12 Fevral 2024 10:53
805
ƏDƏBİYYAT

Vicdanın qulu, tamahın ağası olan gözəl - Şırxan Aranlı yazır

(sənədli hekayə, olmuş əhvalat)

Gülnaz xanım bu gün görəcəyi vacib işi axşamdan götür-qoy etmiş, bankdan kredit götürməyi qəti qərara almışdı. Kredit pulu evdə istilik sisteminin yenidən çəkilməsi üçün lazım idi.

Bakı şəhərində Alatava deyilən ərazidə, Hərbi qospitalın yaxınlığında həyət evlərinin birində yaşayırdı Gülnaz xanım. İki balaca otaqdan ibarət olan bu evi Natiq onunla evlənməmişdən bir il əvvəl almışdı toyqabağı onun qabağında balaca bir mətbəxdə düzəltmişdi. Otaqlar iç-içə, qonşunun evinə bitişik olduğundan içri otağın pəncərəsi həyətə yox, qabaqdakı otağın içinə açılırdı. Ona görə də içəri otaq həmişə rütubətli və qaranlıq olurdu. Gülnaz xanım bu evə gəlin gələndən sonra elə bil otaqlar böyümüş, işıqlanıb gözəlləşmiş, içəri otağın rütubəti də çəkilmişdi. Əslində onun  qadın səliqə-səhmanı, zövqlü evdarlığı bu kiçik otaqlara bir gözəllik vermişdi. Ömür-gün yoldaşı Natiqlə xoşbəxt, qayğısız günlər yaşayırdılar bu daş divarlar arasında. Bir il keçmiş Tanrı onların bəxtəvərliyinə bir oğul payı da qismət elədi. Gülnaz xanım heç bilməzdi ki, gün gələcək, bir gün o, bu evdə tək-Natiqsiz yaşayacaq. Heç yuxusuna da gəlməzdi. Ancaq gəldi. İki min iyirminci ilin noyabrında, soyuq bir payız günü. Xocavənddə döyüş cəbhəsində şəhidlik xəbəri gəldi Natiqin. Gülnaz xanımın isti bahar ömrünə soyuq payız ömrü calandı. Nənələr demiş, saçının birini ağ, birini qara hördü.

Müharibə başlayan gündən qərar tuta bilməyən, çağırış məntəqəsini su yoluna döndərən gizir Natiq Baxşəliyev axır ki, bir gün narahatlıqdan sovuşdu, arzuladığı cəbhəyə qovuşdu. Cəbhə çantasını çiyninə keçirib qapıdan çıxanda göz yaşını gizlətməyə çalışan Gülnazını öpüb: “Gülüm balamı sənə, səni Allaha tapşırıram” – deyib gedər gəlməz yola düşdü. Ancaq bu yoldan özü qayıtmadı. “Vətən uğrunda”, “Fizulinin alınmasına görə”, “Xocavəndin alınmasına görə” medalları ilə bəzənmiş şəhid tabutu qayıtdı.

... Axşamdan bəri fikir-xəyalın çapar atı ilə aranı dağa, dağı arana qatan Gülnaz xanım nakam ömür gün yoldaşının elə bu sözləri “Gülüm balamı sənə, səni Allaha tapşırıram” əmanəti onu bankdan kredit götürməyə sövq edirdi. Balaca Namiq neçə gün idi ki, yoluxucu xəstəliyə, qızılcaya tutulmuşdu, qızdırması düşmürdü. Qışın qarlı, şaxtalı günündə evdə istilik sistemi işləmədiyindən otaqlar çox soyuq idi. Atalar demişkən hələ qışın oğlan çağı qabaqda idi. Evdə kişi olmadığından evin kişi işidə Gülnaz xanımın üzərinə düşmüşdü. Dünən qonşunun vasitəsi ilə çağırtdığı usta evdə istilik sistemini yoxlayıb dediki:

- Xanım metal su boruları çoxdan çəkildiyindən neçə yerdən çürüyüb, su buraxır, poluetilen borular lazımdır qızdırıcı aparatda dəyişməlidir.

