13 Fevral 2025 10:45
103
ƏDƏBİYYAT

Unudulmuş ünvan kimi, iz kimi Qəfil yada düşsəm fikrin qarışar…- Əbülfət Mədətoğlu

Küləkli gecənin ŞEİRİ

Elə bil ki, səhradayam, burulğan

Yeri göyə soruşmadan, calayır…

Külək olub ipəyatmaz, qudurğan

Qarşısına nə çıxırsa talayır!..

.

Uğultudan daş-divar da üşənir,

Bağlansa da pəncərə də, qapı da..

Sanki yerə bir vahimə döşənir –

Məqam güdür , dayanaraq qapıda!

.

Diqqətimi yönəltməyə , küləyi –

Körükləyən, imkan vermir, bir anlıq…

Sıxır bu hal sevgi dolu ürəyi –

Gözlərimdə lövbər salır qaranlıq…

.

…Elə bil ki, sondu – bir də geriyə

Dönməyəcək, qaçıb canın qurtarır…

Külək , bu an , keçdiyi hər yer ilə-

Bir şəhərin yuxusunu aparır!

 

Ürəyim ağrıdı

Hər çəkdiyim bal dadanda

Bala, ürəyim ağrıdı…

O dad məni aldadanda –

Bala ürəyim, ağrıdı!..

.

Ovdum, ovcumun içində

Dəni bir az nəm biçəndə!

Xırmandan sel su keçəndə –

Hala, ürəyim ağrıdı!..

.

Çəkilib harda illiyim,

Kipriyin öpüb sildiyim ?…

Mənim dizçökməz bildiyım –

Qala ürəyim, ağrıdı!

.

Sökülən dan – qürub donda

Nə günah var məndə, onda…

İtən gün xal – bil ki, sonda –

Xala , ürəyim ağrıdı…

Adam haqqında ŞEİR

Adamın ruhu tər ola

Ovuda könlün aramla…

Su axa , çuxurlar dola –

Qaysaq dil tapa yaramla…

.

Adamın əli əl tuta

Könlü güvənə bu ələ…

Yuxuda gördüyü buta

Dan üzü ömrünə gələ!..

.

Adamın gözü o gözə

Köçə, ya onu köçürdə…

Baxıb yandığı o, közə –

Həsrətin şişə keçirdə…

.

Adamın adam dözümü

Qoymaya yükü əyilə!..

Sevdirir Həvvam özünü –

Adıma Adəm deyilə!

Sevgidə…

Unudulmuş ünvan kimi, iz kimi

Qəfil yada düşsəm fikrin qarışar …

Bir də görüşəcək kimlər, biz kimi –

Kimlər . gün uzunu küsüb- barışar?!..

.

Atını durmadan çapan xəyalın –

Cilovun çəkməyə tükənir gücüm…

Duyub ağrısını yaşanan halın –

Dözümə kökləyir ruhumu bürcüm!

.

Bir səmt küləyinin. ya da xəzrinin

Cığır tapdağına atdığı yarpaq..

Dünəndən yol gələn sevgi əsrinin –

Göyərə bildiyi son yerdi torpaq!…

.

Qarışmış yuxunun yozumu uzun

İstər suya danış, istər şəkilə…

Vallah məqamıdı , deyəcəm düzün –

Sevgidə yer olmur , gülüm, vəkilə!

Göndər

Məni yuxulara möhtac eləmə –

Hərdən şəkil göndər, hərdən səs göndər!

Sıxım ürəyimə alıb əlimə –

Saçının ucundan bir az kəs , göndər!

.

Dünyada ən gerçək duyum da sənin,

Dizinin üstündə uyum da sənin!.

Havam da əlində, suyum da sənin –

Yaşatmaq istəsən, su, nəfəs, göndər!

.

Bilmirəm ruhumu necə köklüyüm,

Sənli illərimdi sapın sökdüyün…

Budayıb, qalanın çırpıb tökdüyün –

Qalıbdı keçmişdə, dur həvəs göndər!

.

İsitmək istəsən közün yerinə,

Ümid diləyəndə “döz”-ün yerinə…

Gəlsən yuxuların özün yerinə –

Bəs edər inan ki, mənə bəs, göndər!