adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 14:22
846
MƏMLƏKƏT

Üzü Füzuliyə... Daha 172 nəfər yurduna döndü - YENİLƏNİB

Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Adalet.az xəbər verir ki, 39 ailə olmaqla, 172 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

***

08:16

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Adalet.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.