adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Noyabr 2023 12:01
9311
MÜSAHİBƏ

"Tayfa birliyini dövlətə çevirən Qara Yusif teymurilərə boyun əyməyən qüdrətli hökümdar olub"- MÜSAHİBƏ

Oğuz tayfalarından olan Qaraqoyunlular və ya Baranilər sülaləsininidarə etdiyi tayfa ittifaqıxalqımızın formalaşmasında yaxından iştirak etmişlər. Qaraqoyunlular 1375–1468-ci illərdə Azərbaycan, Şərqi Anadolu və Şimali İraq ərazilərini idarə ediblər. Bu ay Azərbaycan Qaraqoyunlu dövlətin qurucusu Qara Yusifin (əsl adı Cəmaləddin Əbu Nəsr Qara Yusif ibn Məhəmməd Barani) anım tarixidir.

Tariximizin elə səhifələri var ki, gənclərimiz hələ də o səhifələrdən bixəbərdir,Qaraqoyunlular dövlətinin dövlətçilik tariximizdəki əhəmiyyətindən ,Qara Yusifin  bir sərkərdə, görkəmli dövlət xadimi, tarixi şəxsiyyət olduğundan məlumatsızdır. Odur ki, bu gün Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında tədqiqatların və  monoqrafiyanın müəllifi Tarix İnstitunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidən bu mövzudakı suallarımızı cavablandırmağı xahiş etdik

-Tofiq müəllim, əvvəlcə oxucularımıza Qaraqoyunlu adının mənşəyi haqqında məlumat verin. Çünki bu sözün yaranması ilə bağlı müxtəlif versiyalar var.
 

-Fransız şərqşünası J.Dogininin fıkrincə, Qaraqoyunlu türkmanları bayraqlarındakı qara qoyun rəsminə görə Qaraqoyunlu adlanıb. XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovet tarixşünaslığında qəbul olunub. Lakin bu fikirlə razılaşmaq mümkün deyil.

Çünki tayfa və sülalənin öz adını bayrağındakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Türkiyə tarixçisi Faruq Sümern fikrincə, bayraqlarında qoyun rəsmi olduğu üçün qaraqoyunluların bu adı almasına aid Qərb müəlliflərinin iddialarının heç bir elmi əsası yoxdur. O, öz fikrini orta əsr qaynaqlarında bununla bağlı heç bir məlumatın olmaması ilə əlaqələndirir. Belə qənaətə gəlmək olar ki, Qaraqoyunlu tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfık onqon (totem) imiş və ona görə də tayfa bayraqlarında bu onqonun (qoç) şəkli çəkilirmiş. Bir qrup tarixçilər belə qənaətdədir ki, qaraqoyunlular bayraqlarına qoç başı təsvirləri qoyaraq qədim onqonlarının xatirəsini yaşatmışlar. Bəzi tarixçilər isə hesab edirlər ki, Qaraqoyunlu adı türklərin islamaqədərki dövrdə inandıqları Qoyun toteminə əsaslanır. 

- Qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya gəlişi ilə bağlı datarixçilər  arasında fərqli fikirlər var...

-Qaraqoyunluların Azərbaycanailk gəlişləri haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda Qaraqoyunluların Ağqoyunlularla birgə Arqun xanın zamanında Türküstandan Azərbaycana gəldikləri, Ərzurum və Sivas bölgələrində yerləşdikləri bildirilir. Digər məlumatlara görə, 30 min çadırdan ibarət olan qaraqoyunluların Monqol zülmündən qaçaraq başçıları Törəbəyin rəhbərliyi altında Türküstandan Azərbaycana gəldikləri və buradan Şərqi Anadoluya köç etmələri bildirilir. Orta əsr təzkirəçisi Dövlətşah Səmərqəndi öz təzkirəsində Qaraqoyunlulara dair məlumat  verib. O, Qaraqoyunlu hökmdarı İsgəndər haqqında yazır:

"İsgəndərin soyuna gəlincə o, Qara Yusifin, Qara Yusif də Qara Məhəmmədin oğludur. Bunların əsli uzaq Türküstanda Qazqurd dağlarındadır.Əski zamanlarda Azərbaycan və Bitlisə gəlmişlər. Köçəridirlər".

