adalet.az header logo
  • Bakı -°C
08 Iyun 2026 12:30
82
GÜNDƏM
A- A+

"Uşaqlar görünməyən təhlükələrlə üz-üzədir" - Bahar Muradova

"Bu gün müzakirəyə çıxarılan qanun layihəsi çox vacib hüquqi dəyişiklikləri əks etdirən sənəd olmaqla, uşaqlarımızın gələcəyi, onların rəqəmsal mühitdə təhlükəsizliyi və dövlətimizin informasiya məkanının qorunması ilə bağlı məsələləri hədəfləyir".

Adalet.az xəbər verir ki, bunu parlamentin  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, artıq böyüməkdə olan gənc nəslin, xüsusən də uşaqların həyatı yalnız fiziki mühitlə məhdudlaşmır, indi onların  daha çox formalaşdığı əsas məkan rəqəmsal dünyadır.

"Rəqəmsal mühitdə reallıq  baxımından yanaşdıqda  uşaqlar internet, sosial şəbəkələr, onlayn platformalar və süni intellekt sistemləri vasitəsilə həm öyrənir, həm ünsiyyət qurur, həm də şəxsiyyət kimi formalaşırlar. Onlar həmçinin bu mühitdə görünməyən təhlükələrlə - dezinformasiya, zorakılıq və aqressiv məzmun, manipulyativ təsirlər, asılılıq yaradan rəqəmsal mexanizmlərlə üz-üzədir. Bu təsirlər isə yalnız fərdi deyil, həm də ciddi sosial nəticələr yaradır. Çünki bu  mühitdə formalaşan uşaq, sabah ailəmizin və cəmiyyətin dəyərlər sistemini gələcəyə  daşıyan vətəndaşlar olacaqlar. Hazırda bunu nəzərə alan dövlət yanaşması və qəbul edilmiş strateji qərarları dəyərləndirərək qeyd etmək lazımdır  ki, Azərbaycan Respublikasında bu sahə artıq sistemli dövlət siyasətinə çevrilib".

B.Muradova qeyd edib ki, uşağın rəqəmsal təhlükəsizliyi artıq ailə məsələsi deyil, həm də daha çox dövlətin üzərinə götürdüyü məsuliyyətdir:

"Sosial şəbəkələrdə yaş məhdudiyyəti hüquqi normaya çevrilir, uşaqların qeydiyyatı valideyn nəzarətinə bağlanır, platformalar üçün ciddi məsuliyyət sistemi formalaşır, fərdi məlumatların qorunması gücləndirilir. Bu isə, gəlin razılaşaq ki, sadəcə texniki tənzimləmə məsələsi deyil, uşagların rəqəmsal mühitdə necə qorunacağına dair çoxsaylı suallara verilən konkret cavabdır. Digər bir tərəfdən biz hesab edirik ki, gələcək mərhələdə informasiya sistemlərində fərdi məlumatların saxlanması vəziyyətinin aşkar edilməsi üçün müvafiq monitorinq və audit mexanizmləri də yaradılmalıdır.

Çünki qanunun gücü yalnız onun qəbulunda və normanı yaratmasında deyil — bu həm də daha çox onun icrasında özünü göstərir".