18 Avqust 2025 08:52
84
HADİSƏ

Xaçmazda qəza: Sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Adalet.az FHN-ə istinadla xəbər verir.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.