Xalid KAZIMLI: 10 min kişi tərəfindən nişanlısı söyülən futbolçu....

XALİD KAZIMLI
35335 | 2018-10-18 10:29

"Mozalan” satirik kinojurnalının sovet dövründə çəkdiyi bir yumoristik süjet var, futboldan bəhs edir.

Süjetin məzmunu belədir: bir futbolçu olur, hücumda oynayır. Elə olur ki, bu hərdən topu düz qəbul edə, rəqibini keçə, qol vura bilmir. Yəni futbolun fitrətində olan şeylər. Ancaq daima bilet alıb lap öndə oturan bir azarkeş hücumçunun bu uğursuzluqlarına təhəmmül edə bilmir, hər dəfə ayağa qalxır, onu söyüb biabır edir. Hücumçu isə başını qaldırıb o qızğın azarkeşə baxır, bir söz demir, topun dalınca qaçır.

Bir gün o azarkeş - fabrikdə çalışan ayaqqabı ustası əlində iş gördüyü yerdə həmin futbolçu girir içəri, təzə aldığı əyiş-üyüş ayaqqabıları atır çəkməçi azarkeşin üstünə və "bu nə yarıtmaz işdir, görürsən”, - deyə ona dişinin dibindən çıxanı deyir, daha dəqiqi, onun stadionda söydüyü söyüşləri özünə qaytarır.

Süjetin müəllifləri hələ 30 il öncə demək istəyirdilər ki, o adam hamıdan yüksək keyfiyyətli iş tələb edə bilər ki, özü də o cür iş görsün.

Ona görə də gəlin özümüzü qaldırıb dağın başına qoymayaq, səhiyyəmiz, təhsilimiz, ticarətimiz, jurnalistikamız nə gündədirsə, futbolumuz da o gündədir.

Qol vura bilməyən futbolçuya "yuuuh” deməyə nə var ki... Oturursan rahat skamyada, tum çırtlaya-çırtlaya, tamaşaya baxırsan, arada emosiyalara dəm verirsən, amma meydanda 90 dəqiqə boyunca qaçan, alnının təri dabanında süzülən futbolçu ağzı ilə quş tutmalıdır ki, sən sevinəsən.

Deyəcəklər ki, onun da işi budur. Bəli, futbolçunun da işi budur: top qovmalıdır, qol vurmalıdır. Amma nəzərə alaq ki, bu, olduqca çətin işdir. Çünki meydanda həmin topu qovan və "diri tutmaq” istəyən daha 11 rəqib var. Sən iki dəqiqədən bir onlarla baş-başa toqquşmalısan, bel-belə dəyməlisən. Hələ bunun badalağa tuş gəlməyi, havadaykən dürtmə yeməyi, 90 kiloluq, ikimetrlik rəqibin çiyin zərbəsinə tab gətirməyi və sair və ilaxır xoşagəlməz şeyləri var. Topu ayağında bir saniyə artıq saxlayırsan, sürüşmə fəndi edib ayağını qoparırlar, bir saniyə tez atırsan, rəqibin əlinə keçir, öz azarkeşin "yuuuh” deyir, fitə basır.

Yeri gəlmişkən, biz də bu hərəkəti son vaxtlar öyrənmişik, yeri gəldi-gəlmədi, bağırırıq: "Yuuuuh”.

Belə olanda da ölkə futbolunun ən istedadlı, ümid verən gənclərindən biri (məsələn, Mahir Mədətov) gedib geyinib-soyunma otağında ağlayır. O, bunu haqq etmir axı. O gənc matçda oynadığı dəqiqələrdə bir saniyə belə nəfəs dərmədən qaçır, rəqibdən top alır, gözəl ötürmələr edir və s. Onun bircə minusu var ki, qol vura bilmir, əlverişli fürsətləri qaçırır, o da zamanla düzələcək. Heç Messi də qol vurmağı anası Seliya Mariyanın qucağında öyrənməyib, oynaya-oynaya, püxtələşə-püxtələşə öyrənib.

Bu baxımdan biz azarkeşlər bir az emosiyalarımızı cilovlasaq, yaxşıdır.

Stadiondakı tərbiyəsizliklər barədə bir xatirəm var. Biz yeniyetmə olanda "Neftçi”yə bir gənc futbolçu transfer olunmuşdu, ilk matçlarda 2-3 qol vuraraq ad çıxarmış, dolayısı ilə özünü zibilə salmışdı. O vaxtın qəzetlərindən biri bu parlaq gəncdən müsahibə almışdı və o da suallara cavab verərkən ailə vəziyyətindən də danışmış, demişdi ki, subaydır, amma nişanlıdır, nişanlısının da adı filankəsdir (ad yadımdadır, bilərəkdən yazmıram). İki-üç gündən sonra həmin futbolçu növbəti matçda yaxşı oynaya bilmədi. Rəqib Moskvanın güclü komandalarından biri idi, nəinki gənc forvardı, heç İsgəndər Cavadov kimi əjdahanı da ayaq açmağa qoymurdular.

Bəs bu durumda azarkeşlər neylədi? Heç nə. Birdən-birə minlərlə kişi ayağa qalxır, həmin gəncin nişanlısının adını çəkir, məhz onu söyürdülər. Yazıq futbolçu qalmışdı kənarda, söyülən onun hələ gəlinlik geyməmiş nişanlısı idi.

İndi budurmu azarkeşlik? Budurmu futboldan zövq almaq? Xeyr, futbolçuya, məşqçiyə söymək, sadəcə olaraq, tərbiyəsizlikdir, oxumuş adamlar kimi desək, vəhşi instinktlərin eybəcər təzahürüdür.

Unutmayaq ki, həmin futbolçu bir gün - söyüşcül azarkeşin iş yerinə gələr, adamın gördüyü işə baxar, məsələn, onu santexnik olmağına peşman edər.

Heç bir oyun bir gənc futbolçunun göz yaşlarına dəyməz. Futbol müharibə deyil, onda uduzmaqla uzağı XAL itirirsən, müharibədə uduzmaq pisdir - XALQ gedir...


TƏQVİM / ARXİV