adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 16:43
72
İQTİSADİYYAT
A- A+

Türkiyənin turizm gəlirləri 2026-cı ilin ilk 9 ayında 51,3 milyard dollara çatıb - FOTOLAR

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında ölkənin 2026-cı ilin üçüncü rübü və ilk 9 ayı üzrə turizm göstəricilərini açıqlayıb. Yanvar-sentyabr aylarında Türkiyənin turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 51,3 milyard dollara çatıb. Bu, ölkə tarixində ilk 9 ay üzrə qeydə alınan ən yüksək göstəricidir. Təkcə üçüncü rübdə turizm gəlirləri 5% artaraq rekord həddə – 25,5 milyard dollara yüksəlib.

Nazir Mehmet Nuri Ersoy bildirib: “Bu il beynəlxalq turizm sektoru bir sıra ciddi çətinliklərlə üzləşib. Regionumuzda baş verən münaqişələr, hava məkanına tətbiq olunan məhdudiyyətlər, eləcə də enerji və aviabiletlərin qiymətlərinin artması insanların səyahət qərarlarına, aviaşirkətlərin uçuş imkanlarına və tur operatorlarının proqramlarına təsir göstərib. Bütün bu proseslər fonunda Türkiyə sabitlik adası kimi ön plana çıxıb.

2018-ci ildən etibarən turizm sektorunun böhranlara qarşı dayanıqlılığını artırmaq məqsədilə ardıcıl addımlar atmışıq. Türkiyə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) yaradılması ilə ölkənin tanıtım fəaliyyətini davamlı və sistemli xarakterə gətirdik. Hədəf bazarlarımızı genişləndirdik, turizm məhsullarımızı şaxələndirdik. Belə bir ildə üçüncü rüb və ilk 9 ay üzrə tariximizin ən yüksək gəlir göstəricilərinə nail olmağımız seçdiyimiz strategiyanın əhəmiyyətini bir daha təsdiqləyir.

Qarşıdakı dövrdə əsas bazarlardakı mövqeyimizi qorumaqla yanaşı, xüsusilə Amerika qitəsi, Kanada, Şərqi Asiya, Afrika və Okeaniya kimi yüksək potensiala malik bazarlarda tanıtım fəaliyyətimizi daha da gücləndirəcəyik”.

2026-cı ilin ilk 9 ayında Türkiyədə turistlərin orta qalma müddəti 0,3% artaraq 10,34 gecəyə, bir gecəlik orta xərcləri isə 4,6% artaraq 107,7 dollara çatıb. Bu müddətdə ölkəyə gələn ziyarətçilərin ümumi sayı 49,1 milyon nəfər təşkil edib. Rusiya Federasiyası (5,70 milyon), Almaniya (5,17 milyon) və Böyük Britaniya (3,20 milyon) Türkiyənin əsas turizm bazarları sırasında ilk üçlükdə qərarlaşıb.