adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 18:56
79
MƏDƏNİYYƏT
A- A+

 UŞAQ QIĞILTISI - NƏĞMƏ SƏSİ   

Qəmbər Hüseynli - 110

“Əgər musiqinin yoxluğu ilə dünya karlıq vahiməsi ilə üzləşərsə, təkcə “Cücələrim” kifayətdir ki, dünya musiqi xiffəti çəkməsin”, uşaq qığıltısının   təntənəsinə qovuşsun, insanlar yaşamın əbədiliyinə  sevinsin.

”Cücələrim” uşaq  mahnısı həmin qığıltının söz və musiqi ilə ifadə olunan ahəngidir. Gəncəli bəstəkar Qəmbər  Hüseynlinin  körpələri sevərək  onları yaşamın   gözəlliyinə səsləyən bu uşaq nəğməsindəki ilahi fəhm, ilahi duyum və ilahi ahəng bu dünya durduqca var olacaq, əbədiyyətin yaşam təntənəsinə çevrilən uşaq qığıltısı kimi əks-səda verəcək ...

Körpələrin ifasında səslənən bu nəğmə  yaşıdlarının qəlbində   hələ tam dolğunluğu ilə dərk etmədiyi sevinc hissi, şaqraq  duyğular  oyatdı,  böyüklər   isə yaşanın ömrün   qədr-qəymətinin sevincini yaşadı,  bir az da, “necə yaşamışam” sualının doğurduğu  xiffət hissinə   qapıldı...

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  böyük bəstəkar  Qəmbər Hüseynlinin  110 illik yubileyi münasibətilə təşkil olunan tədbir  körpə “cücələrin”  ifasında   bu  ecazkar nəğmə ilə başa şatdı...

Qəmbər Hüseynli Gəncədə  dəmirçi  Məşədi Muxtarın ailəsində dünyaya gəlib.  Dəmirçi atasının  polad  çəkiclə zindan  üzərində  döyəclədiyi dəmirin  yaratdığı   səs,    ritm kimi  onun qəlbində  xoş duyğular oyadıb, eşitdiyi   bu  səs onda   ahəngə   sevgi doğurub və  Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə  Qarabağın el şənlikləri  uşaq  qəlbində oyanan bu ritmə coşqu verib, onu musiqiyə bağlayıb. Görkəmli sənətkarlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Məşədi Cəmil Əmirov və başqa görkəmli ifaçıların çıxışları bu coşqunu, bu arzunu   qanadlandırıb.  Və bu ecazkar musiqi dünyasının cazibəsindən çıxa bilməyib, nota çevrilən  ilk könül çırpıntıları onu  böyük musiqi yoluna çıxarıb.                                               

Filarmoniyanın kiçik  zalında təşkil olunan  tədbir  tamaşaçı anşlaqı ilə keçdi,  əsl ümümxalq sevgisi və  gəncəlilərin öz  həmyerlilərinə, onun  ölməz yaradıcılığına   sonsuz etiramının ifadəsinə  çevrildi. Görkəmli bəstəkarın yaradıcılığında  mahnı və romans  yaradıcılığı xüsusi yer tutur.  Filarmoniyanın  xalq çalğı alətləri ansamblının müşaiyəti  ilə səslənən  “Ay işığında”,  “Gecələr uzanaydı”,  “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən”, “İlk məhəbbət”, “Tellər oynadı”, “Ömrümün yazı” və  ölməz bəstəkarın əbədilik hüququ qazanmış  digər mahnılarının  xalq artisti Şahnaz Həşimova,   əməkdar incəsənət xadimi Mehbarə Cəfərova,  gənc vokalçılar  Xəyal Əliyev, Zamira Mustafayeva  və Samirə Hacıyevanın yüksək sənətkarlıqla  ifaları dinləyicilərdə xoş  duyğular oyatdı. İllərin keşməkeşindən süzülüb   bu  mahnılar  Qəmbər Hüseynli yaradıcılığına sonsuz etiramın ifadəsinə çevrildi  və   alqışlarla qarşılandı.         

Gənc tarzən, musiqi məktəbinin 4-cü sinif şagirdi Rövnəq Binnətlinin məharətlə ifa etdiyi “İlk məhəbbət”  əsəri  Qəmbər Hüseynli yaradıcılığının həmişəyaşarlıq rəmzi kimi səsləndi.           

Qəmbər Hüseynlinin 110 illik  yubileyi münasibətilə təşkil olunan  tədbir   dünyanın müxtəlif ölkələrindən  olan uşaqların doğma nəğməsinə çevrilən “Cücələrim” nəğməsi   gəncəli  körpələrdən ibarət  xorun ifası ilə başa çatdı.  

Bu ümümxalq coşqusu, bu körpə sevinci göstərdi ki, Qəmbər Hüseynlinin  şair Tofiq Mütəllimovun sözlərinə bəstələdiyi,   dünyanın 100-dən  çox xalqının   dilində səslənən,  yüz milyonlarla uşağın   və böyüyün  zövqünü oxşayan, sözün əsl mənasında  Azərbaycanımızın “vizit vərəqi”nə çevrilən “Cücələrim” nəğməsi  dünya durduqca var olacaq,  bəstəkarına və xalqımıza tükənməz şöhrət gətirəcək... 

 

 Vaqif  TANRIVERDİYEV

 Gəncə