“Dünyanın mədəniyyət bazarında yoxuq”

“Dünyanın mədəniyyət bazarında yoxuq. Yolumuz düşəndə də ancaq almaq üçün gedirik. Səbəbi uzun illər ərzində folkloru mədəniyyətlə eyniləşdirməyimizdir. Lap açıq desək, folklorla mədəniyyətin fərqini bilməməyimizidir. Folklor bir xalqın müəllifi olduğu maddi-mənəvi irsdir. Xalqın yalnız öz ehtiyacları üçün yaratdığı nə varsa, folklordur”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Yazıçının sözlərinə görə, mədəniyyət isə xalqların ortaq yaradıcılığıdır:
“Mədəniyyət folklorların cəmidir. Folklor bəşəri mövzulara milli münasibətdir, mədəniyyət bəşəri mövzulara bəşəri münasibətdir. Folklorun milliyyəti var, mədəniyyət isə kosmopolitdir. Məsələn, aşıq sənəti folklordur, muğam mədəniyyət. Folklor yaradıcılığında milli şüur öz ehtiyaclarına qapanır, özünü kənar təsirlərdən qoruyur. Mədəniyyət isə bir çox xalqın birgəyaşayış ehtiyaclarını bölüşür. Folklorun ixracı və idxalı mümkün deyil, mədəniyyətin isə həm ixracı, həm idxalı mümkündür. Dünya mədəniyyət bazarına çıxarılan məhsul folklorik deyil, o bazarda mədəniyyətə aid məhsullar satılır.
Biz uzun müddət folkloru mədəniyyət hesab etdiyimizdən mədəni deyil, milli yaradıcılığa önəm vermişik. Yəni ictimai sərmayəni romana deyil, gəraylılaya yatırmışıq. Onun da özümüzdən başqa alıcısı yoxdur. İctimai şüurumuz mədəni deyil, milli olmağa fokuslandığından mədəni məhsul istehsalında çox geridə qalmışıq. Biz simfonik musiqi yaratmaqla Avropa mədəniyyətiylə rəqabətə girməmişik, onun arxasınca getməyi düşünmüşük.
Bazar isə rəqabət meydanıdır, istər mədəniyyət bazarı olsun, istər gödəniyyət. Biz dünyanın mədəniyyət bazarında ona görə yoxuq ki, o bazardakı rəqabətə dözə biləcək mədəni məhsullarımız yoxdur. Bu, o demək deyil ki, biz mədəniyyət sarıdan kasıb camaatıq. Burada vacib olan ictimai şüurun yönünü dəyişməkdir. Adamlara başa salmaq lazımdır ki, yüz manat zurnanın deşiyinə soxanda, üç manat da romanın cibinə basmaq laxımdır”.
Vasif ƏLİHÜSEYN