adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
19 May 2022 12:49
1014
MÜSAHİBƏ

"Tapdanmış yolla getsəniz, izləriniz qalmayacaq..." - MÜSAHİBƏ

Bədii ədəbiyyat ruhun əvəzsiz qidasıdır. Ədəbiyyat mənəvi dünyamız üçün çox vacibdir.Bu mənada yazılmış bədii nümunələri doğru – dürüst ifadə etmək, düzgün qiraət də əsas məsələlərdən biridir. Bir sözlə biz bu gün bu mövzuda danışacağıq. Mövzu ilə bağlı Adalet.az saytının müsahibi yazar – qiraətçi Mehriban Məhərrəmovadır.

-Oxucularımıza, lütfən özünüzü təqdim etməyiniziistərdim!

-Mən Mehriban Məhərrəmova yazıçı-qiaətçiyəm.Ölkəmizin cənub bölgəsinin Lənkəran şəhərində sənətkar ailəsində dünyaya gəlmişəm.. Atamın yüksək ustalıqla tikdiyi ayaqqabılar şəhərimizin insanları tərəfindən çox bəyənilirdi... Onun peşakar olmasa belə özünəməxsus qəzəlləri var idi. Ondan yadigarisə bu sətirlər yaddaşımda qalıb:

 

Mən də bir kitabın bəstəsi oldum.

Şeirin-qəzəlin, ustası oldum.

Bir kimsəsizin mən, xəstəsi oldum.

Gördüm ondan mənə, şəfa tapılmır..

 

-Bir yazar – qiraətçi olaraq bu sahəyə maraq sizdə nə zamandan yaranıb?

-Ümumiyyətlə ədəbiyyata marağım düşünürəm ki, anamın danışdığı nağıllardan, rəvayətlərdən, hekayələrdəki bayatıları obrazlı şəkildə pəstdən oxumağından meydana gəlib, yaradıcılığımda dərin izlər buraxıb..

 

Canım Ana, gözüm Ana

Sənə vardır sözüm Ana

Ana mən Qəribəm, Qərib..

 

Və yaxudda S.Vurğunun "Ceyran" şeirini dərslikdə keçdiyimiz gün, bu günkü gün kimi yadımdadır.. Şeiri mahnı kimi gözəl şəkildə züm- zümə edib oxumuşdu... Mənə elə gəlir ki,şeirlərimin çox zaman birbaşa müsiqi ilə yaranmasında anamın əməyi vardır.. Bu irsi olaraq onun mənəötürdüyü, ana məhəbbətinin övlad-bala sevgisinin təzahürüdür.. Anamda müşahidə etdiyim bu gözəl xüsusiyyətlər,yəni onun gözəl səsinin, avazının sehri məni 9 yaşımda Müəllimlər evinin nəzdindəfəaliyyət göstərən ansamblda özfəaliyyətə başlamağa sövq etdi.. Ötən 2021ci ildə doğma yurdum haqqında yazdığım "Şəxsiyyət vəsiqəsi" sərlövhəli lirik poemamdakı bu sətirlər o günlərə işarədir...

Yadıma düşür bəzən,

O günlər ala-toran

Mənə dogmalarımdan,

Əziz xatirələrim

Vardır səndə, Lənkəran!

Ömrümün sonunadək

Onlar olacaq bəsim,

Musiqiyə həvəsim

Müəllimlər evinin, Divarlarında qalıb

Mənim uşaqlıq səsim..

 

Azərbaycan çox zəngin ədəbiyyata malik bir odlar diyarıdır...Zamanına görə çox dərin təfəkkürə,elmə sahib ədibləri, mütəfəkkirləri, qələm ustadları olub, dahilər yetişdirib və yetişdirməkdədir... Ədəbiyyata marağıməndə ilk ədəbiyyat müəllimim, hörmətli pedaqoq, canlı ensiklopediya kimi tanınan, ilk olaraq əruzda sonet çələngi yazan Mustafa xan nəvəsi Mirhaşım TALIŞLI olub...

Mərhum müəllimimi poemamın sətirlərində belə vəsf etmişəm;

 

Şeir, qəzəliyyatda

Var isə dəsti xəttim

Demək göstəricidir,

Müəllimə hörmətim.

