30 Oktyabr 2025 10:17
78
ƏDƏBİYYAT

TARİXİLİK VƏ MÜASİRLİYİN VƏHDƏTİNDƏ İKİ YARADICI ŞƏXSİYYƏT

Nurlanə Məmmədova

Filologiya üzrə fəlsəfə doktoru

 

 

Ömür fraqmentlərdən ibarət bir kitabdır. İnsanın müxtəlif yaş mərhələlərini əhatə edən bu kitabda gənclik illəri gələcəyin qurulmasında təsdiq pafosunu gözləyən hadisələrlə zəngindir. Bədirxan Əhmədlinin “Nəriman Əbdülrəhmanlının nəsri: tarixilik və müasirliyin vəhdəti” kitabı mənə təhsilimin magistratura pilləsində pedaqoji ustalığı ilə seçilən Bədirxan müəllimi xatırlatdı. Bədirxan müəlliminin tədqiqatçı kimliyini xarakterizə edən cəhət Azərbaycan ədəbiyyatşünaslığında mərhələlər və istiqamətlər üzrə problematik məsələlərə aydınlıq gətirməsidir. Bu yaxınlarda “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə), “Zamanın yaddaşı: ədəbi diskurslar”, “Bir ömrün missiyası” kitablarının nəşri yaradıcı şəxsiyyətin elmi zəkasının çoxşaxəliyini göstərən mətnlərdir. Tədqiqatlarında klassik irsə səyahəti üstün tutan professorun yaradıcılığının yetkin çağlarında müasir dövrün ədəbi prosesinə diqqəti artırması təcrübənin üzərində biliklərini nümayiş etdirməsinə şərait yaradır. 2023-cü ildə nəşr olunan çağdaş zamanla tarixiliyin dialektik vəhdətində təhlil edilən Nəriman Əbdülrəhmanlının yaradıcılığına həsr etdiyi kitabına diqqət yetirməyimizin bir çox səbəbləri vardır. İlk səbəb yazıçının yaradıcılığının müəllim səriştəsinə bağlı izahlı və sistemli şəkildə verilməsidir. Digər tərəfdən isə həm yazıçı yaradıcılığının əsas məziyyətləri, həm də tədqiqatçının araşdırmasının obyektivliyi üzə çıxır. Bu tədqiqat Bədirxan Əhmədlinin və Nəriman Əbdülrəhmanlının yaradıcılıqları üçün səciyyəvi olan keçmişə qayıdışı müasir prosesə bağlı olaraq xarakterizə edir. 

Bədirxan Əhmədlinin Sabit Rəhmandan başlayan yolda müasir nəsrə yönəlməsi həm yazıçı ilə ədəbiyyatşünasın gənclik illərindən tanışlığı, həm də ədəbiyyatşünasın  yazıçının nəsr yaradıcılığına dərindən hakim olması ilə bağlıdır. 80-ci illərdə başlayan dostluq münasibətləri bu yaradıcılığın hansı istiqamətlərdə inkişafını mərhələli şəkildə izləməyə imkan vermişdir. Kitab Nəriman Əbdülrəhmanlının həyatı və yaradıcılığı haqqında sistemli bir tədqiqat əsəri xarakteri daşıyır və onun yaradıcı dünyasını hərtərəfli tanıdır. Bədrixan Əhmədlinin qələmində həyati gerçəkliyə sadiq, emosional və obyektiv Nəriman Əbdülrəhmanlı obrazı yaranır. Publisistikadan nəsrə yönələn yolda bədii düşüncə onun fəaliyyətində əsas element kimi qiymətləndirilmişdir. Kitab portret-oçerk mahiyyətlidir. “Kimdir Nəriman Əbdülrəhmanlı?” sualının cavabı tədqiqatda tam aydınlığı ilə həllini tapır. Bədirxan Əhmədli yazıçının yaradıcılığına 3 aspektdən yanaşır:

  • Tarixi konsepsiya baxımından faktın nəsrə uyğunlaşdırılmasında roman janrının əhəmiyyətinə diqqət çəkmək;
  • Sadədən mürəkkəbə gedən yolda hekayəçi kimi xarakterik yaradıcı şəxsiyyəti üzə çıxarmaq;
  • Hekayədən romana doğru inkişaf edən yazıçı qələmində yeni nəsr texnologiyasının işlənməsinə nəzər yetirmək.

Bütün bunlar məhsuldar bir yazıçı modelini xarakterizə edir. İlkin başlanğıcdan təkamülə, yetkinlik mərhələsinə qədər izlənən bu tədqiqatda hekayə yaradıcılığına 3 mərhələdə nəzər salınmışdır:

  1. Axtarışlar mərhələsi: “Məktub”, “Bayrama üç gün qalırdı”, “Çəpər”, “Çıxış”, “Dönüm”, “Gecələmə”.
  2. Ənənəvi təhkiyədən uzaqlaşma mərhələsi: “Yelçəkən”, “İşıqsızlıq”, “Kişi qırığı”, “Kəpənək”, “Cümə axşamı”, “Şeytan mövsümü”.
  3. Üslubun sabitləşməsi mərhələsi: “Gözəl kişi”, “Ağ bayraq”, “Qapı”, “Təsadüfi adam”, “Yarımçıq gün”, “Qardaşımın ölümü”, “Səsindən yıxılan”, “Təkan”.

Bədirxan Əhmədli onun yaradıcılığını səciyyələndirən cəhəti sosial gerçəklikdə düşündürmək və insan psixologiyasını məşğul etməklə əlaqələndirmişdir. Tədqiqatçı dərk prosesində sarsıntı keçirən, bəxti gətirməyən qəhrəmanlar silsiləsinə diqqəti yönəltmişdir. Xüsusilə, “Göy adamı” və “Dönəlgə” povestləri bu mövqedən təhlil edilmişdir.

Yazıçının hekayələrində hadisələrin təsvirinin psixoloji məqamlarla müqayisədə arxa plana keçməsi tədqiqatçının diqqətini cəlb edən cəhətdir. “Gözəl kişi”, “Ağ bayraq”, “Qapı” hekayələrində qapalı çevrə modeli, “Təsadüfi adam” hekayəsində geridönmə effekti, “Təkan” hekayəsində güman modeli, “Yarımçıq gün” hekayəsində assosiativ yanaşma üzərində təhlilini aparan ədəbiyyatşünas yazıçının üslubunda özünü göstərən keçmişə səyahət, başlanğıc nöqtəyə qayıdış, montaj elementlərindən istifadə, qəhrəmanlarını idarə edən müəllifin görünməsi, oxucunun əsərin daxilinə sirayət etməsinə şərait yaradan yönləndirmə yazı stili, obrazın fərdi deyil, ümumi mahiyyətinə önəm verilməsi və sosyo-mədəni toplumu təmsil etməsi məsələlərinə toxunmuşdur.   

Bu kitabda iki obraz aydın seçilir: Nəriman Əbdülrəhmanlı və Bədirxan Əhmədli. Bir tərəfdən ədəbiyyatda yazıçının yeri, digər tərəfdən isə ədəbiyyatşünaslıqda tədqiqatçının mövqeyi bir-biri ilə uzlaşdırılır. Az tədqiqat əsəri tapmaq olar ki, bu yaxınlıq təmin edilir. Ya tədqiqata cəlb edilən subyekt qabarıq üzə çıxır, ya da tədqiqatçının kimliyi mühüm rol oynayır. Bədirxan Əhmədlinin kitabı isə yazıçının məharətini və tədqiqatçının üslubunu göstərən mənbədir. Ədəbiyyatşünasın şərh üsulunu “niyə?” və “necə?” suallarına cavabı əsasında qurması tədqiqatın elmi dəyərini artırır.

