər dövlətlərdə tətbiq edilən sandbox rejimi innovativ həll və texnologiyaların tətbiqi, ekosistemin rəqabət qabiliyyətinin artırılması, habelə yeni inkişaf hədəflərinin əldə edilməsi baxımından mühüm addımdır. Qanun layihəsinə əsasən ölkəmizdə xüsusi tənzimləmə rejimi ancaq innovativ məhsul və xidmətlərin tətbiqinə fokuslaşmalı, bərabər iştirak və istehlakçıların hüquqlarının müdafiəsi təmin edilməlidir. Test rejiminin 5 il ərzində qüvvədə olması, təşkilatın xüsusi tənzimləmə rejimi çərçivəsində fəaliyyət göstərməsi haqqında istehlakçıların məlumatlandırılması təmin edilməlidir.
Digər Xəbərlər

Qızılcadan necə qorunmaq olar? - MÜSAHİBƏ

"Azərbaycanın inkişafına “Galt & Taggart” ın qeyri-ciddi münasibəti..." - İqtisadçı ilə MÜSAHİBƏ

İlham Əliyev “Euronews”a müsahibə verib - YENİLƏNİB + VİDEO

Daimi yorğunluğumuzun səbəbi nədir? - MÜSAHİBƏ

"Mavi gözlüm, sənə görə, qürur hissi keçirirəm!" - Şəhid anası ilə MÜSAHİBƏ

QİÇS-ə yoluxanları müalicə etmək mümkündürmü? - MÜSAHİBƏ

“8 ay müddətində şəhəri təhvil vermişik” - MÜSAHİBƏ
