adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Dekabr 2022 12:44
1771
MÜSAHİBƏ

“Uşaq və yeni doğulmuşlarda diafraqma yırtıqları xüsusilə təhlükəli hesab olunur” - MÜSAHİBƏ

“Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizim də vətənimizdə uşaq və yeni doğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir”.

Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev qurumun rəsmi saytına torakal cərrahiyyə barədə müsahibəsində deyib. 

Mütəxəssis-ekspertin müsahibəsini təqdim edirik:

- Arif müəllim, torakal cərrahiyyə əməliyyatı nədir və bu əməliyyat necə icra olunur?

- Torakal cərrahiyyə döş qəfəsində yerləşən orqanların xəstəliklərini əhatə edən cərrahiyyə bölməsidir. Torakal cərrah ağciyər, plevra, traxeya və bronxlar, qabırğalar, döş sümüyü, perikard, diafraqma, qida borusu, timus vəzi, süd vəzi və qalxanvari (tiroid) vəzin bəzi xəstəlikləri, mediastinum dediyimiz divararalığı orqanların xəstəlikləri ilə məşğul olur.

Ən çox rast gəlinən ağciyərin infeksion xəstəlikləri (pnevmoniya, vərəm, ağciyər absesləri), plevrit (plevraya maye toplanması) və empiemalar, traxeya və bronxların xoş və bədxassəli daralmaları - stenozları, yad cisimləri, ağciyər qanaxmalarıdır.

Döş qəfəsi divarının xəstəlikləri arasında döş qəfəsi deformasiyaları, qabırğa və döş sümüyü sınıqları, törəmə (şişləri), perikar xoş (kistaları) və bədxassəli törəmələri, diafraqma yırtıqları, süd vəzinin törəmələri, mastitlərə daha çox rastlanır.

Mediastinum orqanları arasında daha çox mediastinal törəmələr - timomalar, mediatinal kistalar, qalxanvari vəzinin xoş və bədxassəli (xərçəngləri) törəmələri, iltihabi-infeksion xəstəliklər -mediastinitlər və limfa düyünlərinin böyüməsi ilə müşahidə olunan xəstəliklər (limfoma, sarkoidoz, limfadenitlər), “miasyeniya gravis” xəstəliyi, sinir mənşəli törəmələrlə daha çox rastlaşılır.

- Qida borusu xəstəlikləri az bilinən xəstəlikdir, sizcə, səbəbi nədir?

- Qida borusu xəstəliklərinə tez-tez rast gəlinsə də, bu xəstəliklər barədə fikirlər çox mürəkkəbdir. Qida borusunun xəstəlikləri müxtəlif qruplara bölündüyü üçün terapevtlər, qastroenteroloqlar, ümumi cərrahlar və torakal cərrahlar tərəfindən diaqnostika və müalicə olunur.

Ən çox rast gəlinən - qida borusuna yad cisim düşməsi, deşilmələr, reflüks, axalaziya, iltihabi xəstəliklər, divertikullar, kimyəvi yanıqlar və yanıq sonrası daralmalar, anadangəlmə inkişaf qüsurları (atreziyalar) xərçəngləridir ki, bunlardan da xərçəng xəstəliyi həyat üçün daha təhlükəli olması və mürəkkəbliyi ilə seçilir.

- Qida borusu xərçəngləri hansı hallarda cərrahi əməliyyat olunur?

- Qida borusu xərçəngləri dünya statistikasında rastgəlmə tezliyinə görə bütün xərçənglər arasında səkkizinci yeri tutur, xərçəngdən ölüm səbəbinə görə isə beşinci yerdə durduğunu nəzərə alsaq, proqnozun yaxşı olmadığını söyləyə bilərik.

Adətən, əlamətləri özünü qida qəbulunun çətinləşməsi şəklində büruzə verir və bu artıq xəstəliyin irəlilədiyinin işarəsidir. İnsanların müayinələrdən qorxusu və həkimlərə gec müraciət etmələri isə xəstəliyin erkən aşkarlanmasını əngəlləyən əsas faktorlardan hesab olunur. Diaqnozun qoyulması, əslində, çox çətinlik törətmədiyindən diaqnozun qoyuluşunda gecikmələrə nadir rastlana bilir. Adətən, diaqnostikası sadə endoskopik müayinə (qastroskopiya) ilə mümkündür. Lakin qida borusu xərçənginin müalicəsi nisbətən mürəkkəbdir və mütəxəssislərdən müasir bilik və peşəkarlıq tələb edir.

- Bəs qida borusu xərçənglərinin yaranma səbəbləri və risk faktorları hansılardır?

- Risk faktorları arasında qeyd etdiyimiz xəstəliklərdən olan reflüks xəstəliyi, spirtli içkilərdən müntəzəm, intensiv istifadə, tütün məmulatlarından - əsasən, siqaretdən istifadə, qıcıqlandırıcı və kəskin qidalardan istifadə, qaynar qidaların daimi-intensiv qəbulu, kimyəvi tərkibli suların daimi istifadəsi, müalicə edilməyən digər qida borusu xəstəlikləri əsas faktorlardan hesab edilir.

- Uşaqlarda qida borusu xəstəlikləri hansılardır və onların müalicə yolları hansılardır?

- Uşaqlarda qida borusu xəstəlikləri adətən, anadangəlmə, qüsurlarla əlaqəli olur. Lakin yad cisimlərin boruya düşməsi və təsadüfi kimyəvi yanıq törədəcək məhlulların istifadəsilə yaranmış problemlərə də çox sıx rast gəlinir. Bunlar cərrahi müdaxilə və əməliyyatlarla aradan qaldırılır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizim də vətənimizdə uşaq və yeni doğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir.

- Uşaqlarda və yetkin insanlarda hansı ağciyər kistaları müşahidə olunur?

- Torakal cərrahiyyənin aktual problemlərindən olan ağciyər xəstəlikləri arasında ağciyər kistaları xüsusilə uşaq və yeniyetmələr arasında daha çox yayılıb. Bunlar anadangəlmə və sonradan yaranmış olmaqla iki qrupa bölünür. Anadangəlmələr inkişaf qüsurlarına bağlı olduğundan, adətən, erkən dövrlərdə aşkarlanır və aradan qaldırılır. Lakin gənc və yetkin yaşlarda da rast gəlinə bilir. Qazanılma kistalar havalı və maye tərkibli olur. Havalı kistalar, adətən, pnevmotoraksla ağırlaşdıqda və ya təsadüfən aşkarlanır. Ölkəmizdə ağciyərlərin tək və ya çoxsaylı hidatik kistalarına daha çox rast gəlinir. Kistalar, adətən, xoşxassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatların icrası ilə aparılır.

Qeyd edim ki, əksər əməliyyatlar mini-invaziv endoskopik üsullarla icra edilir və ölkəmizdə bu sahədə mütəxəssislər mövcuddur.

- Uşaqlarda diafraqma yırtıqlarının erkən aşkarlanma yolları hansılardır və hansı ağırlaşmaları baş verə bilər?

- Uşaq və yeni doğulmuşlarda diafraqma yırtıqları xüsusilə təhlükəli hesab olunur. Bu zaman qarın boşluğu orqanları döş boşluğuna dislokasiya etdiyi üçün həyati vacib orqanlar olan ağciyər və ürək fəaliyyətinin kəskin pozulması ilə müşayiət olunur. Erkən diaqnostikası üçün bətndaxili dövründə ilkin ultrasonoqrafiya müayinə aparmaq faydalıdır, lakin bəzən çətinliklərlə qarşılaşmaq mümkündür. Bətndaxili dövrdə aşkarlanarsa, körpə dünyaya gələndə artıq cərrahi əməliyyat hazırlıqları görülməsi və erkən əməliyyat olunması ilə sonrakı ağırlaşmaları minimuma endirmək mümkündür. Baş verə biləcək ağırlaşmaları tənəffüs çatışmazlığı və buna bağlı süni tənəffüs aparatına qoşulma riskləri ilə yanaşı, boğulmuş yırtıqlardır, bunlar həyat üçün təhlükəli hesab edilir.