06 Dekabr 2023 15:31
509
GÜNDƏM

Ermənilərin "duduk" əfsanəsi bitdi: "İşğal"dan azad olan BALABAN

Ermənilər uzun illər tək ərazilərimizə deyil maddi mənəvi abidələrimizə də sahiblənməyə həvəsli olublar. Yer adları, tarixi abidələrimiz, milli rəqs və xalq mahnılarımız, milli kulinariyamızın yeməkləri və şirniyyatları ermənilərin oğurluqla mənimsədikləri “qədim erməni inciləri” adı altında dünyaya yayılıb. Bu mənimsəmə prosesindən musiqi alətlərimiz də “nəsibini” alıb.

Hələ qədim zamanlardan Azərbaycanda çox geniş yayılmış nəfəsli musiqi aləti olan balaban ermənilərin murdar xislətinə tuş gəlib. Balabanı “duduk” adlandıran ermənilər bir sıra ölkələrdə, məsələn, ABŞ-da onu özlərinə məxsus musiqi aləti kimi tanıda biliblər. Amerikanları aldatmaq üçün ermənilər ABŞ-da hətta özlərinə məxsus “duduk” məktəbi də açıblar. 

 Əsir düşən, oğurlanan musiqi alətimiz

Bu alət haqqında məlumatlarda deyilir ki, el arasında yastı balaban, ney kimi tanıdığımız musiqi aləti Qafqaz xalqlarınının musiqi alətləri arasında mühüm yer tutur. Balaban azərbaycanca “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlib, “həzin səs” mənasını verir.
Məlumatlarda deyilir ki, balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov xalqımıza məxsusu olan bu aləti qardaş Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada “duduk” kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib.

Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir. Səmədov mediaya bildirmişdi ki, balabanın ifa imkanları olduqca genişdir:” Özünəməxsus gözəl və yumşaq səs temperinə malik bu alətdə muğamları, rəqsləri, pyesləri çalmaq və dinləmək olduqca böyük zövq verir. Adətən tut, qoz, ən çox da ərik ağaclarından hazırlanan balabanın uzunluğu 280- 370 mm-ə qədər, müştüyün uzunluğu isə 9- 10 mm olur. Balabanın bir hissəsi olan müşdüyün ortasına tıxac deyilir. Onu hərəkət etdirmək ilə balabanın səs tonu dəyişir. Balabanın üst tərəfdən 8, alət tərəfdən isə bir dəliyi var.

Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycan bəstəkarları orkestrdə onun solo imkanlarından məharət ilə istifadə edirlər. Üzeyir Hacıbəyovun "İkinci fantaziya" , Müslüm Maqomayevin "Azərbaycan çöllərində", Hacı Xanməmmədovun "Simfoniyetta" və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılır. Amerikanın məşhur violonçel ustası, milli nəfəs alətlərinin mahir ifaçısı İlham Nəcəfovun Azərbaycanda ney və balabanı tanıtdırıb sevdirməsində müstəsna xidmətləri var”.

Bir neçə il əvvəl mediada gedən məlumatlarda deyilirdi ki, bizdə əllə hazırlanan balaban alətini ermənilər artıq xüsusi dəzgahlar vasitəsilə istənilən ölçüdə və istənilən tonalda hazırlayaraq dünyanın müxtəlif yerlərinə, xüsusən də Avropa və Amerikaya "duduk" adı ilə göndərirlər. "Vamelo" adlı şirkət xüsusi qablaşdırmada göndərdiyi balabanın Avropada geniş təbliğatını aparır və dünyaya "duduk"un, yəni balaban alətinin Ermənistana məxsus olduğunu aşılayır. Alətin üzərinə həm "Vamelo Armenia" şirkətinin loqosu vurulur, həm də içərisinə təhrif olunmuş məlumat vərəqəsi qoyulur. Şirkət satışı sayt üzərindən həyata keçirir. Dünyanın istənilən yerindən sifariş qəbul edilir və beynəlxalq çatdırılmalara görə əlavə pul alınmır. Balabanın özü 195 dollara, təkcə qamışı isə 69 dollara satılır.

 

Amma bu belə davam edə bilməzdi


Mədəniyyət nazirliyinin yaydığı məlumatlara görə 4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
UNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair qərar 6 dekabrda elan edilib.
Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" ( Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı"( Azərbaycan və Türkiyə) çoxmillətli faylları var.
Nəhayət, Azərbaycan bir dəyərli sənət incisini erməni işğalından azad etdi.

 Əntiqə Rəşid