Vardanyanın cinayət işi məhkəməyə göndərildi
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.