22 Noyabr 2023 12:00
7572
MÜSAHİBƏ

"Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaq"-  MÜSAHİBƏ

Bu gün Türkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycana xüsusi məhəbbəti olan, Azərbaycan üçün də gərəkli addımlar atmış Ənvər Paşanın doğum günüdür.

22 noyabr 1881-ci ildə İstanbulda Divanyolunda dünyaya gəlib. Atası inşaat mühəndisi Hacı Əhməd paşa (həm də Malta sürgünlərindən olub), anası Aişə Dilarə xanımdır. Ata tərəfdən soyu Qaqauz türklərinə dayanır. Ailənin 5 övladından ən böyüyü olub. Əvvəllər Ümumi İşlər nazirliyində məmurluq edən, daha sonra Surre Emini (Surre-i Hümâyûn Alayı Emini) vəzifəsinə gətirilən və mülki paşalığa yüksələn Hacı Əhməd paşanın təyinatlarına görə, Ənvər Paşanın uşaqlığı müxtəlif şəhərlərdə keçib. Qardaş və bacıları Nuru paşa Killigil, Kamil Killigil, Mədiha (general Kazım Orbayın həyat yoldaşı) və Hasenəydir (Saloniki məkrəz komandanı Nazım bəyin həyat yoldaşı).

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə söhbətimiz Ənvər Paşanın Azərbaycan ictimaiyyətinə, xüsusən gənclərə tanıtmaq məqsədi daşıyır.


- Zaur müəllim, çoxdan sizin bir araşdırmanızı oxumuşdum, siz o məqalədə Ənvər Paşanın böyük şəxsiyyət olduğunu çox aydın detallarla ortaya qoymuşdunuz. Sonra o məqalənizi tapıb yenidən oxuya bilmədim. Halhazırda gənclərə onu necə tanıdarsınız?

 - 1920-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının Qurultayında iştirak etmək üçün gələn Ənvər Paşa haqqında mühacir azərbaycanlı siyasətçi Əziz Alpoud Türkiyədə qələmə aldığı xatirələri var. O, Paşa ilə bağlı yazırdı: “Hörmətlə əlini sıxdım, təşəkkür edərək ayrıldım. Arxamda xeyli həmyerlilərimiz yığışmışdı. Mən maşından aralanarkən ağ saqqallı, yaşlı bir qoca iki əli ilə sağ əlimə yapışdı və mən onun nə istədiyini anlayıncaya qədər əlimdən öpdü... Çünki bu əlim Ənvər Paşanın əlinə toxunmuşdu...”

 Alpoud Paşanın Azərbaycan xalqı üçün önəmli, güvənli, sevimli insan olduğunu xatirələrinə əlavə edir: Həmin gün Ənvər Paşa xalqla görüşür, görüş çox möhtəşəm keçir., Əziz Alpoud yazır ki, o anda Ənvər Paşa “Ruslara hücum edin! Qovun bu düşmənləri!” əmrini vermiş olsaydı, millətimiz tərəddüdsüz, kişili-qadınlı həmin an hücuma keçərdi...”

 - Amma Ənvər Paşa Azərbaycan üçün böyük işlər gördü.


 - Bakının erməni-bolşevik işğalından azad edilməsində xüsusi rolu olan hərbi nazir Ənvər Paşa 1918-ci ildə qardaşı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini məsləhət görür. Beləki, hələ 1917-ci ilin aprel ayının əvvəlində Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa Batum şəhərinə gələrək burada Azərbaycan nümayəndələri ilə görüşdü. Azərbaycan nümayəndə heyətinin Ənvər paşadan yardım istəməsi ilə Ənvər paşanın Qafqaz siyasəti üst-üstə düşürdü. Ənvər paşanın Qafqazda islam dövləti qurmaq və Osmanlı ilə Sovet Rusiyası arasında bir bufer dövlət yaratmaq siyasəti Qafqaz türklərinin, o cümlədən azərbaycanlıların müdafiə olunmasını zəruri edirdi. Beləliklə, 1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Ənvər paşa Qafqaz yürüşünü Osmanlı Ordusunun Ənvər Paşa hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi.
Ənvər Paşa qardaşı Nuru Paşanı 1918-ci ildə Azərbaycana göndərir. Həmin ilin mayında Azərbaycana gələrək, Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, türk hərbi qüvvələrinin Azərbaycana vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynayıb.


 - Nəhayət sentyabrın 15-i saat 15:00-dan sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi...


- Ənvər Paşanın Azərbaycana sevgi və ehtiramını təsdiq edən məktubu da var. Ənvər Paşa Nuru Paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”. İndi bu sözləri Ənvər Paşanın ünvanına da yaraşır: Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır!


 - Zaur müəllim, erməni quldurları tarix kitablarında yazırlar ki, Ənvər Paşanın ölümündə Aqop Melkovyan adlı bir bolşevik komandirin əli olub. Doğrudanmı, Ənvər Paşa kimi bir peşəkar hərbçi bir erməni ilə qarşı-qarşıya, təkbətək döyüşdə öldürülüb?


 - Uzun zamandır Sovet dövründə ermənilərin nəzarətində olan tarix kitablarından götürülmə bir faktı dəqiq araşdırmadan hər kəs yazır. Hətta bu günün özündə belə Türkiyə və Azərbaycanda belə bir tarixi yanlışlıq kitablarda və sosial mediada da paylaşılır.  Guya, 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə öldürülüb.Bu günə qədər də hər kəs elə bilir ki, Ənvər Paşa kimi qəhrəmanı hansısa erməni öldürüb. Hətta erməni tarixçiləri lap irəli gedərək yazırlar ki, guya Aqopa Ənvər paşa təkbətək döyüşdə məğlub olub və erməni onu qılıncla doğrayıb. Bu fakt hələ də yazılacaqdı, bu barədə əsl həqiqətlər üzə çıxana qədər..