Ustanın sözündən heyrətlənən Gülnaz xanım həyəcanını gizlədə bilmədi:

- Nə danışırsınız usta, demək bunlar hamısı dəyişilməlidir?! Xərci nə qədər edər?

Görünür usta insaflı adam imiş. Divarda qara haşiyəli böyük çərçivədə yaxası medallı, hərbi geyimli cavan oğlan şəklini görüb bildiki bura şəhid ailəsidir, istər-istəməz ürəyi qorlandı:

- Bacı Allah rəhmət eləsin. Görürəm şəhid ailəsisiniz, təkcə material xərci min manatdan bir qədər çox edər. Mənə də heç nə lazım deyil, gəlib çəkərəm.

- Elə şey olmaz qardaş, zəhmət çəkəcəksiniz, sizində zəhmət haqqınız  nə qədər edər deyin.

- Bacım şəhidlərin yolunda zəhmət çəkmək hər kəsin borcudur. Onda az miqdarda nə imkanınız olar, yüngül hörmət edərsiniz.

- Yaxşı. Qonşumun əri sizi çağırmışdı onda telefon nömrənizi verin, lazım olanda zəng edim. Pulunu verərəm gedib materialı da özünüz alarsınız.

- Nə deyirəm bacı, oldu.

Usta xudahisləşib gedəndən sonra Gülnaz xanım çox götür-qoy edib yeganə çıxış yolunu bankdan kredit götürməkdə gördü. Çünki aldığı şəhid təqaüdü ilə bu işi görmək mümkün deyildi.

... Səhər bir qədər yır-yığış edib ev işlərini görəndən sonra banka getmək üçün geyinib evdən çıxanda balaca xəstə Namiqə yataqdan durmamağı bərk-bərk tapşırdı. Kredit götürmək üçün evlərinə bir qədər yaxın olan, həm də qonşu Səlimə xalanın qızı işlədiyi AzərTürk banka üz tutdu.

Xoş təsadüfən bankda çox ləngimədi. Şəhid ailəsi olduğundan burada onu növbədən kənar yola saldılar. İki min manat kredit pulu alıb bankdan çıxdı. İnqilab küçəsi ilə evlərinə doğru tələsdi. Balaca, xəstə oğlundan narahat idi. Birdən iki metr qabaqda gözünə dəyən topa dollar pul diqqətini çəkdi. Gözləri balacalandı. Gördüyünə əvvəl o qədər də inanmadı, bəlkə saxta puldur? Yaxınlaşıb nəzər saldı. Hiss etdiki ayağının ucunda yerə tökülən saxta pula oxşamır. Ətrafa baxdı. Gəlib-gedən yox idi. Hədsiz həyəcanla əyilib yerdən pulu götürdü. Diqqətlə baxdı. Bankda surğuclanmış bir paçka yüzlük dollar, bundan başqa ayrıca bükülü min yeddi yüz dollar pul idi. İyirmi min manat həddində pul ehtiyacdan iki min manat kredit pul götürmüş cavan, başsız şəhid qadını əlini sanki köz kimi yandırırdı. Yenidən ətrafa nəzər saldı. Heç kəs yox idi. Havanın soyuqluğuna baxmayaraq isti tər bütün bədənini gizildədi. Özgə pulunu əlində saxlamaq ona hədsiz ağır gəlirdi. Elə düşünürdü ki, bu dəqiqə polis gəlib oğru kimi onu yaxalayacaq. Yaxud pul sahibi özünü yetirib deyəcək: “Mənim pulumdur, ver pulumu”. Axı pul sahibi kimdir? Bəlkə ehtiyacdan müəyyən əmlakını satmış imkansız bir adamın dar günlük puludur?! Bəlkə ölüm ayağında olan, son ümidi bu pula dikilən ağır bir xəstənin müalicə puludur?! Həyəcandan yanmış ocaq kimi qorlanan şəhid qadını daxili aləmi ilə baş-başa öz-özü ilə danışır, ağlı, düşüncəsi və vicdanı  ilə mühakimə edirdi, ancaq şeytan cildinə girmiş tamahı yaxın buraxmırdı. ... “Yaxşı bəs bu pulu neyləyim?! Çoxda görən olmayıb və ehtiyacım var. Mən bu pulu özümə götürə bilmərəm, zəhər olub boğazıma tökülər. Natiqin ruhu gəzən evə aparsam, onun ruhu məni bağışlamaz, o  dünyada yanına üzüqara gedərəm. Onda bəs neyləyim? Bəlkə yaxında olan mağazaya gedib orada sahibini soraqlayım? Bəlkə haqq-nahaq kimlərsə deyəcək mənim pulumdur, mənim pulumdur. Bəlkə elə burada, küçənin ortasında durum sahibini gözləyimki nə vaxtsa gələr? Axı evdə xəstə uşaq qoyub gəlmişəm, özümdə tələsirəm. Bəlkə, bəlkə, bəlkə”... Bu bəlkələr onu puldan betər üzürdü...