Tarixi mövzuya müraciət keçmiş dəyərlərin və millilik faktorunun tarixi hadisə və şəxsiyyət timsalında gələcəyə ötürülməsində mühüm amildir. Tarixi mövzuda yazılan əsərlərin ədəbi prosesdə əsas rolu tarixi şəxsiyyətləri daha çox tanıtması ilə bağlıdır. Həm də tarixi mövzu müasir həyatı dərk etmək, keçmişin çağdaş dövrə təsirini müəyyənləşdirməyə xidmət edir. Gələcəyin proqnozlaşdırılması keçmişdə gizlənir. Ədəbiyyatşünas yazıçının romanlarında tarixə qayıdışı ənənəvi meyillərlə və yeniliklə bağlayır. Tarixi xronotop bacarığını diqqətə çatdırmaq istəyən müəllif “zamanı tarixdə yaşatmaq” və “tarixi zamanı yaşatmaq” anlayışlarını qarşı-qarşıya qoyur. Söz, bədii qələmin gücü tarixi faktları daha yadda qalan və əlçatan edir. Bu zaman obyektivlik və müəllif niyyəti də əsasdır. Çünki yazıçı mövcud quruluşun və ideologiyanın təsirinə də düşə bilər, xalqın tarixi yaddaşına da söykənməyi üstün tuta bilər, öz düşüncə tərzində seçdiyi mövzuya yanaşmasını da ifadə edə bilər. Bu cəhətdən Nəriman Əbdülrəhmanlının romanlarında tarixin işlənmə səciyyəsi haqqında Bədirxan Əhmədlinin tədqiqatı geniş imkanlar açır. “Könül elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti”, “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi”, “Yolçu”, “Taclı”, “Şəms” romanlarında “keçmiş – bu gün – gələcək” üçbucağının qurulmasında mədəniyyətə diqqəti yönəldir. Bu romanların təhlilləri zamanı, tarixi keçmişi bədii təxəyyüllə zənginləşdirən yazıçının tədqiqində Bədirxan Əhmədlinin nəzəri dünyagörüşü üzə çıxır. Janr baxımından “Yalqız”ın roman-assosiyasiya, “Yolsuz”un roman-psixo, “Könül elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti”nin roman-macəra, “Yolçu”nun roman-salnamə, “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi”nin roman-xronika, “Taclı”nın roman-triptix, “Şəms”in roman-qeybnamə adlandırılmasını məzmun xüsusiyyətləri ilə əlaqələndirməkdə haqlıdır. Çünki bu əsərlərdə ruhi dünyaya eniş, insan hisslərinə daxili müdaxilə, qəhrəmanların sərgüzəştləri, tarixi hadisələrin əhatəli mənzərəsi, hadisələrin ardıcıllıqla təsviri əsasdır. “Şəms”də XII-XII əsrlər, “Taclı”da XV-XVI əsrlər, “Könül elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti”ndə XVI-XVII əsrlər, “Yolçu”da XVII-XVIII əsrlər, “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi”də XIX-XX əsrlərdə baş verən hadisələrin oxucuya təqdiminin yazıçı intuisiyası ilə əlaqələndirilməsi zamanı millilik məfhumu novatorluqla uzlaşdırılır. Bu əsərlərdə fakt və təxəyyül bir-biri ilə mübarizə aparır. Bədirxan Əhmədlinin “Mətndə yazıçının dili, təhkiyəçinin dili və sənədlərin dili də son dərəcə üzvi şəkildə çulğaşıb, bütöv bir üslub yaradır. Hətta romanda hansı detalın tarix, hansı detalın isə bədii təxəyyülün məhsulu olduğunu söyləmək  o qədər də asan deyil” fikri təsdiq edir ki, oxucu əsəri tarixin əvəzedicisi kimi qəbul edir. Həqiqi tarixi və yaradılan tarixi aydınlaşdırmaq çətinləşir. Bu üslub təsvir edilən məlumatların doğruluğunu sorğulamaq məsələsini arxa plana keçirir.

Nəriman Əbdülrəhmanlı romanlarının tarixi şəxsiyyətləri ətrafında baş verən hadisələrə münasibət bildirir, uydurma qəhrəman olmadıqlarını və əsərlərin sənədli material olduğunu sübut edir. Onun əsərlərində sərhəd anlayışı itir, tarix, avtiboqrafiya, fantastika kimi elementlər bir-birini tamamlayır. Bədirxan Əhmədli “Yalqız” və “Yolçu” romanlarında modernist düşüncədən, “Könül elçisi, yaxud Don Xuan de Persia - Oruc bəy Bayatın hekayəti”, “Yolsuz”, “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi” romanlarında postmodernist tələblərdən bəhs etməklə yazıçının üslubunun polifonikliyi məsələsini qabartmışdır. “Əlahəzrət bədii mətn” kriteriyasını işlədən Bədirxan Əhmədlinin “yazıçı yaşadığı dünyanın gerçəkliklərini qəlbinin və ağlının süzgəcindən keçirərək, yeni dünya yaradır” ifadəsi dünyanın mətndən görsənən üzünə diqqəti cəlb edir. Belə ki, bədii mətnin dünya ilə münasibətində təhkiyə daxili aləmdən oxucunun cəlb edilməsinə yönəldilir.

Bədirxan Əhmədli elə bir tədqiqat əsəri ortaya qoymuşdur ki, sistemliliyi və hərtərəfliliyi etibarilə Nəriman Əbdülrəhmanlı haqqında yazılacaq tədqiqatlara həm istiqamət verir, həm də tədqiqatçıların işini çətinləşdirir. Çünki bu kitab yazıçının ədəbi prosesdə yerini tam aydınlaşdırır. Kitab yalnız ədəbiyyatşünaslıq üçün tarixi əhəmiyyəti ilə seçilmir, eyni zamanda ədəbiyyatşünasın özünün mütəxəssis roluna yenidən baxmağa şərait yaradır.