 

Mustafa xan nəvəsi

Mirhaşım Talışlıydı

Ədəbiyyat müəllimim.

Bir ömür borcu ona,

Hər şeirim, hər sətirim...

 

Xatırladım ki, ilk dördlüyü dördüncü sinifdə yazmışam.. Artıq 35 yaşından sonra isə professional şəkildə şeirlər, ibrətamiz hekayələr, esselər yazmışam..Ən sevindirici hal isə seiriyyatındərin dəryası sayılan əruz elmidir ki, nə qədər bu elmə talib olmağımı da hər halda qəzəllərimi muğam ustalarının ifasında dinləyənlər deyə bilər...

- Bədii nümunələrin düzgün səslənməsi, bədii qiraətlə bağlı indiki ölkəmizdə situasiya necədir? Bu barədə fikirləriniz!

-Bədii nümunələrin düzgün səslənməsi, bədii qiraətlə bağlı ölkəmizdəki vəziyyətə gəlincə, qiraətlər ürək açandır desəm bu düzgün olmaz.

Tarixdən bildiyimizə görə lap əvvəllər qiraət və ifadəli oxu tərzi yox dərəcəsində olub. Daha sonrakı illərdə Aydın Qaradağlı, Soltan Nəcəfov, Əli Zeynallı kimi qiraət ustaları meydana çıxıb.. Mənə gənclik illərimdəƏminə Yusifqızı, Həsən Əbluc kimi qiraətçiləri dinləmək nəsib olub.. Hətta bu sıralamada 2018 ci ildə haqq dünyasına qovuşan, dramatik rolların öhdəsindən məharətlə gələn məhrum akterFuad Poladovun adını çəkmək yetərli olar..5 may 2018 ci ildə ona "nura doğru yolda məqamınız yüksək olsun" duasının ardıyca birbaşa bu sətirlər yarandı;

 

Nə deyəsən bu dünyanın

Amansızca gərdişinə.

Tülkü olsan,ya da aslan

Bir-bir vuracaq dişinə.

 

İnsan bə'zən mat qalıbdır

Onun belə vərdişinə.

Ürəklər fəryad qoparır

Yaxşıların gedişinə.

 

Tüklü olmaq çox asandır

Aslan olmaq isə çətin.

Azadlığda gizlənibdir

Aslanlığı hər millətin.

 

Belə sənət fədailərini dinlədikcə həm zövq alır, həm də məndə ifadəli oxu vərdişləri formalaşırdı... Zaman keçdikcə bədii ifaçılığın hər növünə məhəbbətim artır, bir ustad qiraətçi kimi tanınmağa başlayırdım..Heca vəznli şeirlərin qiraəti, əruz vəznli şeirlərin qiraətindən çox fərqlidir... Heca vəznli şeirlərin qiraəti daha sadədir..Burada hecaların daxili bölgüsü, intonasiya, vurğu əsas sayılır... Durğu işarələrinin tələffüzündən İrəli gələn intonasiyaya mütləq əməl olunmalıdır..Əruz vəzninə gəldikdə burada vəziyyət daha mürəkkəbdir...Bu vəzndə qiraət edənlər əruzun bəhrlərini, təfilələrini mükəmməl bilməlidir... Əks halda heca qiraətindən fərqli olaraq qiraətçi gülüş obyektinə çevrilər... Azərbaycan ədəbiyyatında Əli Fəhmi, Əkrəm Cəfər kimi əruzun nəzəri cəhətdən biliciləri olub.. Müasir Azərbaycan ədəbiyyatında son zamanlar əruz vəznində yazan Şair Qəzəlxanlar çoxalmışdır... Onlardan əruzun sirlərini mənə öyrədən hörmətli Ustad Qəzəlxanımız Hacı Qəzənfər Talibi, Zülfüqar Həbibini, Əli Ələmini, Xanım qəzəlxanlardan Gülara Xanım Munisin adlarını misal çəkə bilərəm...

-Sizin fikrinizcə şeiri ifa etmək çətindir yaxud yazmaq?