Birdən yadına bir nəfər düşdü. Həmişə şəhid, qazi ailəsinə arxa-dayaq olan “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanova zəng edib ondan məsləhət almaq.Axı prezident təqaüdçüsü, nəğməkar şair olan Cəlal Qurbanov kimsəsizlərin kimsəsi, köməksizlərin köməyi, haqqın səsiydi.

Gülnaz xanım zəng edib vəziyyəti Cəlal müəllimə bildirdi. Cəlal müəllim ani düşüncədən sonra dedi:

- Bunu fərdi qayda da soraqlamaq olmaz. Ola bilər pul düzgün ünvana çatmasın. Axı böyük məbləğdir. Ona görə də onun axtarışını geniş, ictimai dairədə aparmaq lazımdır. Mən bu barədə ATV kanalına “Bizimləsən” proqramının rəhbəri Zaur Baxşəliyevə zəng edib deyəcəm. Bu gün saat 1500-da veriliş başlayacaq, pulu götürüb gedərsən ora.

- Baş üstə. Allah köməyiniz olsun. Bir çıxış yolu tapa bilmirdim.

Gülnaz xanımın üstündən elə bil ağır yük götürüldü, rahat olub evə gəldi. Oğlu yataqda yatmışdı əyilib üzündən öpdü. Bir ucu çarpayıdan yerə sürüşən yorğanı üstünə çəkdi. Vaxt itirmədən mətbəxə keçib uşağa şorba hazırlamağa başladı.

Oğlu ilə bərabər günorta naharı edib qabları yuyandan sonra arxayın oturub verilişin başlayacağı vaxtı gözlədi. Ötən bir saat vaxt ona çox uzun gəldi. Gözü saatın əqrəbində qalmışdı. Elə bil əqrəbdən də daş asılmışdı getmək bilmirdi. Nəhayət axırkı gözlədiyi zaman yetişdi. Taksi sifariş edib televiziya studiyasına “Bizimləsən” proqramına getdi.

Canlı veriliş gedirdi. Verilişin rəhbəri və çox istedadlı aparıcısı Zaur Baxşəliyev Gülnaz xanımı efirdə olanlara və çoxsaylı tamaşaçılara təqdim edib gəlişinin səbəbini bildirəndə salonda olanlar onu alqışlarla qarşıladılar. Oturanların mehriban nəzərləri gözəl görkəmli qayğılı baxışlı, nur üzlü fədakar qadına zilləndi. Baxışların hərarəti ocaq istisi kimi ona qarsdı, girdə yanaqları lalə kimi qızardı

Az keçmiş studiyaya zənglər axışmağa başladı. Neçə nəfər pul itirdiyini bildirdi. Ancaq bir nəfərin zəngi dəqiq ünvandan xəbər verdi. Zəng sahibi pulu harada itirdiyini pulun məbləğini, hansı qaydada olduğunu dedi. Mikrafona verilən telefon məlumatına eşidəndə elə bil qəflətən Gülnaz xanımın bütün bədəni təlatümə gəldi. Sevincindən qışqırmağını güclə saxladı:

- Odur, odur – deyə pul sahibinin tapıldığını bildirdi.