Hindistanda yazılmış və Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkməniyyə" və "Tarixi sultan Qütbşahi" adlı əsərlərdə Qaraqoyunluların 599-cu (1202-1203) ildə Qara  Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstandan Azərbaycana və Şərqi Anadoluya gəlməsi və onların burada daim gürcülərə və tatarlara qarşı mübarizə aparmasından bəhs olunur.Tanınmış türk tarixçisi, professor Faruq Sümer bu mə"lumatın doğru olduğunu güman edir. O, öz fikrini Monqol istilasına qədərki dövrdə Qaraqoyunlulara aid heç bir məlumatın olmaması ilə əsaslandırır. F.Kırzıoğlu isə bu məlumatdakı 599 rəqəminin hicri tarixi olmadığı qənaətindədir. O, belə hesab edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş yayılmış “İskəndər təqviminə” əsaslanmışdır.

Çünki 1202-1203-cü illərdə Anadoluda "Gürcülərə qarşı savaşa" və "tatarlara qarşı müqavimətə" imkan və lüzum yox idi. Şübhəsiz ki, Qaraqoyunlu tayfalarının ilk vətəni Azərbaycan olmuşdur və Şərqi Anadoluya  da buradan köçmüşlər. Azərbaycan türkdilli tayfaların Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşdiyi üçün onlar burada daha əvvəl məskunlaşmışlar. Görünür, sonralar Qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda  məskunlaşmış və Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar. Türk tarixçilərinin araşdırmalarında da monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyü qeyd olunur. Güman etmək olar ki, sonralar onlar da Qaraqoyunlu tayfalarına birləşmiş və Azərbaycanda Qaraqoyunlular dövlətinin yaranmasında yaxından iştirak etmişlər.

-Qaraqoyunlular tayfa birliyindən dövlət quruluşuna keçirlər. Bu proses necə baş verir? Qara Yusifin burda rolu nədir?


- XIV əsrin II yarısında Qaraqoyunlular Cəlairilərə tabe olaraq Mosul bölgəsində qışlayıb, yayda Van gölü bölgəsində Ərcişdə yaşayırdılar. Elxanilər dövlətinin süqut etməsi ilə türkman tayfalarının hakimiyyəti başlanır. Tayfalararası mübarizədə əvvəlcə Hüseyn bəy qalib gələrək öz əmirliyini elan edir. Lakin bu mübarizədə Qaraqoyunlu Bayram Xoca Hüseyn bəyin ən yaxın əmirlərindən biri kimi tanınır. 1351-ci ildə Bayram Xoca Hüseyn bəyi öldürdükdən sonra Mosulu tutaraq bəyliyin başına keçdi. Beləliklə XIV əsrin II yarısındaVan-Ərciş bölgəsi mərkəz olmaqla şimalda Ərzurumdan cənubda Mosula qədər  uzanan Şərqi Anadolu bölgəsində Qaraqoyunlu bəyliyi yarandı. Bu bəylik 11 tayfadan təşkil olunmuşdu. Bu tayfalar aşağıdakılardır:Baranlu, Qaraqoyunlu, Sədlu, Baharlu, Qaramanlu, Alpavut, Cagirli, Hacılu, Ağaçəri, Bayramlu, Dögər.

Bu tayfalardan əlavə, Qaraqoyunlu birliyinə kürd əsilli Süleymani və Mahmudi tayfaları da qoşulmuşdu.1366-cı ildən etibarən Bayram XocaCəlairi sultanı Şeyx Üveyslə müharibədə uduzur, lakin 1374-cü ildəŞeyx Üveys ölən kimi vergi verməyi dayandırır və Mosul üzərinə növbəti səfərinə çıxır. Qaraqoyunlu hakiminin bu yürüşü uğurla nəticələnir. Hətta Mosul bir il ərzində Qaraqoyunluların nəzarətində qalır. Bayram Xocanın öz hakimiyyətini möhkəmləndirməsi Cəlariləri narahat edirdi və bu səbəbdən 1377-ci ildə Cəlarilər Ərciş üzərinə hücuma keçirlər. Nəticədə, Qaraqoyunlular Cəlarilər dövlətinə vergi ödəməyə razı olurlar. 1380- ci ildə Bayram Xocanın ölümü ilə əlaqədar olaraq Qaraqoyunlu bəyliyinin başına (oğlu olmadığına görə) qardaşı oğlu Qara Məhəmməd gəlir.