 -Əsl həqiqət necə imiş?

- Ənvər Paşa bolşevik dəstələrinə qarşı savaşda öldürülüb, lakin nə onu Aqop Melvokyan öldürüb, nə də onun ölümündə bir erməninin rolu olub. Ermənilər yalandan rusların əli ilə belə saxta tarix yazıb, Ənvər Paşanın guya uydurma soyqırıma görə qisasların alıblar.  Əslində isə Georgi Ağabekov Ənvər Paşa əməliyyatında iştirak edib və o baş verənləri bu cür təsvir edib: "Ənvər Paşanın başçılıq etdiyi Basmaçıların qərargahı dağlara qaçdı, lakin ətrafa göndərilən eskadrona rast gələrək döyüşə girdi. Döyüş nəticəsində düşmənin qərargahı darmadağın edilib. Yalnız üç nəfər qaça bildi. Döyüş meydanında 28 cəsəd qaldı. Onların arasında Ənvər Paşa da müəyyən edilib. Qılınc zərbəsi ilə onun başına və gövdəsinin bir hissəsinə zərbə endirildi. O öləndə əlində Quran kitabı var idi".  Ənvər Paşanın dəstəsi - Dövlətmənd bəy, Qazax Murad, Kazanlı Kərim bəy, Müslümanqul, Çərkəz Hüseyn Nafiz, Danyal bəy kimi döyüşçülərdən ibarət idi və Dövlətmənd bəy Ənvər Paşanı arxadan vurmaq istəyən bolşevik əsgərini atın üstündə əlləri ilə boğmuşdu. Sonradan İbrahim bəyin dindirilməsi zamanı o yazmışdı ki, Ənvər Paşa can verən zaman "Hər şey Vətən üçün, hər şey Türküstan üçün" deyib.

 - Böyük Turançı...

 -Türk generalının cənazəsi, eləcə də sənədlər Buxara Qüvvələr Qrupunun xüsusi idarəsinin sərəncamında idi. Kağızlar arasında türk, fars, özbək dillərində sənədlər, şifrələr, məktublar, o cümlədən Tavfia adlı qadından, eləcə də Qrunvalddan uşaqların atalarına almanca yazdığı məktublar var idi. Ənvər paşanın məhv edilməsində xidmətləri M.Nikitinin komandanlığı altında olan sağ kolonda olan 8-ci Başqırd süvari briqadasının 16-cı alayının 3-cü eskadrilyasına məxsus idi. Ənvər paşa sinəsindən beş güllə ilə öldürüldü". Bu rəsmi məlumat idi və bolşevik hökuməti bunu beləcə qeyd edib.
 Lakin Ənvər Paşa öldürülüb dəfn edilməsinə baxmayaraq 11 gün bolşevik dəstələri onun öldüyünü bilməyiblər. Bütün ərazini axtarıblar və nəhayət əsir düşən basmaçlardan biri, İbrabim bəy Ənvər Paşanın döyüşdə öldürüldüyünü etiraf edir. Bolşeviklər 11 gündən sonra həmin ərazidə qəbirləri qazmış, bir-bir meyidləri incələmiş və nəhayət onun cəsədini tapıblar. Bolşeviklər tam əmin olduqdan sonra bu Ənvər Paşadır, onun dəfn edilməsinə izn verib.

- Ermənilər özlərini dünyaya “qəhrəman” sırımaq üçün hər alçaqlığa gedirlər...


- Ənvər Paşa şəhid olduqdan sonra rus hissə komandiri Kulikov tərəfindən əşyaları Daşkəndə, oradan da sonralar Moskva hərbi muzeyinə göndərilmişdi. 1996-cı ildə isə Tacikstan-Türkiyə arasında imzalanan müqaviləyə görə, Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı müəyyən edilib, Türkiyəyə gətirilərək dəfn edilib. Bu günə qədər erməni, rus və Azərbaycan mənbələrinin verdiyi məlumatlar yanlışdır. Ənvər Paşanın cəsədi araşdırılan zaman da əsl həqiqətlər üzə çıxmışdır. İndiyə qədər Aqop Melkumyanın guya təkbətək döyüşdə onun sağ əlini kəsməsi məsələsi də, onun ölümündə nemezsisin rolu da yalan çıxdı, hər hansı bir erməninin onun ölümündə rolu olmadığı da üzə çıxdı. Bir sözlə yenə də ermənilərin saxta tarix yazdığı sübut edildi. Ənvər Paşa döyüşdə kişi kimi vuruşub və sinəsinə beş güllə alaraq ölüb. Əsl Türk törəsinə uyğun...


 - Zaur müəllim, geniş məlumata və maarifləndirməyə görə,  sizə təşəkkür edirəm!
Oxucularımız üçünbildirək ki, Türkiyə prezidenti Süleyman Dəmirəl 1995-ci ildə Tacikistan səfər edir. Müəyyən rəsmi danışıqlardan sonra Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı, 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açıldı. Xarici quruluşundan Ənvər paşaya aid olduğu anlaşılan cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirildi və burada Türk bayrağına sarılı tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlandı.
3 avqust 1996-cı ildə Ənvər Paşanın İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanıldı. Ölüm ildönümü olan 4 avqust 1996-cı ildə Şişli məscidində 8 imamın qıldırdığı cənazə namazının ardından Şişlidəki Abide-i Hürriyət təpəsində, Tələt Paşanın yanında olan məzarda dəfn edildi.

 Söhbətləşdi Əntiqə Rəşid