01 Yanvar 2025 14:30
407
GÜNDƏM

Ucqar rayonlardan 300-ə yaxın təhsil işçisi düşərgəyə cəlb olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə “Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil edilib.

Adalet.az xəbər verir ki, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunan düşərgəyə 300-ə yaxın təhsil işçisi cəlb olunub. Düşərgədə ilk dəfə olaraq respublikamızın ucqar rayonlarında çalışan müəllimlər, eləcə də təhsil sahəsində çalışan şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edib. O bildirib ki, ölkəmizin təhsil sistemində fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi, eyni zamanda, İttifaq üzvlərinin sosial rifahının artırılması, asudə vaxtlarının daha səmərəli təşkili, onların təcrübə mübadiləsi və peşəkar inkişafı ATİAHİ tərəfindən daim dəstəklənir.

Beş gün davam edəcək düşərgədə təhsil işçiləri və onların ailə üzvləri üçün maraqlı proqramlar, təlimlər və əyləncəli intellektual yarışlar keçiriləcək.

Ümumilikdə 300-ə yaxın təhsil işçisinin iştirak etdiyi düşərgə çərçivəsində istirahət mərkəzində “Xatirə bağı” salınacaq, Vətən müharibəsini simvolizə edən 44 ədəd ağac əkiləcək. Məqsəd ətraf mühitin qoruması, ekoloji tərbiyəni gücləndirilməsi istiqamətində görülən işlərə töhfə verməklə yanaşı, təhsil işçiləri arasında ekoloji həmrəyliyin təməlinin qurulmasıdır.