- Qara Yusifin atası...

-Bəli.Qara Məhəmməd Qaraqoyunluların təsir dairəsini daha da genişləndirir, Şərqi Anadolu və Suriya ərazilərinə hücumlar təşkil edir və Teymurilərin hücumlarına qarşı çox məharətlə bəyliyi müdafiə edirdi. 1382- ci ildə Qara Məhəmmədin yardımı ilə Cəlarilər dövlətində hakimiyyəti sultan Əhməd ələ keçirir. Qara Məhəmməd və yeni Cəlairi sultanı arasında yaxşı münasibətlərin mövcudluğu hətta qohumluq münasibətlərinin yaranmasına səbəb olub. Belə ki, Qara Məhəmməd öz qızını sultan Əhmədə ərə verir. 1387-ci ildə Şərqi Anadolu üzərinə hücuma keçən Teymur ona itaət etməyən və hakimiyyətini tanımayan Qara Məhəmmədi ticarət karvanlarına hücum etməkdə günahlandırır. Teymurilərin hücumuna məruz qalan Qaraqoyunlu bəyliyinin başçısı Çapaqcura doğru geri çəkilməsinə baxmayaraq, baş vermiş döyüşdə teymuriləri məğlub edə bilir. 1388-ci ildə Təbrizə daxil olan Qara Məhəmməd şəhərdə tam hakimiyyəti ələ keçirməyə nail olur. Lakin, 1389-cu ildə Bayram Xocanın öldürdüyü Hüseyn bəyin oğlu Pir Həsənin üsyan qaldırır və onunla qarşılaşmada Qara Məhəmməd öldürülür. Türkman tayfaları Pir Həsən bəyin hakimiyyətini qəbul etməyərək Qara Məhəmmədin oğlu Misir Xocanın ətrafında toplansalar da, Qaraqoyunlu bəyliyində hakimiyyəti Qara Yusif ələ keçirir.

- Tayfa birliyini dövlətə çevirən Qara Yusif dövrünün çox ağıllı, zirək və uzaqgörən şəxsiyyətlərdən olması məlumdur. Amma Ağqoyunlularla aralarında ixtilaf nədən yarandı? Niyə bu 2 oğuz türkü olan dövlət bir-birinə düşmən oldu?

-Oğuzların Yivə boyundan olan Qaraqoyunlularla Bayandur boyundan olan Ağqoyunlularla ədavətin kökləri XIV əsrin 30-cu illərində Elxanilər dövlətinin zəifləməsindən sonra Şərqi Anadoluda bir-biri ilə mübarizəyə başlayan Cəlairi və Sutayoğulları xanədanları arasındakı mübarizədə Qaraqoyunluların İraqdakı Cəaliriləri, Ağqoyunluların isə bu ailəyə düşmən olan və Mosul-Diyarbəkr bölgəsinə hakim olan Sutayoğullarının xidmətinə girməsi ilə bağlı idi. Mənşə etibarı ilə qohum olan və əmiuşağı hesab olunan Qaraqoyunlularla Ağqoyunlular arasında yaylaqlar və otlaqlarla bağlı ədavət artıq düşmənçiliyə çevrilməyə başlamışdı. Əmir Teymurun yürüşləri dövründə Ağqoyuluların Əmir Teymurun müttəfiqinə çevrilməsi Qaraqoyunlularla ədavəti daha da gücləndirmişdi.


- Əmir Teymurla Qaraqoyunlu Qara Yusif arasında ədavət nə ilə bağlı idi?


- 1386-cı ildə Əmir Teymurun Azərbaycana yürüşü zamanı ona müqavimət göstərən qüvvələrə Sultan Əhməd və Qara Yusif başçılıq etmişdi. Əmir Teymur həm Qaraqoyunlu, həm də Ağqoyunlu bəylərinə ona itaət göstərilməsi ilə bağlı elçi göndərir. Lakin Qaraqoyunluların Teymur hakimiyyətini tanımaq istəməməsi tərəflər arasında münasibətləri kəskinləşməsinə səbəb olur. 1394-cü ildə Bağdad yaxınlığında Sultan Əhməd və Qara Yusif Teymuri ordusuna məğlub olur. Əmir Teymur ordusu Azərbaycanda möhkəmlənsə də, Əlincə qalası 14 ilə yaxın ciddi müqavimət göstərdi. Teymuri ordusunun hücumları uğursuz oldu. Azərbaycanda baş verən hadisələr, eləcə də Teymurun başlıca rəqibləri olan Qazi Bürhanəddinin və Məmlük sultanı Bərkükun ölümü 1399-cu ildə onu Azərbaycana yeni yürüşə vadar edir.

Teymur ordusunun Bağdadı ələ keçirməsi Qara Yusif və Sultan Əhmədi Qara Yusif Cəlari sultanı Əhmədlə birlikdə Məmlük əmirindən sığınmatələb edir. Lakin Məmlük sultanına sığınmağa vadar edir. Lakin bu istək qəbul edilmədiyinə görə Qara Yusif və sultan Əhməd Osmanlı sultanı İldırım Bəyazidə sığınmaq məcburiyyətində qaldı. Əmir Teymur İldırım Bəyazidə elçi göndərərək Qara Yusifin ona verilməsini tələb edir. Lakin Əmir Teymurun istəyini qəbul etməyən İldırım Bəyazid Ağsaray bölgəsini Qara Yusifə verir. Yusif burada 8 aya yaxın qalır. 1402-ci ilin yanvarında bölgəni tərk edir və Bağdadı ələ keçirməyə çalışan sultan Əhmədə yardım göstərir. Lakin Teymur ordusunun yaxınlaşması onları Bağdad ətrafını tərk etməyə vadar edir.

- Hə, deməli, Əmir Teymurla Sultan Bəyazidin arası bu nöqtədə pozulur...

-  Qara Yusifin teymurilərlə növbəti qarşılaşması Bağdad yaxınlığında baş verdi. 1403-cü ildə Qara Yusif Hillə döyüşündə Teymuri Əbu Bəkrə məğlub olaraq Suriyaya çəkilmək məcburiyyətində qaldı. Qara Yusif yardım almaq məqsədilə Şama gəlmiş və Şam naibi Şeyx Mahmudi tərəfindən yaxşı qarşılanmasına baxmayaraq Məmlük sultanının göndərdiyi əmrlə həbs edilir.

Sultan Əhmədlə eyni həbsxanaya düşən Qara Yusif Cəlari hökmdarı ilə əhd-peyman bağlayır. Əgər azad olunsalar Qara Yusif Azərbaycanda, Sultan Əhməd isə Bağdadda möhkəmlənməli idilər. Teymurun istəyi ilə Məmlük hökmdarı onların öldürülməsi əmrini versə də, Şam naibi əmri yerinə yetirmir və hər ikisini azad buraxır (1405-cilin yanvarı).

Qara Yusif Şamdan Bitlisə, buradan Vana gələrək öz hakimiyyətini möhkəmləndirməyə başlayır. 1405- ci ilin fevralında Əmir Teymur ölmüş və onun imperiyası parçalanmağa başlamışdı. Bu dövrdə atası tərəfindən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu Əbubəkir və Mirzə Ömərlə birlikdə Azərbaycanda və İranın qərb torpaqlarında taxt - tac uğrunda mübarizə aparırdılar. Azərbaycanda Teymurun varisləri arasında hakimiyyət uğrunda davam edən mübarizə, Qara Yusifin nüfuzunun möhkəmlənməsinə və genişlənməsinə imkan yaradır. Bu mübarizədə Şirvanşahlar dövləti xüsusilə fərqlənirdi. Şirvanşah I İbrahim yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarının Şirvanşahlar dövləti ətrafında birləşdirməyə çalışırdı.

