07 Iyul 2025 16:22
104
DÜNYA

“Tesla” şirkətinin səhmləri ucuzlaşır

İnvestorlar İlon Maskın yeni siyasi partiya yaratmasının elektrik avtomobil istehsalçısı üçün əlavə problemlər yaradacağından narahat olduqları üçün “Tesla” şirkətinin səhmləri ABŞ-da kəskin şəkildə ucuzlaşır.

Adalet.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, “Tesla”nın səhmləri bazar ertəsi günü birjalardakı ticarətdə 7 faizdən çox ucuzlaşıb və bu, Nyu-York birjasının açılışında şirkətin dəyərinin təxminən 70 milyard dollarının silinməsi təhlükəsi yaradır.

“Tesla” şirkətinin dəyəri 1 trilyon dolların altında qiymətləndirilir, lakin onun sahibi İlon Maskın ABŞ Prezidenti Donald Trampla münasibətləri səbəbindən onun səhmləri təzyiq altındadır. İnvestorlar isə Maskın diqqətinin gündəlik işindən yayınacağı və ya Ağ Evin onun biznesini cəzalandıracağı ehtimalından narahatdırlar.

Donald Tramp bazar günü, iyulun 6-da Maskın “Amerika” partiyası yaratmaq planlarını “gülünc” adlandırıb və dünyanın ən varlı adamının ünvanına yeni “tikanlı” sözlər ünvanlayıb.

ABŞ Prezidenti “Truth Social” texnoloji platformasında yazıb: “İlon Maskın son beş həftə ərzində necə tamamilə relsdən çıxdığını və mahiyyətcə “DESTROYER”ə (dağıdıcı-red.) çevrildiyini görəndə, çox kədərlənirəm”.