13 Sentyabr 2024 12:39
1065
MÜSAHİBƏ

Uşaqları ev yeməklərinin qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir:: 

- Emin müəllim, öncə bilmək istərdik ki, məktəblilərin sağlam qidalanması nə dərəcədə önəmlidir?

- Məktəblilərin qida qəbulu vərdişlərinin dəyişilməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir. Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideyinin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir.

Təəssüf ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etmək çox nadir hallarda rast gəlinir. Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır. Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar.

- Məktəb dövründə qidalanma uşaqların gələcək sağlamlığına necə təsir edə bilər?

- Məktəblilərin sağlam qidalanması onların gələcək inkişafı baxımından təhsillərindəki uğuru və gələcək sağlamlıqlarına təsir edə bilər. Müşahidələr göstərir ki, əksər hallarda xüsusi ilə uşaq və yeniyetmələr əsas qida mənbəyi olaraq fastfud kimi zərərli qidalara üstünlük verirlər.

- Sağlam qidalanma vərdişləri üçün vacib tövsiyələr hansılardır? Uşaqlarda sağlam qidalanma davranışını necə yaratmaq olar?

- Uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanması valideyinlərin müsbət nümunə göstərməsi ilə mümkündür. Əgər valideyinlər sağlam qidalanmaya riayət etmirlərsə, onda belə vərdişlərin qazanılmasına inam yaratmaq xeyli çətinləşir. Uşaqlar üçün televizora, videooyunlara və kompütera ayrılan vaxt dəqiq təyin edilməlidir. Belə vərdişlərə aludə olmaq adətən oturaq həyat tərzi sürmək və əlavə qida qəbul etməyə səbəb olur. Nəticədə, piylənmə və ürək–damar xəstəliklərinin yaranması riski artır. Uşaq və yeniyetmələrdə sağlam qidalanma haqqında düzgün təsəvvür yaradılmasına çalışılmalıdır. Bu məqsədlə, yeniyetmələrə qida hazırlanmasında və yeməklərin seçilməsində iştirak etmək imkanı yaradılmalıdır.

Ailə ilə birgə qida qəbulu sağlam qidalanma vərdişləri yaradır və ailə ilə keçirilən vaxt uşaqlar üçün çox əhəmiyyətlidir. Bu, uşaqda gündəlik sağlam qidalanma rejimi yaradır. Bütün bunlar sağlam qidalanma ideasını aşılıyır və onu həyat tərzinə çevirməyə imkan verir. Uşaqları qida maddələri ilə təşviq etməkdən çəkinmək lazımdır. Konfet və qəlyanaltılarla mükafatlandırma isə pis vərdişlərin formalaşmasına kömək edir. Yemək qəbulu bir ailə tədbiri kimi təşkil edilməlidir. Uşaqlarla bir masa başında oturduqda, onlarda sağlam olmayan qida qəbulu və ya həddindən artıq yemək şansı azalır

Uşaqların sağlamlığı üçün məsul olan tibb işçiləri tərəfindən şagirdlərin ürək-damar sisteminin normal inkişafına diqqət yetirilməsi, bədən kütlə indeksinin təyin edilməsi, arterial təzyiqin və qanda xolesterinin miqdarının ölçülməsi təmin olunmalıdır.

İmkan verilməlidir ki, uşaqlar müxtəlif fiziki aktivlik növlərini təcrübədən keçirsinlər və seçsinlər.

- Məktəblilərin qida rasionuna nələr daxil edilməlidir?

- Məktəblilərin yemək saatı əsasən nahar fasiləsi zamanı olur. Menyuda tərəvəz salatı, təbii meyvə şirəsi, alma və ya mövsümə uyğun meyvələr, həmçinin protein balansı üçün ət, toyuq və balıq ola bilər.

Amma unutmamaq lazımdır ki, uşaqların zehni və fiziki aktivliyini təmin etmək, şagirdin konsentrasiyasının dərsə yönəlməsi üçün səhərlər ac qalmamalı, səhər yeməyi mütləq yeyilməlidir.