“Vyetnam liderinin Azərbaycana səfəri münasibətlərimizin inkişafında yeni üfüqlər açacaq”

“Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşməsi həm Avropa, həm də Asiya ölkələrinin rəsmi Bakı ilə əməkdaşlığa can atmasını şərtləndirən əsas faktorlardan biridir. Cənub-Şərqi Asiya ölkələrinin də Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməsi bu baxımdan diqqət cəlb edir. May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri də məhz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur”.
Bunu Adalet.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu səfərindən sonra Asiyanın aparıcı ölkələrindən birinin liderinin Bakıya səfər etməsi təsadüfi deyil: “Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətləri mövcuddur və bu mənada Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Sürətlə inkişaf edən, xüsusilə də, tibb, texnologiya sahəsində innovativ sıçrayışlar əldə edən Vyetnam bizdən xeyli uzaq məsafədə yerləşsə də, iqtisadi, enerji və nəqliyyat məsələlərində Azərbaycanla əməkdaşlığa üstünlük verir. Cənab Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də qeyd etdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Xo Şi Min Azərbaycana səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev Vyetnamda səfərdə olub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərdəki yaxınlığın göstəricisidir. Bu gün Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli sahələrindən biri də təhsildir. Hələ sovetlər dönəmində Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq mövcud olub. Vaxtilə Azərbaycanın ali məktəblərində təhsil almış vyetnamlılar bu gün ölkələrində yüksək vəzifələrdə çalışırlar. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir və bunlar ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək”.
Deputat qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq həmişə yüksək səviyyədə olub: "2013-cü ildən başlayaraq Vyetnam Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupu, Milli Məclisdə isə Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir, həmçinin Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası mövcuddur. Hanoy şəhərində isə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. Bu qurumlar iki ölkə arasında əlaqələrin davamlı inkişafında mühüm rol oynayırlar. Düşünürəm ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın daha da gücləndirəcək. Bu səfər münasibətlərin yeni mərhələdə yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq və münasibətlərimizin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq”.
Digər Xəbərlər

İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ - FOTO

Konqresmenlər Trampa qarşı: Soyqırımı tanı, Azərbaycana sanksiya tətbiq et...

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq
