adalet.az header logo
  • Bakı -°C
18 Fevral 2026 14:36
95
HÜQUQ
A- A+

"WhatsApp" yazışmalarının izlənilməsi qadağandır

Şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır.

Adalet.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqeyində bildirilib.

Plenum qərarında qeyd edilib ki, şəxsi yazışmaların toxunulmazlığı hüququ hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir.

"Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur".

Bununla belə qərarda vurğulanıb ki, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Qərarda qeyd olunub ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər:

"Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər".

Ali Məhkəmənin Plenumunda bildirilib ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır.