adalet.az header logo
  • Bakı -°C
13 May 2026 09:38
64
ƏDƏBİYYAT
A- A+

“Peyğəmbərin evdə etdiyini, islam çöldə edir”

“Din də, mədəniyyət də insanı assimilyasiya edir. Din üçün assimilyasiya aləti allahdır, mədəniyyət üçün ideologiya və sənət. Quran ayələrində Məhəmməd peyğəmbər hətta evdə sözünə baxmayan xanımlarını da allahın sözləriylə, yəni vəhylərlə assimilyasiya edir. Allahın adından onları digər qadınlardan fərqli olaraq ikiqat cəhənnəm əzabıyla qorxudur, eyni zamanda, ona itaət etsələr, allahın adından digər qadınlardan fərqli olaraq o dünyada ikiqat mükafatlandırılacaqları ilə müjdələyir”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, Peyğəmbərin evdə etdiyini, islam çöldə edir. İtaət etməyənləri allahın qəzəbiylə qorxudur, itaət edənləri allahın mükafatıyla müjdələyir:

“İsa yoxsullara deyir: "Sizin (yoxsulların) qəlbi müqəddəsləşdirilib (təltif edilib), çünki siz (o dünyada) allahı görəcəksiniz".İsa məhz bu sözlərlə assimilyasiya etdiyi xristianları min il "qaranlıq çağa" gömdü. Elə bir qaranlığa ki, vəbaya görə ingilis dindarlar Tomas Hobbsu, ispan dindarlar yəhudiləri günahlandırdı və s. yüzlərlə bu cür məntiqsiz xətalar baş verdi.Yəni dindar assimilyasiya olunmuş insandır və onun üçün ən böyük təhlükə ateizm deyil, deizmdir. Deizm dinin içində yaşayan və hər an dinə qarşı baş qaldıracaq bir qiyamdır. Çünki deist birbaşa allaha inanır, din onun üçün lüzumsuz, hətta zərərli bir yolkəsəndir. Orta əsrlərdə dindarlar ən çox deistləri öldürürdülər. Mənsur Həllac və bir xeyli təsəvvüf filosofu, şairi deist idi, onlar allaha inanır, eyni zamanda dini məntiqli sual və moizələrlə çürüdürdülər”. 

Yazıçının sözlərinə görə, Allaha birbaşa inam dini assimilyasiyadan imtina etməkdir, bu imtina isə cəmiyyətə nəzarətin, hakimiyyətin, milyonlarla vəsaitin, sehrli nüfuzun itirilməsi deməkdir:

“Ona görə deistlər haqqında cürbəcür dedi-qodular yayıb edamlarını legitimləşdirdilər. Deistləri allaha inandıqlarına görə təqib edən din, atestləri də allaha inanmadıqlarına görə təqib edir. Ziddiyyətə baxın. Mədəniyyət isə insanı ideologiya və sənətlə assimilyasiya edir. Məsələn, Hitler almanları ideologiya vasitəsilə faşizmə, Stalin sovet vətəndaşlarını bolşevizmə assimilyasiya etmişdi. Modern Avropa öz insanlarını romanlarla, ABŞ filmlərlə assimilyasiya edir. Sənət adamının azad ruhlu olması fikri də buradan doğur. Yəni sənət adamı heç bir assimilyasiya işində iştirak etməməlidir. Şair insana dində, ideologiyada olanı yox, insanın özündə olanı deməlidir.Çünki dində qəlb var, baş yoxdur, ideologiyada qəlb başın əsarətindədir. Yalnız sənətdə qəlb və baş azaddır, eyni statusa sahibdir. Biz dindən və ideologiyadan tərəfsizlik tələb edə bilmərik. Amma sənətin tərəf tutması bizi əsəbiləşdirir. Qəlbin və başın birlikdə azad olması isə o qəlbin və başın sahibi üçün acınacaqlı bir ömür vəd edir. Azad sənətin şəhidi onu yaradandır. Ona görə də bir çox hallarda sənət adamı başını saxlamaq üçün qəlbini qurban verir. Müasir dünyamızda insan dinin assimilyasiya etdiyi cəmiyyətdən mədəniyyətin assimilyasiya etdiyi cəmiyyətə qaçır. Hətta bəzən ona görə qaçır ki, allaha öz istədiyi kimi inana bilsin”.

Vasif ƏLİHÜSEYN