- Şeiri ifa etmək çətindir yaxud yazmaq sualınıza gəlincə... Ümumilikdə Söz özü ruhani məqama bağlıdır.İstənilən şeir nümunəsi dahilərimizin qələminin qüdrətindən yaranıb... Onları yazmaq çətin başa gəlib..Hər sözün batini mənasına varıblar, bəzən bir qafiyəni günlərlə axtarıblar..Dahilərdən qalan kəlamlar bizə bir sübutdur...Biliriniz, şeir həcm etibarı ilə kiçik olsa da, özündə ehtiva etdiyi mənalar baxımından zəngin bir əsərdir... Əlbəttə ki, söhbət əsl şeirdən gedir. Və bu fikrin təsdiqi üçün bizim dahi söz ustadlarımız olan İ.Nəsimi, M. Füzuli, Seyyid Ə. Şirvani kimi şairlərimizin əsərlərinə nəzər etməyimiz kifayətdir.. Bütün bunlara baxmayaraq bədii qiraətlə məşğul olmağın da öz sirləri və çətinlikləri vardır.

-Söyləyə bilərsinizmi qiraət fəaliyyətiniz sırf şeirləmi məhdudlaşır yoxsa əksinə?

- Qiraət fəaliyyətim sırf şeir səsləndirməklə bitmir.. Vaxtaşırı yazdığım esseleri, mənsur şeirləri Qələmə aldığım ibrətamiz hekayələrimiqəzəllərimi habelə qələm dostlarımın müxtəlif janrda əsərlərini səsləndirirəm... Hər bir əsər növündən asılı olmayaraq (epik, lirik,dramatik) dəqiq və mükəmməl qiraətə ehtiyacı vardır... Qiraət zamanı qayda-qanuna əməl olunmadıqda, o əsər öz dəyərini itirir...Hər bir halda bədii əsər real həyatı əks etdirdiyi üçün qiymətli və dəyərlidir..

- Bir yaradıcı şəxs – qiraətçi olaraq sizin üçün şeirdə və ya digər bu kimi bədii nümunədə hansı özəllik olmalıdır ki, siz ona heyran olasınız və onu səsləndirəsiniz?

- Ümumiyyətlə heyran olmadığım əsərləri səsləndirmirəm. Ona görə ki,seçdiyim əsərlərdə sözlərin dərinliyi mənim üçün çox vacibdir. Bəsit sözlər mənim üçünmaraq kəsb etmir. Ayrıca, sözlərin batını mənasıəsərdə dərin verilməlidir. Hər bir sözün irfanı mə'nasına varıb, onun sətiraltı məna yukunu araşdırmağa çalışıram və bu mənə zövq verir.

-Sonda gənc şairlərə, yazarlara və qiraətçi olmaq istəyən gənclərə nə kimi söyləmək istədikləriniz var?

Gənc şairlərə, yazarlara və qiraətçi olmaq istəyən gənclərə demək və xatırlatmaq istərdim ki, qələm sahibi olmaq Allahın hər bəndəsinə vermədiyi fitri istedaddır...Zorla yazıçı-nasir, şair-qəzəlxan olmaq mümkün deyil, eyni zamanda zorlagözəl səs sahibi olmaq da mümkün deyil.. Ürək madiyyatı İdrak edir... Yazdığınız hər bir sətir qəlbinizdən çıxıb oxucunun qəlbinə yol tapa bilmirsə cəfəngiyat yazıb özünüzü aldatmayın.. Yadda saxlayın ki, sənətkarın yadda qalması üçün onun xüsusi yolu, məxsus ifa üslubu olmalıdır. Heç zaman başqasının yolu ilə gedənlər mənzil başına gedib çıxa bilməzlər. Həyatda sənətkar kimi yaşamaq üçün hər kəsin öz dəsti-xətti, öz açdığı cığır olmalıdır. Tapdanmış yolla getdikdə,o yoldaizləriniz qalmayacaq. Sizdən qabaq gedənlərin izləri onların öz ismini yaşadacaqdır...

- Mehriban xanım maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Bundan sonrakı fəaliyyətinizdə sizə daha çox uğurlar arzulayıram.

- Mən də sizə təşəkkür ediərm və saytınıza da uğurlar olsun.

Söhbətləşdi: Bünyamin Bünyadzadə