Aparıcının:

- Gülnaz xanım məlumatlar tam uyğun gəlirmi?

Hədsiz sevinc hissi ilə:

- Bəli, tamamilə doğrudur – dedi.

Zaur Baxşəliyev zəng edəni – pul sahibini studiyaya dəvət etdi. Həmin adam gəlib reklam olunmasını istəməsə də aparıcının təkidindən sonra razılaşmalı oldu. Efirdə ani bir sükut yarandı. Salonda olanlar Gülnaz xanımdan gözünü çəkmirdi. Dillər sussa da hər kəsin ürəyindən bir fikir keçirdi. “Halal olsun qadına, çox böyük ürəyi varmış”, “Sağ olsun, bunu hər kəs edə bilməzdi”, “Böyüdüb tərbiyə verənləri sağ olsun, belə qız böyüdüb”, “Eh, ağlı yoxdur, vallah mən verməzdim”, “Ağlı yoxdu e... puldu, tapmısan görəndə olmayıb, başsız qadınsan, yüz dərdi-sərin var, qoy başının altına xımır-xımır xərclə”...

... Az sonra studiyaya 40-45 yaşlı, bir az hündür boylu ağsifət bir oğlan daxil oldu. Peşəsinin səriştəli vurğunu olan aparıcı əlüstü gələn qonağı sorğu-suala tutdu:

- Adın nədir, nə sənət sahibisən?

Oğlan sıxıla-sıxıla:

- Adım Mürşüddür, özümdə kiçik bir iş adamıyam.

- Çox gözəl, bu qədər böyük məbləğdə pulu üstündə niyə gəzdirirdin ki, indi də itirmisən. O, pulu neyləyəcəkdin?

- Türkiyədə xəstəxanada müalicə olunan yaxın bir dostuma kömək üçün göndərəcəkdim. Ona görə də milli pulu gətirib AzərTürk bankda dollara dəyişdim ki, dostuma göndərim. Bu da onun dollara dəyişmə qəbzi, bankdan almışam. (oğlan qəbzi göstərir) Ancaq necə olubsa bankdan bir qədər aralanmış pul cibimdən düşüb, bilməmişəm.

- Türkiyədə olan dostun səndən bu pulu gözləyirdi, onunla danışıb vəziyyəti dedinmi?

- Dedim, ancaq hiss etdim ki, inanmadı. Sağ olun ki, məni dost minnətindən qurtardınız.

- Biz qurtarmamışıq, o, xanım qurtarıb – Gülnaz xanımı göstərdi.

Həyəcandan çətinliklə danışan oğlan xilaskarını – Gülnaz xanımı indi gördü:

- Çox sağolun bacı. Yaxşı məni dost minnətindən, dost tənəsindən qurtardınız.

- Siz sağolunki, mənim üstümdən bu narahatlıq yükünü götürdünüz.

Mən və mənim övladım o pulu yeyə bilməzdik. Şəhid ruhu olan evə o pul girə bilməzdi.

Salonda hamı riqqətə gəlmişdi. Bu dəqiqələrdə salonda oturanların hər biri bu əlçatmaz xeyirxahlığı, insanpərvərliyi alqışlamaqla özləri də onlar kimi olmaq istəyirdi. Düzgün, halal tamahının ağası!

Aparıcı xoş minnətdarlıq duyğularını ərmağan etdi:

Yaxşıları yaxşı qoru Xudaya,

Kərəmində saxla elə kəsləri ...

Hər ikisi – pulu itirən və pulu tapan xeyirxahlar salondakıların xoş nəzərləri, mehriban baxışlarının müşayəti ilə salonu tərk etdilər ...

 

 

08 fevral 2024