30 Noyabr 2023 09:32
1098
İDMAN

İHİF-in Səudiyyə Ərəbistanında bir sıra mühüm görüşləri baş tutub 

26-30 noyabr 2023-cü il tarixlərində Ərəbistanının Ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bir sıra əhəmiyyətli görüşləri baş tutub. İlk olaraq, qurumun prezidenti Əbdüləziz Bin Turki Əl-Feysalın rəhbərliyi altında İHİF Baş Assambleyasının 12-ci iclası, eyni zamanda İHİF İcraiyyə Komitəsinin növbəti sessiyası keçirilib. Sessiyalar zamanı İHİF-in gələcək strateji planı, büdcə məsələləri, VI İslam Həmrəyliyi Oyunlarına namizəd şəhərin təqdimatı, İHİF Əsasnaməsinə ediləcək düzəlişlər, 2029-cu ildə keçiriləcək 7-ci İslam Həmrəyliyi Oyunları üçün ev sahibliyi prosesi və s. kimi bəzi aktual məsələlər ətrafında müzakirələr aparılıb. Daha sonra İHİF-in yeni loqosu və brendinqi tədbir iştirakçılarına təqdim olunub. 

Millət vəkili Könül Nurullayeva, İHİF-in VI İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Təftiş Komitəsinin sədri kimi, namizəd şəhər olan Ər-Riyadın Oyunlara hazırlıq səviyyəsi ilə bağlı üzv MOK nümayəndələri qarşısında hesabatla çıxış edib. Çıxışı zamanı K.Nurullayeva ev sahibi şəhərin seçim prosesi barədə tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Ər-Riyad 2025-ci ildə keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün böyük potensiala malikdir.
Daha sonra İHİF Baş Assambleyasının təşkil etdiyi seminarda "İHİF-in təşkilatı kimliyi və strateji istiqaməti", "İHİF-in Strateji fokus sahələri və müdaxilələrin dizaynı" və "İslam Həmrəyliyi Oyunları - Təkamül Proqramı" məsələləri üzrə fikir mübadiləsi aparılıb. K.Nurullayeva da sessiyada çıxış edərək Milli Olimpiya Komitələrinin nümayəndələrinə təşkilatın yeni strategiyası ilə bağlı öz mövqeyini bildirib, onların bu konsepsiyasının formalaşmasında rolunun nə qədər vacib olduğunu vurğulayıb.

İHİF rəsmiləri və MOK təmsilçiləri Krallığa səfərləri çərçivəsində, eyni zamanda II Səudiyyə Oyunlarını izləmək şansı da əldə ediblər. Könül Nurullayeva mətbuat nümayəndələrinə açıqlamasında qeyd edib ki, İHİF Təftiş Komitəsi üzvləri və MOK nümayəndələri ilə birgə II Səudiyyə Oyunlarını izləmək olduqca əhəmiyyətlidir: “Çünki biz artıq Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının keçirilmə imkanlarını əyani şəkildə araşdırıb, yarışların 2025-ci ildə necə keçiləcəyinin canlı şahidi olacağıq.”Nəzərinizə çatdıraq ki, Təftiş Komitəsinin sədri Könül Nurullayeva idman və qeyri-idman obyektlərinə baş çəkib, II Səudiyyə Oyunları və Dünya Kombat Oyunlarının Təşkilat Komitəsinin üzvləri ilə görüşüb, orada keçirilən yarışları yerindəcə izləyib, mövcud vəziyyətlə yaxından tanış olub. Eyni zamanda məlumat üçün qeyd edək ki, II Səudiyyə Oyunları 6000-dən çox idmançının 53-dən çox idman növü üzrə yarışdığı milli idman turniridir. Oyunlar Krallığın "Vision 2030" proqramı çərçivəsində qarşıya qoyduğu məqsədlərə nail olmaq məqsədi ilə keçirilir.