O, Gəncə hakimi Yar Əhməd Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cakir və gürcü çarı Konstantinlə əlaqələrini möhkəmləndirdi. Şirvanşah I İbrahim 1406 - ci il mayın sonunda Təbriz şəhərini ələ keçirir. Lakin şirvanşah Təbrizdə möhkəmlənə bilmir və Cəlairi hökmdarı Sultan Əhmədin Təbriz üzərinə yürüşünü xəbər aldıqdan sonra şəhəri tərk edir. Elə bu dövrdə Azərbaycanda hakimiyyət uğrunda siyasi mübarizəyə qoşulan QaraYusif 1406-cı ildə Azərbaycanın, İraqi-Əcəmin və Ərəb İraqı nəzarət altına saxlayan Teymurun varisləri ilə mübarizəyə başladı.

İlk qarşılaşma 1406-cı ilin payızında Naxçıvanda Araz çayı sahilində baş verdi. Bu döyüşdə Qara Yusifə Teymuri ordusunu məğlub etdi, Əbu Bəkr döyüş meydanından qaçdı. Qara Yusif qələbənin ardınca Naxçıvana gəldi. 1408-ci ilin aprelində Qara Yusif Təbriz yaxınlığında Sərdurud düzündə teymurilərlə ikinci dəfə qarşılaşır və böyük qələbə qazanır. Bu qələbə nəticəsində Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu. Mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Qara Yusif tezliklə ətraf əraziləri də ələ keçirməyi planlaşdırır.

- Qara Yusifin bu plandan xəbəri olmamış deyildi.... Yəqin ki...
 

- Qara Yusif Bistan bəyi Əcəm İraqına göndərdi və bu səfər nəticəsində Sultaniyyə və Qəzvin Qaraqoyunlu hakimiyyətinə qatılır. 1409-cu ildə Amid yaxınlığında Ağqoyunlulara qalib gələn Qara Yusif Mardinə sahib olur. Bu dövrdə Qara Yusif və Cəlari Sultan Əhməd arasında münasibətlər pozulur. 1409-cu ildə Sultan Əhməd Qara Yusifə elçi göndərərək Həmədan və ətrafərazilərin ona verilməsini istəsə də, Qaraqoyunlu hökmdarı bu təklifə rədd cavabı vermişdi. Sultan Əhməd Qara Yusifin Ərzincanı mühasirədə saxlamasından istifadə 
edərək 1410 - cu ildə Bağdaddan Təbrizə doğru hərəkət edir.

Cəlari hökmdarının Təbrizə hücumunu xəbər alan Qara Yusif Təbrizə doğru istiqamət alır. Təbriz yaxınlığında Əsəd kəndində baş vermiş döyüşdə Qara Yusif mühüm qələbə qazanır. Ələ keçirilən Sultan Əhməd öldürülür. Qara Yusifin öz mövqeyini möhkəmləndirməsi və Əcəm İraqını ələ keçirmək təşəbbüsləri Teymuri sultanın Şahruxla münasibətləri kəskinləşdirir. Təəssüf ki, Teymurilər sultanı Şahruxla döyüşmək üçün xəstə olmasına baxmayaraqyola çıxan Qara Yusif yolda — Uçan şəhərində13 noyabr 1420-ci ildə vəfat etdi. Onun nəşi oğlu Cahanşah Həqiqi tərəfindən Ərcişə aparılaraq dəfn edilib. Ciddi müqavimət olmadığına görə Sultan Şahrux Azərbaycanı işğal edir.

-Dövlət iflas etdi?

- Xeyir, Qara Yusifdən sonra oğlu Qara İsgəndər, Cahanşah Həqiqi vəoğlu Həsən Əli 1468-ci ilə qədər dövləti idarə etdilər. 1468-ci ildə Azərbaycanda Qaraqoyunlu sülaləsinin hakimiyyəti sona çatdı.
 

- Tofiq müəllim, maraqlı söhbətə görə, təşəkkür edirik! Zənnimcə, mövzumuz hələ tamamilə bitməyib. Düşünürəm ki, gələn dəfəki söhbətimizdə Qaraqoyunlular dövlətinin mahiyyətini və Qara Yusifin şəxsiyyətini oxucu kütləsinə yaxından tanıtmaq üçün növbəti söhbətə ehtiyac var.

Söhbətləşdi Əntiqə Rəşid