14 Iyul 2024 09:45
313
ƏDƏBİYYAT

Vəsimə İsmayılqızı: “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyi Ulu Öndərin xatirəsinə bir hədiyyədir"

Ulu Öndər Heydər Əliyevə hər bir Azərbaycan vətəndaşı kimi mənim də ehtiramım çox böyükdür. Dahi şəxsiyyət və müdrik siyasətçi haqqında kitab yazmaq çoxdankı arzum idi. Ümummilli Lider haqqında yazdığım çoxcildlik kitabı onun 100 illik yubileyi ilində tamamladım. Düşünürəm ki, bu nəşr Ulu Öndərin xatirəsinə bir hədiyyədir.

Adalet.az xəbər ki, bunu “Heydər Əliyevin vətən səfərləri” çoxcildliyinin müəllifi, yazıçı-publisist Vəsimə İsmayılqızı jurnalistlərə müsahibəsində deyib.

Yazıçı-publisist çoxcildliyin uzun müddətə və zəhmət hesabına başa gəldiyini bildirib. Onun sözlərinə görə, üç seriyadan ibarət olan nəşrdə tariximizin müxtəlif mərhələləri əks olunub. Ensiklopedik toplunun birinci kitabı Ulu Öndərin respublikaya rəhbərlik etdiyi birinci dövrü əhatə edir. İkinci kitab Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin 20 illik dövrü ilə bağlıdır. Nəşrdə Vətən müharibəsindəki Zəfərimizdən, dövlət-ordu-xalq birliyindən da bəhs edildiyini diqqətə çatdıran V.İsmayılqızı bu seriyadan olan bütün cildlərin ensiklopedik toplu meyarlarına uyğun hazırlandığını qeyd edib.

“Doğulduğum bölgənin tarixi, toponimləri, etnoqrafiyası və görkəmli şəxsiyyətlərindən bəhs edən “Goranboy” ensiklopedik toplusunun 2000-ci ildə nəşrindən sonra ensiklopedik kitab yazmaq həvəsim daha da artıb. İkinci ensiklopedik kitabım 2010-cu ildə nəşr olunub və Beyləqan haqqındadır. “Heydər Əliyevin vətən səfərləri” nəşri də ensiklopedik topludur. Belə kitablar yaddaş xarakterlidir və tariximizi yaşatmaq üçün vacıbdir”, - deyə yazıçı-publisist vurğulayıb.